Cavab
Sual
Cavab
“Vəsailuş-şiə” kitabının müəllifi Şeyx Hürr Amiliyə nisbət verilən bu sözlər onun sözünün kontekstdən çıxarılmış formasıdır. Şeyx Hürr Amili Əllamə Hilli və onun ustadı tərəfindən əsası qoyulan hədis bölgüsü ilə bağlı yeni terminlərə qarşı çıxmış alimlərdəndir. Çünki yeni terminə əsasən, hədisi səhih, həsən, müvəssəq və zəif olaraq dörd yerə bölürlər (bu terminlərin hər biri haqqında saytımızın terminlər bölümündə məlumat vermişik). Lakin qədim alimlərə görə, hədis yalnız iki hissəyə bölünürdü: səhih və zəif. Şeyx Hürr Amili də hədis bölgüsünü qədim alimlərdə olduğu kimi iki hissədən ibarət olaraq qəbul edir, yeni termin olan hədisin dörd hissəyə bölünməsi ilə müxalifətçilik edirdi. Yuxarıda qeyd etdiyiniz cümləni də hədisi məhz bu dörd hissəyə bölənlərə tutduğu iradların içində qeyd etmişdir. Orada “Əgər hədislərimiz (hədis elminin qaydaları əsasında) araşdırılsa, hamısı zəif çıxacaqdır" – əlavə edilmiş mötərizə cümləsi ilə və cümləni mətndən ayırmaqla cümləni daşıdığı mənadan başqa bir mənaya yönəltmişlər. Şeyx Hürr Amilinin dediyi cümlənin bütöv hissəsi aşağıdakı kimidir: بل يستلزم ضعف الأحاديث كلها، عند التحقيق، لأن الصحيح عندهم -: "ما رواه العدل، الإماميّ، الضابط، في جميع الطبقات. و لم ينصوا على عدالة أحد من الرواة، إلا نادراً، و إنما نصوا على التوثيق، و هو لا يستلزم العدالة، قطعا "(Hədisləri dörd hissəyə bölməkdən ibarət olan yeni termini qəbul etsək, nəinki hədislərimizin çoxunun,) hətta bütün hədislərimizin zəif olmasına gətirib çıxaracaq. Çünki yeni terminin tərəfdarlarına görə, səhih hədis bütün təbəqələrdə ravisi ədalətli, 12 imam şiəsi və eşitdiyi sözü yaxşı hifz edən hədisə deyilir. Rical alimləri isə çox nadir hallar istisna olmaqla ravilərin ədalətli olmasına işarə etməmiş, yalnız onların güvənilən şəxs olmasını bildirmişlər. Bu isə daim ədaləti gərəkdirmir” (Şeyx Hürr Amili, Vəsailuş-şiə, c. 30, səh. 360). Təbii ki, burada qeyd etdiyimiz belə tam mətn deyil. Sadəcə bir az aydın olsun deyə bu miqdarı nəql etməklə kifayətlənirik. Burada Şeyx Hürr Amili hədislərimizin hamısının onun nəzərində zəif olmasını demir, sadəcə yeni terminə əsasən bölgü aparılarsa, o zaman gərək hədislərin əksəriyyətinin, yaxud hamısının zəif olmasını deyək deyir. Bu da termində səhih hədisə verilən tərifə görə, həmçinin Şeyx Hürr Amilinin rical alimlərinin ravinin güvənilən olması barədə verdikləri şəhadətin ədalət mənası verməməsini qəbul etdiyinə görədir. Halbuki bir çox alimlərimiz rical alimlərinin ravinin başqa əqidədə, yaxud hansısa günah sahibi olmasını qeyd etmədən onun barədə “güvənilən şəxsdir” deməsinin elə onun ədalətli olması mənasında olduğunu qəbul etmişlər. Bununla da Şeyx Hürr Amilinin onlara olan iradı əsassız sayılmışdır. Qeyd edək ki, bizim alimlərimizə görə rical və hədis qəbulundakı şərtlərdə ictihad qapısı açıqdır. Yəni hər bir alim bu iki sahə barədə özü araşdırma aparıb müəyyən qənaətə gəlməlidir. Digər bir alimin bu barədə gəldiyi qənaət başqa bir alim üçün yetərli və höccət sayılmır.
Copyright 2025 Hadis.Az