İmam Mehdi (ə)
İmam Mehdi (ə)
İmam Mehdinin (ə) həyatı haqqında zəruri məlumatlar
İmam Əbu Məhəmməd Həsən ibn Əli Əskəridən (ə) sonrakı imam onun oğludur. Onun adı və künyəsi Allah rəsulunun (s) adı və künyəsi ilə eynidir. Atası İmam Həsən Əskəri (ə) nə aşkarda, nə də gizlində ondan başqa övladını öz yerinə canişin təyin etməmiş, onu isə məxfi və gizli şəkildə mühafizə edərək qorumuşdur.
İmam Mehdi (ə) hicrətin 255-ci ilində, şaban ayının ortasında (on beşində) dünyaya göz açmışdır. Anası Ümmü-Vələd idi və ona “Nərcis” deyərdilər. Alicənab atası vəfat etdikdə İmam Mehdinin (ə) beş yaşı var idi. Az yaşına baxmayaraq, Allahın lütfü sayəsində ona hikmət, qazilik elmi əta edilmiş və o hər iki aləmə höccət qərar verilmişdi. Yəhya (ə) peyğəmbərə də bu yaşda hikmət inayət edilmişdi. Həmçinin Məryəm oğlu İsaya (ə) da beşikdə olduqda peyğəmbərlik nazil edilmişdi. Müsəlmanlara müqəddəs vücudun imamlıq edəcəyi Allah rəsulunun (s) dilindən çatmışdı. Həzrət Əli (ə) və digər imamlar (ə) da bu haqda xəbər verib, onun imamətini dəlillər əsasında bəyan etmişdilər. İmam Həsən Əskəriyə (ə) qədər imamların (ə) hamısı ardıcıl olaraq onun zühuru haqqında möhkəm dəlillər əsasında xəbər vermişdilər.
İmam Mehdi (ə) dünyaya gəlməmişdən əvvəl, onun qeybə çəkilməsi, dövlət qurması və səltənəti xəbəri kitablarda mütəvatir həddə (əlimizə) çatmışdır. İmamların (ə) özləri də qiyam edib, əmin dövlət quracaq kəsin intizarında olmuşlar. Qiyamından əvvəl o Həzrətin iki qeybi vardır. Hədis və xəbərlərdə qeyd olunduğu kimi, onlardan biri digərindən daha uzunmüddətlidir. Qısamüddətli qeyb dövrü o Həzrətin doğulduğu vaxtdan başlayaraq özü ilə şiələri (tərəfdarları) arasında olan səfirlər (nümayəndələr) dövrünün başa çatması ilə sona yetdi. Uzunmüddətli qeyb dövrü isə qısamüddətli qeyb dövrü sona çatdıqdan sonra başlanmışdır. Müddət sona çatdıqda o Həzrət qılıncını sıyırıb qiyam edəcək.
Əzəmət sahibi olan Allah belə buyurmuşdur: “Biz istədik ki, o yerdə zəif salınmışlara mərhəmət göstərək və onları imam, varis edək. Onlar üçün o torpaqda qüdrət və hakimiyyət vasitələri hazırlayaq, Firon, Haman və qoşunlarına onların tərəfindən qorxduqları, çəkindikləri şeyi göstərək” (“Qəsəs” surəsi, 5-6-cı ayələr). Həmçinin Allah-taala belə buyurmuşdur: “Həqiqətən, Biz Zikrdən sonra Zəburda yazdıq və qərara aldıq ki, bu yerin varisi mənim saleh bəndələrim olacaqlar” (“Ənbiya” surəsi, 105-ci ayə).
وقال رسول الله صلى الله عليه وآله: " لن تنقضي الأيام والليالي حتى يبعث الله رجلا من أهل بيتي، يواطئ اسمه اسمي، يملؤها عدلا وقسطا كما ملئت ظلما وجورا
Peyğəmbər (s) belə buyurmuşdur: “Dünyanın sonuna bir gün qalmış olsa belə, Allah mənim Əhli-beytimdən adı mənim adımla eyni olan bir nəfəri çıxarıb (onun vasitəsilə) zülmlə dolmuş dünyanı ədalətlə dolduracaq”.
وقال عليه السلام: " لو لم يبق من الدنيا إلا يوم واحد لطول الله ذلك اليوم حتى يبعث الله فيه رجلا من ولدي، يواطئ اسمه اسمي، يملؤها عدلا وقسطا كما ملئت ظلما وجورا
Yenə Peyğəmbər (s) belə buyurur: “Dünyanın sonuna sadəcə bir gün qalsa belə, Allah həmin günü o qədər uzadacaq ki, adı mənim adımdan olan övladlarımdan bir nəfəri zülm və fəsadla dolmuş dünyanı haqq-ədalətlə doldurması üçün göndərəcək”.[1]
İmam Mehdinin (ə.f) möcüzələrinə aid bir neçə hədis
1 – Məhəmməd ibn Abdullah Səyyari belə nəql edir: “Mərzubani Harisiyə aid bəzi malları (İmam Mehdiyə) çatdırdım. Bunların içində qızıl bilərziklər də var idi. Malların hamısı qəbul edildi, lakin qızıl bilərziklər mənə geri qaytarıldı. Onları qırdım və içlərində dəmir misqallar, mis və tunc parçalarının qarışmış olduğunu gördüm. Onları tapdaladıqdan sonra qızılı təqdim etdim, qəbul etdilər”.
2 – Əli ibn Məhəmməd Nəsr ibn Salehdən, o da Məhəmməd ibn Yusif Şaşidən belə nəql edir: “Yanımda çiban çıxmışdı. Təbiblərə göstərdim və bu yolda çoxlu pul xərclədim. “Bunun dərmanını bilmirik” - dedilər. Buna görə də məktub yazıb (İmamdan) dua istədim. Mənə belə bir cavab gəldi: “Allah sənə sağlamlıq libasını geyindirsin, səni dünya və axirətdə bizimlə birlikdə etsin”. Həmin məktubun gəlməsindən bir həftə keçməmiş sağaldım və yanım ovucum kimi çibandan təmizləndi. Bir gün dostlarımızdan olan bir təbibi çağırdım və çibanın çıxdığı yeri göstərdim. O dedi: “Biz belə bir dərman tanımırıq. Sənə Allah tərəfindən əvəzi olmayan sağlamlıq gəlib”.
3 – Əli ibn Məhəmməd Əli ibn Hüseyn Yəmanidən belə nəql edir: “Mən Bağdaddaykən Yəməndən gələn bir karvan yola düşməyə hazırlaşırdı. Mən də bu karvanla birlikdə yola çıxmaq üçün (İmama) məktub yazıb icazə istədim. Məktuba belə cavab gəldi: “Onlarla birlikdə yola çıxma! Yola çıxmaqda sənin üçün bir xeyir yoxdur. Kufədə qal!” Buna görə Kufədə qaldım. Yolda Hənzələ qəbiləsi karvana hücum çəkib hamısını darmadağın etdi. Yenə bir məktub yazdım və dəniz yolu ilə getmək üçün icazə istədim. (İmam) icazə vermədi. Həmin il dənizə səfərə çıxan gəmilərin aqibətlərini soruşdum. Aralarından bir gəminin belə xilas ola bilmədiyini öyrəndim”.
4 – Əli ibn Məhəmməd Əbu Əqil İsa ibn Nəsrdən belə nəql edir: “Əli ibn Ziyad Sayməri bir məktub yazaraq özü üçün kəfən istədi. Ona belə bir cavab məktubu gəldi: “Sənin ona (kəfənə) səksən yaşında ehtiyacın olacaq”. Həqiqətən də o, səksən yaşında vəfat etdi və Qaim (ə) ona ölümündən bir neçə gün əvvəl kəfən göndərdi”.
5 – Əli ibn Məhəmməd bəzi səhabələrdən belə nəql edir: “Bir oğlum oldu. İmama (ə) məktub yazaraq yeddi günlüyündə uşağı sünnət etmək üçün icazə istədim. Mənə: “Etmə!” – deyə cavab gəldi. Yeddinci və ya səkkizinci gün uşaq öldü. Sonra uşağın öldüyünü bildirmək üçün bir məktub yazdım. Mənə belə cavab yazdı: “Ondan sonra sənə bir başqası və yenə də bir başqası bəxş ediləcək. Onların birinə “Əhməd”, ondan sonrakınada “Əhməd Cəfər” adını qoyarsan”. Həqiqətən də, onun dediyi kimi oldu.
Daha sonra həcc ziyarəti üçün hazırlaşdım. İnsanlarla vidalaşıb yola düşmək istəyirdim ki bir məktub gəldi: “Sənin getməyini istəmirik, amma yenə də özün bilərsən!”. Ürəyim sıxıldı və məyus oldum. Məktub yazaraq dedim: “Sözünüzə qulaq asdım və itaət etdim.
Yola çıxmayacağam, amma həccə gedə bilmədiyim üçün kədərliyəm”. Mənə belə bir cavab gəldi: “Ürəyin sıxılmasın. İnşallah, gələn il həccə gedəcəksən”. Növbəti il həccə getmək üçün icazə istədim. Mənə icazə verilməsi barədə bir məktub gəldi. Mən belə bildirdim: “Məhəmməd ibn Abbası özümə yoldaş olaraq seçdim. Onun dininə və hörmətli olmasına güvənirəm”. Mənə belə bir cavab gəldi: “Əsədi necə də gözəl yoldaşdır. Əgər Əsədi gələrsə, başqa kəsi ondan üstün tutma!” Əsədi gəldi və yoldaş olaraq onu seçdim”.[2]
Qeyd olunmuş məlumatlar Şeyx Mufidin Azərbaycan dilinə tərcümə olunmuş “əl-İrşad” kitabından götürülmüşdür.
Hadis.az
Copyright 2025 Hadis.Az