İmam Həsən (ə)

İmam Həsən (ə)

Möminlərin əmiri Əlidən (ə) sonrakı imam onun oğlu (İmam) Həsəndir (ə). O, (ana tərəfdən) bütün peyğəmbərlərin ağası olan Həzrət Məhəmmədin (s) qızı, dünya qadınlarının ən üstünü olan Fatimənin (ə) oğludur. İmam Həsənin (ə) künyəsi Əbu Məhəmməddir. O, hicrətin 3-cü ilində, ramazan ayının ortasında (on beşində) Mədinə şəhərində dünyaya gəlib. Anası Fatimə (ə) təvəllüdünün yeddinci günündə onu Cəbrailin (ə) Həzrət Peyğəmbər (s) üçün cənnətdən gətirdiyi ipək parçaya büküb o Həzrətin (Peyğəmbərin) yanına gətirdi. Peyğəmbər (s) onu “Həsən” adlandırdı və onun üçün bir qoyunu qurban kəsdi. Bu hadisəni bir neçə nəfər nəql etmişdir. Əhməd ibn Saleh Təmimi də (öz sənədi ilə) İmam Sadiqdən (ə) rəvayət edib. İmam Həsən (ə) ağalığı, rəftarı və əxlaqı baxımından Həzrət Peyğəmbərə (s) ən çox oxşayan insanlardan idi. Bu məsələni bir çoxları nəql ediblər. Müəmmar Zühridən, o da Ənəs ibn Malikdən nəql edib deyir:

 لم يكن أحد أشبه برسول الله صلى الله عليه وآله من الحسن بن علي عليهما السلام

“Həsən ibn Əli (ə) kimi Həzrət Peyğəmbərə (s) oxşayan heç kəs yoxdur”.

İbrahim ibn Əli Rafi (öz sənədi ilə) öz atasından, o da öz nənəsi Zeynəb bint Əbu Rafidən və həmçinin, Şəbib ibn Əbu Rafidən nəql edərək deyir: “Peyğəmbərin (s) dünyadan getdiyi xəstəliyi dövründə Həzrət Fatimə (ə) iki övladı Həsən və Hüseyni (ə) o Həzrətin yanına gətirdi və dedi:

فقالت يا رسول الله، هذان ابناك ورثهما شيئا " فقال: " أما الحسن فإن له هديي وسؤددي، وأما الحسين فإن له جودي وشجاعتي

“Ey Allahın rəsulu! Bu iki nəfər sənin övladlarındır. Onlar üçün bir şeyi irs qoy!” Peyğəmbər (s) buyurdu: “Mənim şərəfim və əzəmətim Həsən üçün, şücaətim və səxavətim isə Hüseyn üçündür”.

Həsən ibn Əli (ə) atası Möminlərin əmiri Əlinin (ə) ailəsi, övladları və dostları arasında canişini idi. (İmam Əli (ə)) vəqf etdiyi şeylərə və təyin etdiyi sədəqələrə nəzarət etməyi ona tapşırmışdı. Ona din təlimləri, əxlaq qaydaları, hikmət bulaqları barədə yazdığı əhdnamə, vəsiyyət hamıya məlum və məşhurdur. Bu vəsiyyəti bütün alimlər nəql ediblər və bir çox mütəfəkkir insanlar da ondan özlərinin dinləri, dünyagörüşləri üçün faydalanıblar.[1]

İmam Həsənin (ə) övladları, onların adları və sayları haqqında qısa məlumat
İmam Həsənin (ə) oğlan və qız olaraq on beş övladı var idi:
1. Zeyd;
2. Ümmü-Həsən;
3. Ümmü-Hüseyn;
Bu üç övladın anası Əbu Məsud Üqbə ibn Əmrin qızı Ümmü Bəşir idi.
4. Həsən ibn Həsən - onun anası Mənzur Fəzarinin qızı Xulə idi;
5. Əmr ibn Həsən;
6. Qasim;
7. Həsən;
Bu üç övladın anaları Ümmü-Vələd idi.
8. Əbdürrəhman ibn Vələd – həmçinin onun da anasının adı Ümmü-Vələd idi.
9. Hüseyn ibn Həsən - onun ləqəbi “Əsrəm” idi.
10. Təlhə
11. Fatimə
Bu üç övladın anaları Təlhə ibn Übeydullah Təmiminin qızı Ümmü-İshaq idi.
12. Ümmü Abdullah;
13. Fatimə;
14. Ümmü-Sələmə;
15. Rüqəyyə.
İmam Həsənin (ə) bu dörd qız övladı müxtəlif analardan idi.[2]

İmam Həsəsnin (ə) zəhərlənməsi və şəhadəti haqqında

Qeyd edildiyi kimi, İmam Həsənin (ə) ölüm səbəbi, Müaviyənin o Həzrəti zəhərlətməsi dastanı, onun dəfnindəki hadisələr və orada baş verənlərə aid rəvayətlərdən birində İsmail ibn Mihran (öz sənədi ilə) Müğeyrədən nəql edib deyir: “Müaviyə Əşəs ibn Qeysin qızı Cədənin yanına bir nəfəri göndərdi ki, Səni oğlum Yezidlə evləndirəcəm - bu şərtlə ki, sən Həsəni zəhərləyəsən” və ona yüz min dirhəm də pul göndərdi. O, bu işi yerinə yetirdi və Həsəni (ə) zəhərlədi. Müaviyə də pulu ona verdi, lakin onu Yezidlə evləndirmədi. Sonralar Təlhənin ailəsindən bir nəfər (İmam Həsəndən (ə) sonra) Cədəylə evləndi və onun həmin kişidən övladları dünyaya gəldi. Nə vaxt həmin uşaqlarla (Cədənin övladları ilə) Qüreyşin digər qəbilələri arasında bir söz-söhbət olurdusa, qüreyşlilər məzəmmət edər və onlara belə deyərdilər: “Ey öz ərlərinə zəhər verən qadının oğlanları!”

Həmçinin İsa ibn Mihran (öz sənədi ilə) Ömər ibn İshaqdan belə nəql edir: “Həsən və Hüseynlə (ə) evdə idik. Həsən (ə) təharət üçün ayaqyoluna getdi və çölə çıxanda belə buyurdu:

لقد سقيت السم مرارا، ما سقيته مثل هذه المرة، لقد لفظت قطعة من كبدي، فجعلت أقلبها بعود معي " فقال له الحسين  عليه السلام: (ومن سقاكه؟) فقال: وما تريد منه؟ أتريد قتله، إن يكن هو هو فالله أشد نقمة منك، وإن لم يكن هو فما أحب أن يؤخذ بي برئ

“Məni dəfələrlə zəhərlədilər və heç biri bu dəfəki kimi olmamışdı. Həqiqətən, ciyərimin bir parçası (ağzımdan) düşdü və mən onu əlimdəki ağacla tərpətdim”. Hüseyn (ə) soruşdu: “Sənə kim zəhər verdi?” Həsən (ə) buyurdu: “Ona nə edəcəksən? Onu öldürmək istəyirsən? Əgər o kəs (mən dediyim adam) olsa, Allahın ona qəzəb və əzabının səndən (qəzəb və əzabından) daha çox olduğunu bilirəm. Əgər o olmasa, mənə görə günahsız bir adamın giriftar olmasını istəmirəm”.

Abdullah ibn İbrahim Ziyad Müxariqidən nəql edərək deyir: “Həsənin (ə) ölüm vaxtı çatanda, Hüseyni (ə) çağırdı və belə buyurdu:

قال: " يا أخي، إني مفارقك ولاحق بربي عز وجل وقد سقيت السم ورميت بكبدي في الطست، وإني لعارف بمن سقاني السم، ومن أين دهيت، وأنا أخاصمه إلى الله تعالى، فبحقي عليك إن تكلمت في ذلك بشئ، وانتظر ما يحدث الله عز ذكره في، فإذا قضيت فغمضني وغسلني وكفني واحملني على سريري إلى قبر جدي رسول الله صلى الله عليه وآله لأجدد به عهدا، ثم ردني إلى قبر جدتي فاطمة بنت أسد رحمة الله عليها فادفني هناك.
وستعلم يا ابن أم أن القوم يظنون أنكم تريدون دفني عند رسول الله صلى الله عليه وآله فيجلبون في منعكم عن ذلك، وبالله أقسم عليك أن تهريق في أمري محجمة دم

“Ey qardaşım! Sizdən ayrılmaq vaxtım çatmışdır və mən öz Allahıma qovuşacağam. Məni zəhərlədilər və ciyərim teştə düşdü. Məni zəhərləyən kəsi özüm tanıyıram. Bu xəyanətin haradan gəldiyini bilirəm və onu Allah-taalanın yanında özüm mühakimə edəcəm. Səni boynunda olan haqqıma and verirəm! Məbada dilinə bu barədə bir söz gətirəsən. Gözün Allahın mənim barəmdə təyin etdiyi şeylərin intizarında olsun. Mən dünyadan gedəndə gözlərimi ört, qüsl ver, kəfənlə, tabutuma qoy və yenidən görüşmək (əhd bağlamaq) üçün cəddim Peyğəmbərin (s) məzarına tərəf apar. Daha sonra isə nənəm Fatimə bint Əsədin (r) qəbrinə tərəf aparıb, onun yanında dəfn et. Ey qardaşım! Tezliklə camaatın, məni Peyğəmbərin (ə) yanında torpağa tapşırmaq istədiyinizi güman edəcəklərini biləcəksən. Onlar buna görə bir yerə toplaşıb qarşınızı alacaqlar. Səni Allaha and verirəm! Məbada mənə görə hicamət şüşəsi qədər qan tökülsün!

Daha sonra o, ailəsini, övladları, özündən sonra qalan şeyləri, atası Möminlərin əmiri Əlinin (ə) canişinliyi zamanı ona vəsiyyət etdiyi şeylərin hamısını İmam Hüseynə (ə) vəsiyyət etdi. Onun canişinliyinə layiq olduğunu camaata çatdırdı, öz şiələrini onun canişinliyinə tərəf istiqamətləndirdi və özündən sonra onların rəhbəri təyin etdi. İmam Həsən (ə) dünyasını dəyişəndən sonra İmam Hüseyn (ə) ona qüsl verdi, kəfənlədi və tabuta qoyub (çiyninə) götürdü. (Mədinə hakimi olan) Mərvan Bəni-Üməyyədən olan köməkçiləri ilə birlikdə güman etdilər ki, Bəni Haşim onu Peyğəmbərin (s) yanında dəfn etmək istəyir. Döyüş paltarı geyinib bir yerə toplaşdılar. İmam Hüseyn (ə) babasının məzarı ilə yenidən görüşmək əhdini yerinə yetirmək üçün onun (İmam Həsənin (ə)) cənazəsini Peyğəmbərin (s) qəbrinə tərəf aparanda onlar öz dəstələri ilə Bəni-Haşimlə üzləşdilər. Aişə də bir qatıra minib onlara qoşuldu. O belə deyirdi: “Mənimlə nə işiniz var?! Xoşuma gəlməyən adamı evimə gətirmək istəyirsiniz?” Mərvan fəryad edib dedi: “Rahatlıqda yatıb dincəlməkdənsə, döyüşmək daha yaxşıdır! Osman Mədinənin ən uzaq yerlərindən birində dəfn olunsun, Həsən də Peyğəmbərin yanında torpağa tapşırılsın?! Nə qədər ki, qılınc əlimdədir, bu iş heç vaxt olmayacaq!” Bu hadisə az qala haşimilərlə əməvilər arasında müharibə fitnəsinin baş verməsinə səbəb olacaqdı. İbn Abbas (Übeydullah ibn Abbasın qardaşı) Mərvanın qarşısına gəldi və dedi: “Ey Mərvan! Gəldiyin yerə qayıt, çünki biz ağamızı Peyğəmbərin (s) yanında torpağa tapşırmaq istəmirik. Əksinə, o Həzrəti ziyarət etməklə, onun görüşünü (və əhdini) təzələmək istəyirik. Daha sonra onu nənəsi Fatimə bint Əsədin yanına aparacaq və özünün vəsiyyət etdiyi kimi, orada torpağa tapşıracağıq. Əgər o, Peyğəmbərin (s) yanında dəfn edilməsini vəsiyyət etsəydi, şübhəsiz ki, bizim bu işimizin qarşısını almaqda daha da aciz olduğunu yaxşı bilirsən. Lakin o Həzrətin özü Allah, Onun Peyğəmbəri (s), cəddinin qəbrinin hörmətini saxlamaqda daha agahdır və burada heç bir məğlubiyyət baş verməzdi - necə ki başqaları bundan əvvəl etdilər və o Həzrətin izni olmadan oraya daxil oldular”. Sonra üzünü Aişəyə tutdu və belə dedi: “Ey Aişə! Bu nə rüsvayçılıqdır? Bir gün dəvədə, bir gün də qatırda? Allahın nurunu söndürüb, dostları ilə müharibə etmək istəyirsən? Qayıt! Qorxduğun şey ürəyincə oldu. İstədiyinə çatdın (yəni rahat ol ki, Həsəni (ə) Peyğəmbərin (s) məzarının yanında dəfn etmək istəmirik). Əgər uzun zaman ötüb keçəndən sonra da olsa, Allah bu ailənin intiqamını alacaq”.

وقال الحسين عليه السلام: " والله لولا عهد الحسن إلي بحقن الدماء، وأن لا أهريق في أمره محجمة دم، لعلمتم كيف تأخذ سيوف الله منكم مأخذها، وقد نقضتم العهد بيننا وبينكم، وأبطلتم ما اشترطنا عليكم لأنفسنا ".

Həmçinin İmam Hüseyn (ə) də buyurdu: “Allaha and olsun! Əgər Həsənin (ə) ona xatir yerə bir hicamət şüşəsi qədər də qan tökülməməsi üçün tapşırığı olmasaydı, həqiqətən, Allahın qılınclarının sizdən öz yerlərini necə alacağını (öz haqqını sizdən alacaqlarını) bilərdiniz! Bizimlə özünüz aranızdakı əhd-peymanları pozdunuz və bizə aid olan şeylər barədə sizinlə bağladığımız şərti məhv etdiniz”.

(Bu sözlərdən sonra) İmam Həsəni (ə) gətirib Bəqi qəbristanlığında, nənəsi Əsəd ibn Haşim ibn Əbdümənafın qızı Fatimənin (r) yanında torpağa tapşırdılar.[3]

Qeyd olunmuş məlumatlar Şeyx Mufidin Azərbaycan dilinə tərcümə olunmuş “əl-İrşad” kitabından götürülmüşdür.

Hadis.az


[1] Şeyx Mufid, Əl-İrşad (azərbaycanca tərcümə), səh. 282.

[2] Şeyx Mufid, Əl-İrşad (azərbaycanca tərcümə), səh. 292.

[3] Həmin mənbə, səh. 289-291.