Cavab

Sual

Səlamun ələykum və rəhmətullah. Rical kitablarında bir kəs haqqında o "şeyxi-icazədir" ifadəsinin işlənməsi onun vəsaqətinə dəlalət edərmi?

Cavab

Aleykum salam.

Rical elmində hər hansısa bir kitabı rəvayət (nəql) edilməsi üçün digər raviyə icazə verən ravilərə “məşayixul-icazə” (icazə şeyxləri) deyilir. Kitabı nəql etmək üçün ravidən icazə almaq özü hədis təhəmmülünün (hədisin rəvayət edilməsi üçün bir ravidən əxz olunmasının) yollarından biridir. Burada rəvayət üçün icazə verən ravi icazə şeyxi hesab olunur. Bir şəxsin icazə şeyxi olmağının onun vəsaqətinə (etibarlı olmasına) dəlalət edib-etməməsi barədə rical elmində müxtəlif görüşlər var. Seyid Əbülqasim Xoyi “Mucəmur-rical” kitabının müqəddiməsində (c. 1, səh. 72) qeyd edir ki, icazə şeyxinin tövsiqdən (güvənilən ravi olmasının təsdiqlənməsindən) ehtiyacsız olması fikri məşhurdur. Lakin bu fikrə qarşı çıxaraq icazə şeyxi olmağın nəinki tövsiqə, hətta ravinin mədh olunmasına (təriflənməsinə) belə dəlalət etmədiyini qeyd edir. Mühəqqiq Tüstəri isə “Qamusur-rical”da (c. 1, səh. 74) icazə şeyxinin tövsiqə ehtiyaclı olmamasını başqa cür təfsir edir. Belə ki, əgər icazə şeyxi başqa raviyə öz kitabını rəvayət etməyi icazə verirsə, bu zaman icazə şeyxinin tövsiqə ehtiyacı var. Kitabındakı hədislərin hamısının başqa mötəbər kitabdakı hədislərlə uyğun olduğu hal isə buradan istisnadır. Əgər icazə şeyxi öz kitabını deyil, başqa birinin kitabını rəvayət etməyi icazə verirsə, bu zaman o kitabın müəllifinə nisbəti qətidirsə (“əl-Kafi”nin Şeyx Kuleyniyə nisbətinin qəti olduğu kimi), icazə şeyxinin tövsiqinə ehtiyac yoxdur. Çünki bu zaman icazə şeyxinin sənəddə qeyd olunması yalnız sənədin qopuq olmayıb, müttəsil (bitişik) olmasına görədir. Bu cür sənədə “şərəfi” sənəd deyilir. Əgər kitabın müəllifinə nisbəti qəti deyilsə, o zaman icazə şeyxinin tövsiqinə ehtiyac var. Buradan məlum olur ki, Mühəqqiq Tüstəriyə görə icazə şeyxi olmaq ravinin vəsaqətinə dəlalət etmir. Sadəcə bəzi hallarda bu şəxsin vəsaqətinə ümumiyyətlə ehtiyac olmur. Seyid Məhəmmədrza Sistani də “Qəbəsatun min elmir-rical” kitabında (c. 1, səh. 149) icazə şeyxinin tövsiqdən ehtiyacsız olması sözünün icazə şeyxinin icazə verdiyi şəxsin yanında siqə olması və ya şəxsin etimad edilən biri olması mənasında olmadığını qeyd etmişdir. Sonra isə bu sözün mənasının icazə şeyxinin sənəddə qeyd olunmasının həqiqi deyil, yalnız şərəfi olmasını ifadə etdiyini yazır. O, bu deyilən sözün yalnız fehrest kitablarında özünün kitabının olması məlum olmayan ravi barədə uyğun gəldiyini deyir. Çünki ravinin öz kitabı olduğu surətdə nəql edilən hədisin sənədində olduğu zaman hədisin onun öz kitabından götürülmə ehtimalı mövcuddur. Bu zaman da onun siqə olması sabit olmalıdır. Lakin icazə şeyxinin öz kitabının olması məlum olmasa və nəql etdiyi kitabın nüsxəsi onun zamanında məşhur olarsa, yaxud atasının, babasının və ya ona yaxın olan birinin kitabını nəql edərsə, bu zaman icazə şeyxinin siqə olmasını isbat etməyə ehtiyac olmur. Çünki onun hədis nəqlindəki rolu yalnız hədisin sənədini müttəsil (bitişik) etməkdir. Buna görə də bu sənəd şərəfi sənəd sayılır. Buna misal olaraq öz atalarının kitabını nəql etmiş Əhməd ibn Məhəmməd ibn Yəhya Əttar və Əhməd ibn Məhəmməd ibn Həsən ibn Vəlidi misal çəkmək olar.