İmam Həsən Əskəri (ə)
Ravilər
İmam Həsən Əskəri (ə)
İmam Həsən Əskərinin (ə) həyatı haqqında zəruri məlumatlar
İmam Hadidən (ə) sonrakı imam onun övladı Əbu Məhəmməd Həsən ibn Əli (ə) olmuşdur. Üstün, bəyənilmiş xüsusiyyətlər, digər insani keyfiyyətlər və imamlığa lazım olan zəruri sifətlər Həsən ibn Əli Əskəridə (ə) hamıdan daha çox cəmlənmişdi - yəni elm, zöhd, kamil əql, ismət (paklıq), şücaət, səxavət, alicənablıq və Allaha yaxınlaşdıran bütün əməllər. Bundan əlavə, onun əzəmətli atası övladının imamlığı və xilafəti barədə açıq-aydın işarələr buyurmuşdur. İmam Əskəri (ə) hicrətin 232-ci ilinin rəbiülaxir ayında, Mədinə şəhərində dünyaya gəlmişdir. Onun vəfatı isə hicrətin 260-cı ilinin rəbiüləvvəl ayının səkkizi, cümə günü olmuşdur. O Həzrət vəfat edəndə iyirmi səkkiz yaşı var
idi. İmam Əskərini (ə) “Surra mən rəa” (Samirra) şəhərində, alicənab atasının yaşadığı və dəfn olunduğu evində torpağa tapşırdılar. İmam Əskərinin (ə) anası Ümmü-Vələd idi və ona “Hədisə” deyərdilər. O Həzrətin imamlıq dövrü altı il davam etmişdir.[1]
İmam Həsən Əskərinin (ə) vəfatı, məzarının yeri və övladları haqqında qısa məlumat
İmam Əskəri (ə) hicrətin 260-cı ilinin rəbiüləvvəl ayının ilk günlərində xəstələndi və həmin ayın səkkizində, cümə günü vəfat etdi. Vəfat etdiyi zaman İmamın (ə) iyirmi səkkiz yaşı var idi. O Həzrəti uca məqamlı atasının dəfn olunduğu evdə torpağa tapşırdılar. İmam Əskəri (ə) öz yerinə övladı İmam Mehdini (ə) təyin etdi. İmam Mehdinin (ə) dünyaya gəlişi məxfi şəkildə baş verdi və o, gizli şəkildə boya-başa çatdı, çünki çətin günlər idi və həmin dövrdəki xəlifə o mübarək uşaq barədə axtarış elan etmişdi. Xəlifə bütün səyləri ilə ondan xəbər tutmağa çalışırdı. Üstəlik, İmamiyyə şiələri arasında İmam (ə) çox xatırlanır və hamı onun yolunu gözləyirdi. Bu səbəbdən də İmam Əskəri (ə) yaşadığı müddət ərzində öz məsud övladını aşkara çıxarmadı. Camaatın əksəriyyəti İmam Əskərinin (ə) vəfatından sonra da onu tanımadı. Buna görə də İmam Əskərinin (ə) qardaşı Cəfər ibn Əli bu irsə sahib çıxmaq istədi. Cəfər ibn Əli İmam Əskərinin (ə) kənizləri və xanımlarını həbs et(dir)məyə çalışırdı. Cəfər İmam Əskərinin (ə) vəd olunmuş övladını gözləyən, onun intizarını çəkənləri təhqir və onlarla düşmənçilik edirdi. O hədə-qorxu gələrək onları dağınıq hala saldı və onun inadkarlığı səbəbindən İmam Əskərinin (ə) geridə buraxdıqları üçün çətinlik yarandı. Onları zəncirləyib zindana saldılar və ya təhdid edib əziyyət verdilər. Bununla belə, xəlifə vəd edilmiş məsud uşaq barədə bir yerə çata bilmədi. Cəfər isə çox çalışdı ki, şiələrə özünü İmam Əskərinin (ə) canişini olaraq təqdim etsin, amma heç kəs onun canişinliyini qəbul etmədi. Həmçinin belə etiqad da yaranmadı və o, çarəsiz qalıb həmin zamanın xəlifəsinin yanına getdi. Xəlifədən qardaşının məqamının ona verilməsini istədi və bunun müqabilində rüşvət təklif etdi. O hər vasitəyə əl atdı ki, xəlifənin diqqətini cəlb edə bilsin, amma heç bir vəchlə bu işə nail ola bilmədi.
İmam Həsən Əskərinin (ə) fəzilətləri, imamət nişanələri və möcüzələrinə aid bir neçə hədis
1 – Əbülqasim Cəfər ibn Məhəmməd (öz sənədi ilə) Məhəmməd ibn Əlidən belə nəql edir: “Bir gün sıxıntımız çoxalmışdı. Atam mənə dedi: “Gəl bu adamın (İmam Əskərinin) yanına gedək. Eşitdiyimə görə, o, çətinlikdə olanlara yardım edir”. Mən soruşdum: “Onu tanıyırsan?” O dedi: “Xeyr, tanımıram və indiyə qədər də onu görməmişəm”. Beləliklə, birlikdə onun yanına getməyə qərar verdik. Yolda danışarkən, atam: “kaş ki bizə beş yüz dirhəm verərdi, iki yüz dirhəmlə qışlıq un, iki yüz dirhəmlə paltar alar və yüz dirhəmlə də borclarımızı verərdik” - dedi. Mən də içimdən “kaş ki mənə də üç yüz dirhəm verərdi. Yüz dirhəmlə bir ulaq, yüz dirhəmlə paltar alardım və yüz dirhəmini də xərclik edib, bu dağa çıxardım” - deyirdim.
İmam Əskərinin (ə) evinə çatdığımız zaman, köləsi çölə çıxıb “Əli ibn İbrahim və oğlu Məhəmməd, içəri girin” - dedi. İçəri daxil olduq və İmama salam verib oturduq. İmam (ə) atamdan soruşdu: “Ey Əli ibn İbrahim! İndiyə qədər niyə yanımıza gəlməmişdin?” Atam dedi: “Bu halımla yanınıza gəlməyə utanırdım”. Biz qalxıb çölə çıxarkən İmamın (ə) köləsi bizi yola saldı. Atama bir kisə verdi, içində beş yüz dirhəm var idi. İmamın (ə): “iki yüz dirhəmlə qışlıq un, iki yüz dirhəmlə paltar alsın, yüz dirhəmlə isə borclarını versin” – buyurduğunu dedi. Bir kisə də mənə verdi. Həmin kisənin içində üç yüz dirhəm var idi. İmamın (ə): “yüz dirhəmlə bir ulaq, yüz dirhəmlə paltar alsın və yüz dirhəmlə xərclik etsin, amma o dağa getməsin” – buyurduğunu dedi.
İbrahim Kürdi bu hadisəni danışan Məhəmməd ibn Əliyə dedi: “Vay olsun sənə! (Həsən Əskərinin) imam olduğuna dair bu möcüzəni gördüyün halda ona inanmırsan?” Məhəmməd ibn Əli dedi: “Doğru dedin, lakin bizim inancımız atalarımızın inancıdır və ondan ayrıla bilmirik”.
2 - Əhməd ibn Qəzvininin belə dediyi nəql edilir: “Atamla Samirra şəhərində idim. Onun işi İmam Əskərinin (ə) atları və qatırlarına baxmaq idi. Dedilər: “Xəlifə Müstəinin bir qatırı var ki, gözəllikdə tayı-bərabəri yoxdur. Heç kim ona cilov taxıb, yəhər qoyub süvar ola bilmir. Bütün heyvan ram edənləri gətiriblər, amma heç biri bu qatırı ram edə bilməyib”. Bir müddətdən sonra xəlifənin yaxınlarından biri ona belə dedi: “Niyə bu qatırı Həsən ibn Rzaya (hədiyyə olaraq) göndərmirsən? O ya bu qatıra minəcək, ya da qatır onu vurub öldürəcək. Sənin də canın ondan qurtaracaq”. Xəlifə bir nəfəri göndərib o Həzrəti öz yanına çağırdı. İmam Əskəri (ə) xəlifənin iqamətgahına yola düşdü. Atam da onunla getdi və mən də atamın arxasınca düşüb getdim. İmam Əskəri (ə) xəlifənin iqamətgahına daxil olanda gözü girişdə - böyük salonun ortasında olan bir qatıra sataşdı. İmam (ə) qatırın yanına getdi və əlini onun yalına qoydu. Mən gördüm ki, qatır tərlədi.
Elə tərlədi ki, ondan tər damcıları süzüldü. Sonra İmam (ə) xəlifə Müstəinin yanına daxil oldu və salam verdi. Müstəin də ona “xoş gəlmisən” - dedi və yanında olan boş yerdə əyləşdirdi. Xəlifə dedi: “Ey Əbu Əhməd! (Bu, İmam Əskərinin (ə) künyəsi idi) Bu qatıra cilov tax”. İmam (ə) çevrilərək atama dedi: “Ey qulam, bu qatırın ağzına cilov tax”. Xəlifə Müstəin dedi: “Cilovu sən özün qatıra tax”. İmam (ə) üst geyimini çıxararaq kənara qoydu və ayağa qalxdı. Qatırı cilovlayıb, sonra qayıdıb yerində oturdu. Xəlifə dedi: “Ey Əbu Əhməd! Onu yəhərlə”. İmam (ə) atama buyurdu: “Ey qulam, bu qatırı yəhərlə”. Xəlifə Müstəin dedi: “İstəyirəm ki, sən özün onu yəhərləyəsən”. İmam (ə) yenə yerindən qalxdı və qatırı yəhərlədi. Elə ki yəhərləyib qurtardı, xəlifə yenə dedi: “Sən ona süvar ola bilərsən?” İmam (ə) buyurdu: “Bəli!” Sonra qatır inad göstərməyə macal tapmamış ona süvar oldu və evin (küçənin) ortasında gəzişməyə başladı. Qatır yorğa yeriməyə başlayanda qayıdıb həmin yerdə ondan endi. Müstəin soruşdu: “Necə qatırdır?” İmam (ə) buyurdu: “Gözəllik və yerişdə bərabəri yoxdur”. Müstəin dedi: “Möminlərin əmiri (yəni özü) onu sənə bağışladı”. İmam (ə) atama buyurdu: “Ey qulam, bu qatırı çək apar”. Atam qatırın cilovundan tutaraq o Həzrətin evinə apardı”.
3 – Əbülqasim Cəfər ibn Məhəmməd (öz sənədi ilə) Əbu Haşimdən belə nəql edir: “Zindanda olduğum müddətdə zindanın darlığı və zəncirlərinin çox rahatsızlıq verməsindən dolayı İmam Əskəriyə (ə) şikayət etdim. İmam (ə) mənə yazdığı məktubda belə buyurdu: “Bu gün zöhr namazını öz evində qılacaqsan”. Həmin gün İmamın (ə) buyurduğu kimi sərbəst buraxıldım və zöhr namazını evimdə qıldım. Zindandan İmama (ə) yazdığım məktubda maddiyyat baxımından çətinlikdə olduğumu da yazmaq istəmiş, amma utanıb yaza bilməmişdim. Həmin gün evimə getdiyim vaxt o Həzrət mənə yüz dinar göndərmiş və məktuba da belə yazmışdı: “Nə vaxt ehtiyacın olsa, utanmadan bildir. İnşallah, ehtiyacını yerinə yetirərik”.[2]
Qeyd olunmuş məlumatlar Şeyx Mufidin Azərbaycan dilinə tərcümə olunmuş “əl-İrşad” kitabından götürülmüşdür.
Hadis.az
Copyright 2025 Hadis.Az