Cavab

Sual

Səlamun ələykum. Xəbəri vahid höccət (dəlil) sayılırmı? Höccət sayılırsa nəyə əsasən höccət sayılır? Höccət olmasına dəlil nədir? Əqidəvi məsələlərdə də ona söykənmək olarmı?

Cavab

Aleykum salam.

Qeyd etdiyiniz sual üsuli-fiqh kitablarında çox geniş müzakirə edilir. Biz burada yalnız qısa şəkildə işarə etməklə kifayətlənəcəyik. Ümid edirik, saytımızda zaman-zaman bu barədə yerləşdiriləcək geniş məqalələrdə daha ətraflı məlumatlar əldə etmiş olarsınız. Xəbəri-vahidin höccət olması üçün dörd dəlildən – Quran, sünnə, icma və ağılın hökmündən dəlil təqdim etmişlər. Lakin bunların hər biri barədə mübahisələr aparılmış, bir hissəsi dəlil kimi qəbul edilmiş, digər bir hissəsi isə qəbul edilməmişdir. Misal üçün, Şeyx Mürtəza Ənsari özünün “Fəraidul-usul” kitabının 1-ci cildinin 254-cü səhifəsindən 366-cı səhifəsinə qədər bu barədə geniş müzakirələr aparıb. Ondan sonra gəlmiş üsuli-fiqh alimləri də bu müzakirələrə qoşulub mövzunu daha da ətraflı araşdırmışlar. Qurani-Kərimdən bu barədə təqdim edilən ən məşhur dəlil “Hücurat” surəsinin 6-cı ayəsidir: “Ey iman gətirənlər! Əgər bir fasiq sizə bir xəbər gətirsə, dərhal (onun doğruluğunu) yoxlayın, yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız!” Bu ayənin məfhumunun fasiq olmayan (adil) bir şəxs xəbər gətirdikdə onun xəbərinin araşdırmağa ehtiyaclı olmadığı mənasını ifadə etməsi iddia edilmişdir. Təbii ki bu fikir barədə üsuli-fiqh kitablarında geniş müzakirələr aparılıb. Xəbəri-vahidin müəyyən bir hissəsinin höccət olmasına gətirilən digər bir dəlil isə mütəvatir həddində olan hədislərdir. Burada mütəvatirdən məqsəd məna cəhətindən mütəvatir olan, yaxud icmali mütəvatir adlanan və müəyyən bir qrup hədis içində məsum tərəfindən deyilməsinə yəqin etdiyimiz hədis mənası verən hədislər nəzərdə tutulur. Xəbəri-vahidin höccət olması üçün təqdim edilən ən əsas dəlil isə “sirətul-üqəla” (ağıl sahiblərinin davranışı) adlanan dəlildir. Ağıl sahiblərinin davranışından məqsəd onların öz gündəlik həyatlarında və cəmiyyətdə qəbul etdikləri davranış qaydaları, prosedurlar və əsaslandıqları prinsiplərdir. Məsumların (ə) dövründə yaşamış ağıl sahibləri də bu prinsiplər əsasında öz yaşayışlarını qurduqları üçün burada yanlış olan hər hansı bir prinsip barədə məsumlar (ə) əksüləməl göstərməli və onların yanlış etdiklərini onlara bildirməli idilər. Bu barədə sükut etmələri isə onların (ə) ağıl sahiblərinin gördükləri bu işlə razı olduqları anlamında idi. Ağıl sahiblərinin gündəlik yaşayışlarında əsaslandıqları əsas prinsiplərdən biri isə güvənilən (siqə) şəxsin xəbərinə inanmaq və onun əsasında əməl etməkdir. Burada qeyd etdiklərimiz qısa olaraq xəbəri-vahidin höccət olması üçün təqdim edilmiş dəlillər idi. Əqidəvi məsələlərdə xəbəri-vahidə söykənməyə gəlincə isə xəbəri-vahid zənn ifadə edir. Yalnız şəriət sahibinin onu höccət bilməsi ilə təəbbüdü olaraq elm sayılır. Əqidənin əsasları barədə isə zənnə deyil, həqiqi elmə əsaslanmaq lazım olduğu üçün hədislərdən yalnız mütəvatir olan, yaxud yəqin gətirəcək qərinələr (əlamətlər) ilə əhatələnmiş hədisə əsaslanmaq icazəlidir. Bəli, bəzi böyük alimlər xəbəri-vahidin şəriət sahibi tərəfindən elm hesab edilməsini əsas götürərək (Allahın varlığı və s. kimi) ən əsas əqidəvi məsələlərdə deyil, əqidənin təfərrüatlarında onun mötəbər olan qisminə söykənməyi icazəli bilmişdir.