Vüsuq
Vüsuq
Məsləkul-vüsuq - xəbəri-vahid olan (mütəvatir olmayan) hədisin mötəbər sayılması barədə əsas iki məbnadan biridir. Bu görüşə əsasən, nəql edilmiş hədisin mötəbər olması üçün onun ravilərinin siqə (etimad olunan şəxs) olması şərt deyil. Hədisin mötəbər olması üçün əsas şərt nəql edilmiş mətnin doğruluğuna əminliyin hasil olmasıdır. Bu əminlik bəzən hədisi nəql edən ravinin özünün siqə (etimad olunan) ravi olması və nəql etdiyi digər mətnlərin həqiqətə uyğun olmayan məlumatlardan uzaq olmasından meydana gələ bilər, bəzən isə ravinin bu cür xüsusiyyətlərə malik olmadığı halda hədisin xaricində olan, onun mətninin doğruluğuna şahidlik edən əlamətlərdən qaynaqlanmış ola bilər. Deməli, məsləkul-vüsuq məbnasına əsasən, müəyyən hallarda hədisin bütün ravilərinin siqə və doğru danışan biri olmasına baxmayaraq, hədis mötəbər sayılmaya bilər. Buna səbəb həmin ravilərin nəql etdikləri hədisin mətninin həqiqətə uyğun olmasına əminliyin meydana gəlməməsidir. Bu da mətndə qəribəliyin olmasından, yaxud onun həqiqətə uyğun olmasına inamın yaranmasına mane olacaq məlumatları ehtiva etməsindən qaynaqlana bilər. Bəzi hallarda isə hədisin ravilərindən biri və ya bir neçəsinin siqə və doğru danışan olmayan bir ravi olmasına baxmayaraq onun (və ya onların) nəql etdiyi hədis mötəbər sayıla bilər. Buna səbəb isə onun (və ya onların) nəql etdiyi hədisin mətninin doğru olmasına şahidlik edən mətndən xaric əlamətlərin mövcud olmasıdır. Bütün bu deyilənlərlə yanaşı qeyd etməliyik ki, adətən hədisin ravilərinin siqə və doğru danışan olması o hədisin mötəbər olmasına əminliyin yaranması üçün kifayət etmiş olur. Çünki nəql olunan məlumatın doğruluğuna əminliyin yaranmasında əsas amil onu nəql etmiş şəxsin doğru danışan və yalan danışmaqdan uzaq biri olmasıdır. Bu səbəbdən də bu cür vəsfə malik bir şəxs və ya şəxslərin nəql etdiyi məlumatda qəribəlik və həqiqətdən uzaq olmasına dair əlamətlər olmadığı təqdirdə insanlarda nəql olunmuş məlumatın doğruluğuna əminlik yaranmış olur. Məsləkul-vüsuq qədim alimlərimizin bir çoxunun, həmçinin Şeyx Ənsari kimi son dövr alimlərindən bir hissəsinin qəbul etdiyi bir məbnadır.
Copyright 2025 Hadis.Az