İmam Hüseyn (ə)

Ravilər

-

İmam Hüseyn (ə)

Həsən ibn Əlidən (ə) sonrakı imam babası Peyğəmbərin (s), atası Əlinin (ə) açıq-aydın buyruqlarına və qardaşı Həsən ibn Əlinin (ə) vəsiyyətinə əsasən, Peyğəmbərin (s) qızı Fatimənin (ə) oğlu Hüseyn ibn Əli idi (ə). İmam Hüseynin (ə) künyəsi Əbu Abdullah idi. O, hicrətin 4-cü ilinin şaban ayının beşinə keçən gecə Mədinə şəhərində dünyaya gəlmişdir. Doğulandan sonra anası Fatimə (ə) onu babası Peyğəmbərin (s) yanına gətirdi. Allah rəsulu (s) onu görəndə sevindi və (onu) “Hüseyn” adlandırıb, bir qoyun qurban kəsdi. Peyğəmbərin (s) şahidliyinə əsasən, İmam Hüseyn (ə) və qardaşı (İmam Həsən (ə)) cənnət cavanlarının iki ağalarıdırlar. Əhli-sünnə və şiə alimlərinin nəzərinə görə, onların Peyğəmbərin (s) iki övladı olmasında şəkk-şübhə yoxdur. Həsən ibn Əli (ə) başından sinəsinə qədər, Hüseyn ibn Əli (ə) isə sinəsindən ayaqlarına kimi Peyğəmbərə (s) oxşayırdı. Onlar Peyğəmbərin (s) bütün ailəsi, övladları arasında Allah rəsulu (s) və onun dostlarının ən çox sevimliləri idilər.

O, təqiyyə etdiyi üçün insanları öz imamətinə dəvət etməsə də, Müaviyə ilə aralarında bağlanan sülhə (görə öz imamlığını aşkar etmədi,) vəfalı qalmasını lazım bildi və bu məsələdə atası Möminlərin əmiri Əli (ə) kimi əməl etdi. Onun atası Peyğəmbərdən (s) sonra imam olsa da, sükut etmişdi. O, qardaşı Həsənin (ə) sülhdən sonra getdiyi yolu getdi və ömrünü sükutla, kənara çəkilməklə keçirdi. Onların hamısı Allah rəsulunun (s) Əbu Talib dərəsində giriftar qaldığı (Allah rəsulu (s) peyğəmbər olduğu halda, çarəsizlikdən üç il Əbu Talib dərəsində qalmışdı), həmçinin Məkkədən Mədinəyə hicrət etdiyi zaman bir neçə gün mağarada gizlin qaldığı vaxt əməl etdiyi üsul və qaydalarına əməl etdilər. Müaviyə öləndən və İmam Hüseyni (ə) insanları öz imamətinə aşkar dəvət etməyə mane olan sülh dövrü bitəndən sonra o Həzrət öz imamət məsələsini aşkar etdi, qarşıya çıxan hər bir fürsətdə haqqını tanımayan kəslərin önündən pərdələri götürdü. Hətta zahirdə onun ətrafına köməkçilər də toplandı. Sonra o, insanları cihada dəvət edib, müharibə üçün (köynəyinin) ətəyini çırmaladı. Onu dəvət edən şiələrinin köməyi ilə düşmənlə vuruşmaq üçün ailəsi və övladları ilə birlikdə Allahın, Peyğəmbərin (s) hərəmindən (çıxıb) İraq tərəfə yola düşdü. O özündən əvvəl əmisi oğlu Müslim ibn Əqili ora göndərdi və onu camaatı Allaha, cihada görə beyətə dəvət etmək üçün seçdi. Kufəlilər onunla beyət etdilər. Onlar kömək etmək üçün əhd-peyman bağladılar, onun xeyirxahı olduğunu öhdələrinə götürdülər və (onunla) öz əhd-peymanlarını möhkəmlətdilər. Sonra çox keçmədən öz beyətlərini sındırdılar, kömək əlini ondan çəkdilər, onu düşmən əlinə tapşırıb öz aralarında öldürdülər və müdafiə etmədilər. (Bunun ardınca) İmam Hüseynlə (ə) vuruşmaq üçün (evlərindən) çölə çıxdılar, onu mühasirəyə alıb Allahın (yer üzündəki) şəhərlərinə getməyə mane oldular. Onu çıxış yolu olmayan, köməkçisi tapılmayan bir yerə getmək üçün məcburiyyət qarşısında qoydular. Onunla Fərat çayı arasında maneə yaratdılar və ona əlləri çatanda isə öldürdülər. O məzlum İmam (ə) susuz, mücahid, səbirli, Allah mükafatına ümid edən halda və zülmkarcasına şəhid oldu. Onlar İmama (ə) edilən beyəti sındırdılar, hörmət və ehtiramını bada verdilər, heç bir vədələrinə vəfalı olmadılar və boyunlarına götürdükləri əhd-peymana riayət etmədilər. İmam Hüseyn (ə) atası və qardaşı dünyadan getdikləri kimi şəhid oldu.[1]

İmam Hüseynin (ə) övladları

İmam Hüseynin (ə) altı övladı var idi:
1. Əli ibn Hüseyn Əkbər[2] - künyəsi də Əbu Məhəmməddir. Onun anası İran şahı Yezdəgirdin qızı Şahzənan idi.
2. Əli ibn Hüseyn Əsğər – o, atası ilə Kərbəlada şəhid oldu... Onun anası Əbu Mürrə ibn Ürvə ibn Məsud Səqəfinin qızı Leyla idi.
3. Cəfər ibn Hüseyn - onun övladı olmamışdır. Anası Qüzaiyə qəbiləsindən
olan qadın idi. Cəfər atası həyatda olduğu zaman dünyasını dəyişmişdi.
4. Abdullah ibn Hüseyn - kiçik yaşında atası
ilə birlikdə Kərbəlada şəhid
olub. Atasının qucağında olanda atılan ox onun boğazını kəsmişdir...
5. Sukəynə bint Hüseyn – onun anası Kilab qəbiləsindən olan İmrəul-Qeys
ibn Ədinin qızı Rübabdır. Həmçinin Rübab Abdullahın da anası idi.
6. İmam Hüseynin (ə) digər bir qızı da Fatimə idi. Onun anası Təlhə ibn
Übeydullanın qızı Ümmü
-İshaq idi.[3]

İmam Hüseynin (ə) şəhadəti və o Həzrəti ziyarət etmək haqqında

İmam Hüseyn (ə) hicrətin 61-ci ilində, Məhərrəm ayının onunda, şənbə günü, günorta namazından sonra məzlum, susuz və səbirli halda, bundan qabaq şərh verdiyimiz kimi şəhid oldu. O, Allahın mükafatına ümid edib belə bir addımı atdı. Həmin gün İmamın (ə) əlli səkkiz yaşı var idi. O, ömrünün yeddi ilini Peyğəmbərlə (s), otuz ilini atası Əliylə (ə) və ondan sonra da on ilini qardaşı Həsənlə (ə) keçirmişdi. Qardaşı Həsəndən (s) sonra xəlifəlik dövrü on bir il idi. İmam Hüseyn (ə) öz saqqalını həna və rənglə boyayırdı. Şəhid olduğu gün saqqalının həna ilə boyağı iki yanağından ayrılmışdı (yəni həna boyağının üstündən uzun zaman keçdiyinə görə, o Həzrətin tüklərinin bir hissəsinin kökü ağ idi).

İmam Hüseynin (ə) ziyarətinin fəziləti və bəlkə də vacibliyi barədə bir çox rəvayətlər nəql olunmuşdur.

فروي عن الصادق جعفر بن محمد عليهما السلام أنه قال زيارة الحسين بن علي عليه السلام واجبة على كل من يقر للحسين بالإمامة من الله عز وجل "

1 - İmam Sadiq Cəfər ibn Məhəmmədin (ə) belə buyurduğu nəql olunub: “Hüseyn ibn Əlinin (ə) ziyarəti onun imamlığının Allah-taala tərəfindən olduğunu təsdiq edən hər kəsə vacibdir”.

وقال عليه السلام: " زيارة الحسين عليه السلام تعدل مائة حجة مبرورة، ومائة عمرة متقبلة

2 - İmam Sadiq (ə) buyurub: “Hüseynin (ə) ziyarəti yüz məbrur (yəni günahlardan, çirkinliklərdən təmiz və pak) həccə və qəbul edilmiş yüz ümrəyə bərabərdir”.

وقال رسول الله صلى الله عليه وآله:  من زار الحسين عليه السلام بعد موته فله الجنة 

3 - Peyğəmbər (s) buyurub: “Kim Hüseyni (ə) vəfatından sonra ziyarət etsə, cənnət onun üçündür”.

Bu barədə rəvayətlər çoxdur. Biz onlardan çox hissəsini tanınmış “Mənasikul-məzar” kitabında qeyd etmişik.[4]

Qeyd olunmuş məlumatlar Şeyx Mufidin Azərbaycan dilinə tərcümə olunmuş “əl-İrşad” kitabından götürülmüşdür.

Hadis.az


[1] Şeyx Mufid, Əl-İrşad (azərbaycanca tərcümə), səh. 298, 300.

[2] İmam Zeynülabidin (ə) İmam Hüseynin (ə) böyük oğlu idi.

[3] Şeyx Mufid, Əl-İrşad (azərbaycanca tərcümə), səh. 376.

[4] Şeyx Mufid, Əl-İrşad (azərbaycanca tərcümə), səh. 375.