Xanım Fatimeyi Zəhra (s.ə)
Ravilər
-
Xanım Fatimeyi Zəhra (s.ə)
Xanım Zəhranın (ə) həyatı haqqında məlumatlar
Fatimeyi-Zəhra (ə) besətin beşinci ili, cəmadiyəssani ayının iyirmisində, Peyğəmbər (s) qırx beş yaşında ikən Məkkədə dünyaya göz açmışdır. Peyğəmbərimiz merac gecələrinin birində ona təklif edilən behişt meyvələrindən təzə xurma və üzümdən yemişdi. Rəsulullah (s) meracdan qayıtdıqdan sonra xanımı Xədicənin (ə) evində gecələdi. Beləliklə, Həzrət Fatimənin (ə) nuru Xanım Xədicənin bətnində cilvələndi. Buna görə də Xanım Fatimə “Hövraul-insiyyə” də adlandırılmışdır. Bunun mənası Xanım Zəhranın (ə) insan ola-ola eyni zamanda behişt hurilərindən sayılması deməkdir. Belə ki, Peyğəmbər (s) nə zaman behişt ətrini duymaq istəsəydi, onun və tuba ağacının qoxusunu Fatimədən alar, sevimli qızını əzizlərdi, lakin Peyğəmbərin (s) zövcələrindən bəzisi o Xanımın bu böyük məqamını dərk etmədiyinə görə belə hərəkəti Peyğəmbər (s) üçün nalayiq hesab edirdilər. Şeyx Səduq İmam Sadiqin (ə) belə dediyini nəql edir: “Xədicə Peyğəmbər (s) ilə evlənəndən sonra Məkkə qadınları İslama qarşı olan düşmənlikləri üzündən Xədicədən uzaqlaşdılar, belə ki, nə Xədicənin evinə gedir, nə də yolda onu görəndə salam verirdilər. Hətta başqa qadınların belə onunla görüşməsinə mane olurdular. Bütün bunlardan Xədicə çox kədərlənir və bu çirkin əməllərin Peyğəmbərə (s) zərər yetirəcəyindən çəkinib qorxurdu. Amma Xədicə bunu Peyğəmbərdən (s) gizlədirdi. Bir gün Allahın rəsulu (s) evə daxil olduqda Xədicənin kiminləsə söhbət etdiyini eşidir və bu barədə Xədicədən soruşduqda o pak qadın belə cavab verir: “Bətnimdəki uşaq mənimlə söhbət edir. O mənim munisimdir”. Peyğəmbər (s) buyurmuşdu: “Cəbrayıl mənə xəbər verib ki, bu uşaq qız uşağıdır və bizim mübarək, pak nəslimiz də ondandır. Allah-taala mənə olunan vəhy kəsildikdən sonra onları yer üzündə mənim canişin və xəlifələrim qərar verəcəkdir”. Xanım Xədicə bu minvalla hamiləlik dövrünü keçirirdi. O, Fatimənin təvəllüdü yetişdikdə Qüreyş və Bəni-Haşim qadınlarına ona hamiləlikdən azad olmaqda kömək göstərmələri üçün xəbər göndərdi, lakin Qüreyş və Bəni-Haşim qadınları bildirdilər ki, sən bizi saymayıb sözümüzü yerə saldın və Əbu Talibin yoxsul yetimi olan Məhəmmədə ərə getdin, buna görə də sənin yanına gəlməyəcəyik, sənə heç bir kömək də etməyəcəyik. Xədicə bu xəbərdən çox kədərləndi, lakin Allah-taala onu tək qoymadı. Qəflətən Bəni-Haşim qadınlarına bənzər dörd nəfər buğdayı, hündür qamətli qadın evə daxil oldu. Xədicə onları görcək qorxdu. Qadınlardan biri dedi: “Ey Xədicə, kədərlənmə! Biz Allah tərəfindən gəlmişik. Sənin bacılarınıq. Mən Sarayam (İbrahimin yoldaşı), bu, Müzahimin qızı Asyadır. O sənin behiştdəki rəfiqəndir. O birisi İmranın qızı Məryəm, digəri isə Musanın bacısı Gülsümdür. Allah-taala bizi sənin yanına sənə hamiləlikdən azad olmaqda kömək etmək üçün göndərmişdir”. Bu vaxt onlardan biri Xədicənin sağ tərəfində, o birisi sol, üçüncüsü üzbəüz, dördüncüsü isə arxa tərəfində əyləşdi. Fatimə pak-pakizə bir halda dünyaya gəldi. Dünyaya gəldiyi zaman ondan saçan nur bütün Məkkə evlərini işıqlandırdı, şərq və qərbdə nur saçılmayan bir yer qalmadı. On nəfər behişt huriləri əllərində cənnətdən gətirdikləri teşt və kövsər suyundan doldurulmuş kuzə ilə evə daxil oldular. Xədicənin qarşısında duran qadın Xanım Fatiməni götürüb kövsər suyu ilə yudu, ağappaq, ətirli iki parçadan biri ilə xanımı bələyib, digəri ilə isə başını bağladı, sonra Fatiməni dindirdi. Fatimə dil açıb Allahın birliyinə, Həzrət Məhəmmədin isə onun rəsulu olmasına şəhadət verərək belə dedi: “Şəhadət verirəm ki, yeganə Allahdan başqa Allah yoxdur. Atam Allahın rəsulu, peyğəmbərlərin başçısıdır. Ərim övliyaların sərvəri və iki övladım isə behişt cavanlarının ağasıdır”.
Həzrət Fatimənin (ə) adları
Yunis ibn Zibyan İmam Sadiqin belə söylədiyini nəql edir: “Fatimənin Allah dərgahında doqquz adı vardır – Fatimə, Siddiqə, Mübarəkə, Tahirə, Zəkiyyə, Raziyə, Mərziyyə, Mühəddəsə, Zəhra. Fatimə adının mənası hər cür pislikdən ayrılmış (və ya seçilmiş), təmizlənmiş deməkdir. Əgər Fatimə olmasaydı, möminlər ağası Əli üçün qiyamətə qədər yer üzündə həyat yoldaşı tapılmazdı”. Bəzi rəvayətlərə görə, onun Fatimə adlandırılması buna görədir ki, Xanımın yerinə yetirəcəyi işlər cəhənnəm atəşindən çox-çox uzaqdır, elm və kamal vasitəsilə başqalarından qat-qat fərqlənir. Qadınlara məxsus hər ay baş verən adətdən pakdır. İnsanlar onu tanımaqda acizdirlər. Allah-taala onu və onun mömin, Allahın birliyinə səmimi-qəlbdən inanan övladlarını, dostlarını cəhənnəm atəşindən uzaqlaşdırar.
Xanımın fəzilətləri
“Kisa” və “Mübahilə” əhlindən biri sayılan Həzrət Fatimə ən çətin dövrdə Allah yolunda hicrət edən və şərəfinə “Təthir” ayəsi nazil olan şəxsiyyətlərdəndir. Allah-taala onların paklıq və doğruluğuna şəhadət vermişdir. O, imamların anası olmaqla yanaşı, Peyğəmbər nəslinin ondan doğulub qiyamətə kimi davam edəcək yadigarıdır. Bu nurlu vücud əvvəldən axıra hər iki dünya qadınlarının xanımıdır. O, sözündə və danışığında İslam peyğəmbərinə (ə) ən çox oxşayan şəxs idi. Onun əxlaq və həyat tərzi Peyğəmbərin (s) həyat tərzi və əxlaqını xatırladırdı. Yerişi sanki Peybəmbərin (s) yerişi idi. O, həmişə atasının yanına gələndə Allah rəsulu qızını mehribanlıqla qarşılayar, əlindən öpər, nə zaman behişt ətrini duymaq istəsə, onu iyləyər və buyurardı: “Fatimə bədənimin parəsidir. Kim onu sevindirsə, məni sevindirib, kim ona pislik etsə, mənə pislik edib”. “Fatimə mənə hamıdan əzizdir”. Peygəmbərin Həzrət Fatiməyə olan sonsuz məhəbbətini ifadə etdirən “ya həbibətə əbiha” kimi kəlamlarını misal göstərmək olar ki, bu da “ey atasının dostu və məhbubu” mənasındadır.
Xanım Zəhranın (ə) ömrünün son anları və dəfn mərasimi
Həzrət Fatimə evin ortasında sərilmiş olan yatağına qayıtdı və üzünü qibləyə çevirərək yatağına uzandı. Rəvayətə görə, Həzrət Fatimə qızları Zeynəb və Ümmü-Gülsümü Bəni-Haşimdən olan bir qadının evinə göndərdi ki, analarının ölümünü görməsinlər və baş verəcək olan izdihamdan sarsıntı keçirməsinlər. İmam Əli, İmam Həsən və İmam Hüseyn bu vaxt evdə deyildilər.
Əsmadan belə rəvayət edilir ki, Həzrət Fatimə (ə) son nəfəsini verən zaman mənə belə buyurdu: “Peyğəmbər (s) vəfat edərkən Cəbrayıl cənnətdən kafur gətirmişdi. Peyğəmbər bu kafuru üç qismə ayırmışdı. Bir hissəsini özü üçün, bir hissəsini Əli üçün və bir hissəsini də mənim üçün. Kafur qırx dirhəm (qədərində) idi” Sonra belə buyurdu: “Ey Əsma! Atamın filan yerdə olan kafurunun qalanını gətir və başımın altına qoy”. Əsma kafuru gətirib başının altına qoydu. Sonra Xanım (ə) namaz qılmaq üçün dəstəmaz alarkən Əsmaya belə dedi: “Sürtdüyüm ətri gətir. Namaz qılarkən geyindiyim libaslarımı gətir”. Sonra dəstəmaz aldı. Örtüyü üstünə çəkdi və belə dedi: “Biraz gözlə, sonra məni çağır. Əgər cavab versəm, demək bir şey baş verməyib. Amma cavab verməsəm, bil ki, atamın yanına getmişəm. O zaman dərhal Əlini çağır”. Artıq ölüm anı tam yaxınlaşdıqda pərdə götürüldü və Fatimə (ə) gözlərini kəskin bir baxışla dikdi və belə buyurdu: “Cəbrayıla salam olsun! Allah rəsuluna salam olsun! Allahım, məni rəsulunun yanına al! Allahım, məni razılığına, dərgahına, əmin-amanlıq yurduna al...” Sonra belə buyurdu: “Bu, göy əhlinin karvanıdır. Bu, Cəbrayıl, o da Rəsulullahdır. Mənə səslənir: “Qızım, gəl! Burada səni qarşılayacaq şey sənin üçün daha xeyirlidir”. Sonra Xanım gözlərini açdı və belə dedi: “Əleykəssəlam, ey ruhları qəbz edən! Tələs, məni incitmə”. Sonra gözləri yumuldu, əlləri yanına düşdü. Əsma onu səslədi, cavab vermədi. Üzündəki örtüyü qaldırdı. Fatimə (ə) həyatdan ayrılmışdı. Əsma Xanıma sarılıb bir yandan öpür, bir yandan da belə deyirdi: “Ey Fatimə! Atan Rəsulullahın yanına getdiyin zaman Əsma bint Ümeysdən salam söylə”.
Həsən və Hüseyn evə daxil olduqda analarının üstünün örtülmüş olduğunu gördülər. Onlar dedilər: “Ey Əsma! Anamız bu vaxt nə üçün yatır?” Əsma dedi: “Ey Rəsulullahın oğulları! Ananız yatmır. O, bu dünyadan ayrıldı”. Həsən anasının üzərinə qapanıb bir yandan öpür, bir yandan belə buyururdu: “Anacan! Ruhum bədənimdən ayrılmamış bir daha mənimlə danış!” Hüseyn (ə) anasının ayaqlarını öpür və belə deyirdi: “Mən oğlun Hüseynəm! Ürəyim partlayıb ölmədən öncə danış mənimlə!” Əsma Həsən və Hüseynə dedi: “Ey Peyğəmbərin balaları! Gedin atanıza ananızın ölüm xəbərini verin”. Həsən və Hüseyn məscidin yanına qədər gəldilər. Sonra özlərini saxlaya bilməyib yüksək səslə ağlamağa başladılar. Bu vaxt məsciddə olan bəzi səhabələr onların yanına gələrək onlardan nə üçün ağladıqlarını soruşdular. Onlar “Anamız Fatimə öldü” – dedilər. Namaz halında ikən bu sözləri eşidən İmam Əli (ə) özündən gedərək üzü üstə yerə sərildi. Özünə gəldikdən sonra belə buyurdu: “Kim mənə təsəlli verəcək, ey Məhəmmədin qızı?”[1]
Həzrət Əlinin (ə) evindən ağlaşma səsləri yüksəldi. Mədinə şəhəri kişilərin və qadınların ağlaşma səsləri ilə matəmə qərq olmuşdu. İnsanlar Peyğəmbərin vəfat etdiyi gündə olduğu kimi bir dəhşət anını yaşayırdılar. Bəni-Haşimin qadınları Xanım Fatimənin (ə) evində toplaşıb, fəryad edib ağlayırdılar. İnsanlar axın-axın İmam Əlini (ə) ziyarətə gəlirdilər. İmam Əli oturmuş, Həsən və Hüseyn (ə) dizinin dibində için-için ağlayırdılar...[2]
Camaat ora toplanmışdı. Cənazənin evdən çıxarılmasını və ona namaz qılmağı gözləyirdilər. Bu vaxt Əbuzər çölə çıxdı və toplanmış camaata: “Dağılışıb gedin! Fatimənin cənazəsinin evdən çıxarılması axşam gec saatlara qədər təxirə salındı” – deyə buyurdu. Əbu Bəkr və Ömər gəlib İmam Əliyə başsağlığı verdilər və belə dedilər: “Ey Əbülhəsən! Allah rəsulunun qızının cənazə namazını bizə xəbər vermədən qılma!”[3]
Camaat cənazə mərasiminin səhər açıldıqdan sonra keçiriləcəyini düşünürdü. Rəvayətə görə, Həzrət Fatimə (ə) əsr namazından sonra və ya gecənin ilk saatlarında vəfat etdi. İmam Əli (ə) o gecə Xanım Fatiməyə qüsl verib kəfənlədi. Əsma da ona kömək edirdi. Sonra övladlarına dedi: “Gəlin son dəfə ananızı ziyarət edin. Çünki bu, ayrılıq anıdır və görüş cənnətdə olacaqdır...” Bir müddət keçdikdən sonra Həzrət Əli (ə) onları analarının cənazəsindən uzaqlaşdırdı.[4]
İmam Əli (ə) cənazə namazını qıldı və əllərini göyə qaldırdıb belə səsləndi: “İlahi! Bu, Peyğəmbərin qızı Fatimədir. Onu qaranlıqlardan nura çıxartdın. Beləcə, o hər bir tərəfi aydınlatdı”.
Bütün səslər kəsilib gözlər yuxuya daldığı gecənin bir yarısında Həzrət Əli, Abbas, Fəzl ibn Abbas və daha bir nəfər bu möhtərəm cənazəni götürdülər. Həsən, Hüseyn, Əqil, Salman, Əbuzər, Miqdad, Bureydə və Əmmar da cənazəyə yoldaşlıq edirdilər.[5]
İmam Əli (ə) qəbrə endi və Rəsulullahın ciyərparəsini alıb qəbrə yerləşdirdi və belə dedi: “Ey torpaq! Əmanətimi sənə əmanət edirəm. Bu, Rəsulullahın qızıdır. Bismillahi və billah və əla milləti Rəsulillah Muhəmməd ibn Abdullah. Ey Siddiqə! Səni məndən daha övla (yaxın) olana təslim edirəm. Allahın sənin üçün razı olduğu şeylərə mən də razıyam”. Sonra bu ayəni oxudu: “Sizi ondan (torpaqdan) yaratdıq; yenə sizi ora qaytaracağıq və bir daha sizi ordan çıxaracağıq”.[6] Sonra qəbirdən çölə çıxdı. Orada olanlar məzarın üstünü örtməyə başladılar. Həzrət Əli də məzarın bəlli olmaması üçün torpağı yaydı və yer ilə bərabər etdi. Beləliklə, dəfn mərasimi tez bir şəkildə tamamlandı. Çünki camaatın bunu görüb məzarlığa axın etmələrindən qorxurdular...”[7]
Cənazəni qəbirdən çıxarmağa cəhd etmələri
“Səhər açılan kimi insanlar Həzrət Zəhranın (ə) cənazə mərasiminə qatılmaq məqsədilə İmam Əlinin (ə) evinə doğru hərəkət etdilər. Bu vaxt Rəsulullahın sevimli qızının gecə ikən kimsəyə xəbər verilmədən gizlicə dəfn edildiyini eşitdilər. İmam Əli (ə) Bəqi məzarlığında yeddi və ya daha çox məzarın üzərindəki torpağı yerlə bir səviyyədə düzəltmiş, Fatimənin məzarını bu cür gizlətmişdi. Beləliklə, insanlar dərhal Bəqi məzarlığına gəlib Fatimənin məzarını axtardılar. Ancaq qəbri tapa bilmədilər. Dünya və axirət qadınlarının seyidəsinin məzarının hansı olduğunu müəyyənləşdirə bilmədilər. (Hər tərəfi) bir gurultu səsi bürümüşdü. Bir-birlərini qınamağa başladılar. Belə deyirdilər: “Peyğəmbərimizdən yadigar olaraq sizə bir qızı qalmışdı. O vəfat etdikdə yanında olmadınız, namazını qılmadınız, üstəlik məzarının da harada olduğunu bilmirsiniz”. Bəziləri belə dedilər: “Müsəlman qadınları çağırın, bu torpağı dümdüz edilmiş qəbirləri açsınlar. Beləcə, Fatimənin nəşini çıxarıb namazını qılarıq”.
Əbu Bəkr və Ömər camaatla birlikdə Xanım Fatimənin (ə) namazını qılmaq üçün gəldikləri zaman Miqdad çıxıb belə dedi: “Fatiməni gecə dəfn etdik”. Bu vaxt Ömər Əbu Bəkrə dönərək: “Sənə bunu edəcəklərini demədimmi?” – söylədi. Abbas belə buyurdu: “Fatimə siz ikinizin ona cənazə namazı qılmamağınızı vəsiyyət etmişdi”. Bu vaxt Ömər belə dedi: “Ey Haşim oğulları! Bizə qarşı bəslədiyiniz qədim qısqanclığınızı heç bir zaman tərk etməyəcəksiniz. Bu, içinizdəki kin-küdurətin əlamətidir ki heç bir zaman yox olmayacaq. Allaha and içirəm ki, onun qəbrini açıb cənazəni çıxaracağam və namazını qılacağam”.[8]
Camaatın Həzrət Fatimənin (ə) qəbrini açmaq istədikləri xəbəri İmam Əliyə (ə) çatdı. Bu zaman dərhal döyüşlərdə geyindiyi sarı libasını geyinib “Zülfüqar”ını götürərək yola çıxdı. Qəzəbdən gözləri qızarmışdı. Belə bir halda Bəqi məzarlığına getdi. İmam Əlinin Bəqi məzarlığına gəlməsi xəbəri orada olanlara çatdı. Biri belə səsləndi: “Görürsünüzmü? Bu gələn Əli ibn Əbu Talibdir. Allaha and içir ki, əgər bu məzarlardan birinin daşı yerindən oynadılarsa, bu işi edənlərin boyunlarını qılıncı ilə vuracaq”. Bu vaxt bir kəs Əlini görən kimi belə dedi: “Nə olub sənə, ey Əbülhəsən?! Allaha and içirəm ki, onun qəbrini açacağıq və nəşini çıxarıb namazını qılacağıq”. Həzrət Əli (ə) o kəsin yaxasından tutub silkələdi, sonra onu yerə çırpıb dedi: “Mənə bax! Ey qara qadının oğlu! Mən xilafət haqqımdan əl çəkdim. Çünki insanların dindən dönəcəklərindən qorxdum. Amma Fatimənin qəbrinə gəlincə, Əlinin canını əlində tutana and olsun ki, əgər sən və ya yoldaşların o torpaqdan bir daş qaldırsanız, bu torpağı sizin qanlarınız ilə suvaracağam”. Bu zaman Əbu Bəkr belə dedi: “Ey Əbülhəsən! Rəsulullah və Fatimənin haqqı xatirinə onu burax. Sənin istəmədiyin bir şeyi etməyəcəyəm. Bu vaxt İmam Əli (ə) o kəsi buraxdı və insanlar da dağılışıb getdilər”.[9]
Qeyd edək ki, Xanım Zəhranın (ə) şəhid olduğu gün barədə üç məşhur rəy mövcuddur: Xanım Zəhra Peyğəmbərdən (s) ya 40 gün sonra, ya 75, ya da 95 gün sonra şəhid olmuşdur.
Məqalədə Şeyx Abbas Qumminin Azərbaycan dilinə tərcümə olunmuş “Beytul-əhzan” kitabından istifadə olunmuşdur.
Hadis.az
Copyright 2025 Hadis.Az