Məsləkul-vəsaqə
Məsləkul-vəsaqə
Məsləkul-vəsaqə - xəbəri-vahid olan (mütəvatir olmayan) hədisin mötəbər sayılması barədə əsas iki məbnadan biridir. Bu görüşə əsasən, nəql edilmiş hədisin mötəbər olması üçün əsas şərt onun ravilərinin siqə (etimad olunan şəxs) olmasıdır. Bəzi alimlər isə ravinin adil olmasını, yəni zahirdə şəriətin qoyduğu qayda-qanunlara əməl edən biri olmasını şərt biliblər. Bu məbnaya əsasən, hədisin mötəbər olması üçün nəql edilmiş mətnin doğruluğuna əminliyin hasil olması şərt deyil. Yəni nəql olunmuş xəbərin raviləri etimad olunan (siqə) şəxs olduğu təqdirdə o xəbər artıq mötəbər sayılır. Onun mətninin doğru olmasına əminlik hasil olmasa belə. Məhz bununla məsləkul-vəsaqə məbnası məsləkul-vüsuq məbnasından fərqlənmiş olur. Demək, məsləkul-vəsaqə məbnasına əsasən, siqə (güvənilən) ravi (və ya ravilər) tərəfindən məsumdan hədis nəql olunarsa, o hədis höccət sayılır və ona əməl olunmalıdır. Hədisin mətninin qəribə olması, yaxud mətnin həqiqətə uyğun olmasına əminliyin yaranmaması onun höccət olmasına mane olmur. Bütün bunlarla yanaşı qeyd etməliyik ki, nəql olunmuş hədisin mətninin həqiqətə uyğun olmamasına yəqinimiz və ya itminanımız (əminliyimiz) olduğu halda məsləkul-vəsaqə məbnasına əsasən də hədis etibarlı sayılmayacaq. Buna səbəb isə xəbəri-vahid halında nəql olunmuş hədisin zənn ifadə etməsi, mətnin həqiqətə uyğun olmamasına isə yəqinimizin və ya əminliyimizin olmasıdır. Bu halda yəqin və itminan (əminlik) zəndən üstün olduğu üçün önə keçəcək və biz yəqinimiz və ya əminliyimiz olan məlumata əməl etməli olacağıq. Məsləkul-vəsaqə mütəəxxir (son dövr) alimlərdən bir çoxunun qəbul etdiyi bir yoldur. Buna misal olaraq isə Seyid Əbülqasim Xoyini və onun tələbəsi olmuş bir çox böyük alimləri göstərmək olar.
Copyright 2025 Hadis.Az