Həzrət Məhəmməd (s)
Ravilər
-
Həzrət Məhəmməd (s)
Bütün tarixçilərin fikrincə, Həzrət Məhəmməd (s) fil ilində - miladi 570-ci ildə anadan olmuşdur. Belə ki, o Həzrətin 632-ci miladi ilində vəfat etməsi və vəfat edərkən 62-63 yaş arasında olmasında heç bir şübhə yoxdur. Demək, anadan olması da təxminən 570-ci ilə düşür.
Həm hədis alimləri, həm də tarixçilər bu fikirdədirlər ki, Peyğəmbər (s) rəbiüləvvəl ayında dünyaya gəlmişdir. Lakin bu ayın hansı günündə anadan olması mübahisəlidir. Şiə məzhəbinin nümayəndərinin fikrincə, Peyğəmbər (s) rəbiüləvvəl ayının on yeddisi, cümə günü, səhər çağı dünyaya gəlmişdir.
İslam peyğəmbərinin adqoyma mərasimi
Peyğəmbər (s) anadan olduqdan yeddi gün sonra Əbdülmüttəlib bir qoyun kəsib qonaqlıq verir. Bütün Qüreyşin iştirak etdiyi qonaqlıqda o, nəvəsinin adını Məhəmməd qoyur. Ondan bu adın ərəblər arasında az işləndiyi halda nəvəsinə nəyə görə bu adı qoyması soruşulduqda cavab olaraq deyir ki, onun göydə və yerdə təriflənməyini istədiyim üçün bu adı qoymuşam. Sözsüz ki, Peyğəmbərin (s) bu adla adlanmasında ilahi ilhamın təsiri olmuşdur. Bəzi tarixçilərin verdiyi statistik məlumata görə, o vaxtadək cəmi on altı nəfər Məhəmməd adlandırılıbmış. Babası Əbdülmüttəlibdən qabaq isə anası Aminə ona Əhməd adını vermişdi. Buna görə də Qurani-Kərimdə Peyğəmbərin (s) zikri hər iki adla keçmişdir.
Çobanlıqdan ticarətə və evlilik
İslam peyğəmbəri (ə) peyğəmbərliyə başlamazdan əvvəl bir müddət çobanlıqla məşğul olmuşdur. Peyğəmbərlərin bəziləri insanları tərbiyələndirməyə başlamazdan öncə heyvanları tərbiyə etməyə başlamışlar ki, insanlara tərbiyə öyrədərkən dözümlü, səbirli olsunlar. Düşüncə, dərrakə baxımından insanla müqayisə edilə bilməyən heyvanlarla məşğul olmuş şəxs üçün insanlarla məşğul olmaq elə də çətin olmaz. Çobanlıq etməyin başqa bir amili də o idi ki, bu iş Allahın nişanələri olan Ayı, Günəşi, ulduzları seyr etmək üçün gözəl fürsət idi. Daha sonralar Peyğəmbər (s) əmisi Əbu Talibin təklifi ilə Qüreyşin imkanlı qadınlarından olan Xədicə bint Xuveylidin malları ilə ticarət etməyə başlamışdır. Peyğəmbərin camaat arasında “Əmin” (əmanətdar) ləqəbi ilə ad çıxarmasını yaxşı bilən Xədicə bu məsələyə olduqca müsbət yanaşır. Qeyd edək ki, həmin dövrdə Bəni-Haşim nəslinin izzəti, xüsusən də Peyğəmbərin (s) məqamı bizə bunu deməyə əsas verir ki, Peyğəmbər (s) Xədicənin işçisi yox, şəriki idi. Daha sonralar Peyğəmbərin (s) əxlaqi xüsusiyyətlərinə heyran olan Xədicə Peyğəmərin (s) xanımı olmaq şərəfinə nail olur.
Vəhyin başlanması
Allah tərəfindən göndərilən bir mələk Həzrət Məhəmmədi (s) peyğəmbər seçilməsindən xəbərdar etmək üçün müsəlmanların bu gün də ziyarət etdikləri Hira mağarasına göndərilir. Həmin mələk Cəbrayıl, həmin gün isə besət (yaxud məbəs) günü idi. Həmin mələk o Həzrətin (s) qarşısında duraraq: “Oxu!” – deyə müraciət edir. Peyğəmbər (s) bu Quran ayələrini oxumuşdu: “(Bütün məxluqatı yoxdan) yaradan Rəbbinin adı ilə oxu. O, insanı laxtalanmış qandan yaratdı. Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir. O Rəbbin ki, qələmlə yazmağı öyrətdi. (O Rəbbin ki,) insana bilmədiklərini öyrətdi”.[1] Vəhy mələyi öz vəzifəsini yerinə yetirdikdən sonra Həzrət Məhəmməd (s) mağaradan çıxıb Xədicənin evinə gəlir. Şiə alimləri bu hadisənin rəcəb ayının 27-də baş verdiyini deyirlər. Beləliklə, Peyğəmbərə (s) ilk iman gətirən qadın onun yoldaşı Xədicə, ilk iman gətirən kişi isə, həm sünni, həm də şiə mənbələrinə görə, Həzrət Əli olmuşdur.
Gizli dəvət
Həzrət Məhəmməd (s) üç il boyunca öz dəvətini yalnız gizli şəkildə həyata keçirmişdi. Dövrün tələblərinə uyğun olaraq o öz dəvətini aşkar etməmiş, kiçik dairədə fəaliyyət göstərməklə bəzi adamları İslama dəvət edə bilmişi. Onlara nümunə olaraq Xədicəni, Əli ibn Əbu Talibi, Zeyd ibn Harisə, Zübeyr ibn Əvvam, Əbdürrəhman ibn Ovf, Ərqəm ibn Əbu Ərqəm, Abdullah ibn Məzun və başqalarını qeyd etmək olar. Bu üç il ərzində Qüreyş başbilənləri Peyğəmbərin (s) gizli fəaliyyətindən xəbərdar olsalar da, onun əleyhində hər hansısa bir addım atıb reaksiya göstərməmişdilər. Gizli dəvətdən sonra isə Peyğəmbər (s) öz dəvətini genişləndirməyə qərar vermiş və bu işə ilk dəfə yaxın qohumları ilə başlamışdı. Bu dəvət məclisində isə Əli ibn Əbu Talibdən başqası onun dəvətinə icabət etmir və həmin məclisdə Peyğəmbər (s) 14-15 yaşlı Əlini öz canişini və vəziri təyin edir. Bunu eşidən camaat isə Əbu Talibə rişxənd edərək deyirdilər ki, Məhəmməd sənin oğlunu sənə başçı təyin etməyə çalışır. Onlar bununla Əbu Talibi Peyğəmbərdən (s) uzaqlaşdırmağa çalışırdılar. Lakin onların səyləri heç bir fayda verməmişdi.
Daha sonra isə Qüreyşin hər vəchlə onu bu yoldan çəkindirmələrinə baxmayaraq, Peyğəmbər (s) Allah tərəfindən ona verilən vəzifəni kamil şəkildə yerinə yetirməyə çalışır. Bu yolda Qüreyş müşrikləri ona və onun iman gətirmiş tərəfdarlarına maddi-mənəvi əziyyətlər verirdilər. Buna ən bariz nümunə kimi Bilal Həbəşinin, Əmmar Yasir və onun valideynlərinin başlarına gələn işgəncələri qeyd etmək olar.
Bu mərhələdə Peyğəmbərə (s) başlıca düşmənlik edən kəslər Əbu Ləhəb, Vəlid ibn Muğeyrə, Xələfin oğulları Üməyyə və Übey, müsəlmanlar tərəfindən Əbu Cəhl adlandırılan Əbülhəkəm ibn Hişam, As ibn Vail və başqaları idi.
Hicrət və ondan sonra baş verənlər
Bir qrup müsəlman Qüreyş müşriklərinin əziyyətlərindən qurtulmaq və Allaha rahat şəkildə ibadət etmək məqsədilə başqa bir yerə hicrət etmək qərarına gəlir. Öz iş-gücündən, yurd-yuvasından, qohum-əqrəbasından əl çəkməyə hazır olan bu dəstə nə edəcəklərini və hara üz tutacaqlarını bilmirdilər. Çünki Ərəbistan yarımadasının demək olar hər tərəfini bütpərəstlik bürümüşdü. Buna görə belə qərara gəlirlər ki, məsələni Peyğəmbərə (s) ərz etsinlər. Peyğəmbər (s) özü bu acınacaqlı vəziyyətdən xəbərdar idi. Özü (s) Bəni-Haşim gəncləri tərəfindən qorunsa da, tərəfdarları arasında qullar, kənizlər və kimsəsizlər də var idi. Qüreyş müşrikləri onlara əllərindən gələn əziyyəti verirdilər. Onlar bu məsələni Peyğəmbərə (s) açdıqda Peyğəmbər (s) onlara Həbəşistana getməyi tövsiyə edir. Səbəb isə oranın idarəçisinin ədalətli və heç kəsə zülm etməyən bir şəxs olması idi. Beləliklə, 4-ü qadın olmaqla 10 və ya 15 nəfər tərəfindən İslamda ilk hicrət baş tutur. Bu dəstədən sonra Cəfər ibn Əbu Talibin başçılığı ilə ikinci dəstə də ora hicrət edir.
Daha sonralar isə Məkkə müşriklərinin zülm və əziyyəti hətta Peyğəmbərə (s) qədər bütün müsəlmanların Yəsribə hicrət etməsinə gətirib çıxarır. Yəsriblilər Peyğəmbəri (s) şadlıqla və gülərüzlüklə qarşılayırlar. Bu vaxtdan etibarən müsəlmanlar müstəqil şəkildə öz ibadətlərini rahat yerinə yetirə bilir və Məkkədəki problemlərin bir çoxundan xilas olurlar. Hicrətin növbəti illərində İslam tarixində yaddaqalan Peyğəmbərin də iştirak etdiyi (s) döyüşlər, Əli və Fatimənin izdivacı, şərabın haram olması kimi şəriət hökmlərinin gəlməsi, Hüdeybiyyə sülhü, Peyğəmbərin (s) öz peyğəmbərliyini uzaq bölgələrə yaymaq üçün xəbərlər göndərməsi, yeddi ildən sonra müsəlmanların Məkkəyə geri dönməsi, Məkkənin fəthi, “Mübahilə” hadisəsi, Vida həcci və Həzrət Əlinin (ə) canişin təyin olunması kimi hadisələr baş verir. Hansı ki bunların hamısının təhlilləri üçün kitablar yazmaq olar.
Peyğəmbərin (s) vəfatı
İslam peyğəmbəri (s) hicrətin on birinci ili, səfər ayının 28-də, bazar ertəsi günü, günorta saatlarında vəfat edir. Möminlərin əmiri Əli (ə) ona qüsl verib kəfənləyir. Bu isə Peyğəmbərin (s) öz vəsiyyətinə əsasən olmuşdu. Çünki Peyğəmbər (s) qüsl-kəfən işlərinin məhz ona ən yaxın adam tərəfindən həyata keçirilməsini vəsiyyət etmişdi. Peyğəmbərə (s) cənazə namazı qılan şəxs də Əli ibn Əbu Talib idi. Sonra isə səhabələr dəstə-dəstə gələrək Peyğəmbərə (s) meyit namazı qılmışdılar. Bu hadisə düz bir gün çəkir. Peyğəmbərin vəfat etdiyi otaqda dəfn olunması qərar alınır. Əbu Übeydə Cərrahla Zeyd ibn Səhl qəbir qazmış, İmam Əli (ə) Fəzl və Abbasın köməkliyi ilə Peyğəmbəri (s) qəbir evinə qoymuşdu.
Təəssüflər olsun ki, bir çoxları Peyğəmbərin (s) öz əcəli ilə öldüyünü düşünür. Halbuki bu belə deyil. Çünki şiə alimlərinə və bəzi əhli-sünnə mənbələrində gələn etiraflara əsasən, Peyğəmbər (s) öz əcəli ilə yox, ona verilmiş zəhərin təsiri ilə şəhid olmuşdur.
Məqalədə Şeyx Cəfər Sübhaninin Azərbaycan dilinə “Əbədiyyət nuru” adı ilə tərcümə olunmuş kitabından istifadə olunmuşdur.
Hadis.az
[1] Ələq, 1-5.
Copyright 2025 Hadis.Az