Cavab

Sual

Səlamun ələykum. Quranın zahiri deyildikdə nə nəzərdə tutulur? "Quranın zahiri höccətdir" sözünün mənası nədir? Əxbarilər Quranın zahirini höccət bilmirdi yəni nə? Bəzi alimlərin kitablarında qeyd etdikləri bu cümlədə ("Əxbarilər Quranın zahirini höccət bilmirdi") hansı əxbarilər nəzərdə tutulur? Hürr Amili kimi alimlər ya başqaları?

Cavab

Aleykum salam.

Quranın zahiri dedikdə onun hamı tərəfindən anlaşılan ilkin mənası nəzərdə tutulur. Quranın zahirinin höccət olması onun ilkin anlaşılan mənasını əsas alıb onun əsasında əməl etmək deməkdir. Bunu höccət bilmiş alimlərimiz belə Quranın ilkin anlaşılan mənasını Quranın təfsirində gəlmiş mötəbər hədislər onu başqa bir mənaya aid etdiyi, yəni zahirindən anlaşılan mənadan başqa bir mənaya təfsir etdiyi surətdə Quranın zahirini höccət bilmirlər. Çünki hər bir kəlam onu əhatə etmiş və onun anlaşılması üçün nəzərdə tutulmuş əlamətlərlə (qərinələrlə) birgə tam anlaşılmış olur. Peyğəmbər (s) və onun Əhli-beyti (ə) Quranın müəllimləri və onu insanlara izah edən şəxslər olduqları üçün onların Quranın hansısa bir ayəsinin təfsiri və izahı barədə buyurduqları Quranın anlaşılması üçün nişanələr (qərinələr) hesab olunur. Odur ki ayənin zahiri mənasından bir şey anlaşıldıqda, Peyğəmbər (s) və onun Əhli-beytindən (ə) isə o ayənin izahı barədə gəlmiş mötəbər hədisdə həmin ayə zahirdən anlaşılan mənadan başqa bir məna ilə izah olunduqda, əksər alimlərimizə görə, ayənin zahiri mənası deyil, mötəbər hədisdə gəlmiş mənası əsas götürüləcək. Burada üsuli və əxbari alimlər arasında fərq yoxdur. Qeyd etməliyik ki, Quran ayələrinin təfsiri barədə gəlmiş hədislər və onların üslubları çox fərqlidir. Bəzi hədislər ayənin mənasını izah etməyərək yalnız ayənin şamil olduğu fərdlərdən, misdaqlardan birini (bəzən ən kamilini) bizə bəyan etmiş olur. Bu zaman ayənin zahirini hədisdə gəlmiş həmin fərdlə məhdudlaşdıra bilmərik. Çünki hədis zahiri mənanı inkar etmir, yalnız zahiri mənanın fərdlərindən birini bizə açıqlayır. Müəyyən mədh ayələrinin Əhli-beytə (ə) aid olmasını, məzəmmət ayələrinin isə onların düşmənlərinə aid olmasını bəyan etmiş hədislər buna misal ola bilər. Bəzən isə ayənin təfsirində gəlmiş hədis Quran ayəsinin zahirinin deyil, batini mənasının izahı üçün gəlmiş olur. Bu zaman da qeyd edilən hədis ayənin zahiri mənasını dəyişmiş olmur. Çünki Əhli-beytin (ə) özü müəyyən hədislərində Quranın zahirinin və batininin olduğunu bildirmiş və bunların hər birinin ayrı mərtəbə olduğunu bizə bəyan etmişdir (müraciət et: Əllamə Məclisi, Biharul-ənvar, c. 89, səh. 78). Əxbari alimlərimizin üsuli alimlər ilə Qurani-Kərimin zahirinin höccət olması barədə müştərək və fərqli rəyə malik olduqları yer var. Müştərək rəyə malik olduqları yer Quranın zahirinin höccət olması üçün Əhli-beytdən (ə) gəlmiş mötəbər hədislərə müraciətin zəruri olması və Əhli-beytdən (ə) gəlmiş mötəbər hədislə Quranın zahiri mənası fərqli şəkildə təfsir edildikdə bu zaman Əhli-beytin (ə) izahının əsas götürülməsidir. Lakin əxbari alimlərin üsuli alimlərdən Quranın zahirinin höccət olması barədə fərqləndikləri rəy məhz barəsində Əhli-beytdən (ə) bizə gəlib çatmış bir hədis olmayan ayələrin zahiri mənasının höccət olub-olmamasındadır. Üsuli alimlər Quranın zahiri mənasının fərqli olması barədə hədis gəlmədiyi surətdə Quranın zahiri mənası əsasında fətva verməyi icazəli bilmiş, əxbari alimlər isə bu kimi yerlərdə Quranın zahirinin höccət olmamasını və onun əsasında fətva verməyin doğru olmadığını bildirmişlər. Şeyx Hürr Amili “Vəsailuş-şiə” kitabında bu mənaya dəlalət etməsini iddia etdiyi hədisləri topladığı babı “nəzəri hökmləri Quranın zahirindən istinbat etməyin yalnız imamların (ə) həmin ayələrə olan təfsirlərinə müraciət etdikdən sonra icazəli olması” adlandırmışdır (müraciət et: Hürr Amili, “Vəsailuş-şiə”, c. 27, səh. 176). Şeyx Hürr Amilinin “Vəsailuş-şiə” kitabındakı adəti budur ki, hədislərdən gəldiyi şəxsi qənaətini və öz rəyini hədisləri topladığı babın adında qeyd edir. Buna görə də hər bir baba verdiyi ad Şeyx Hürr Amilinin gəldiyi qənaət və şəxsi rəyi hesab olunur. Buradan da onun mövzu barədə rəyi anlaşılmış olur. Çünki onun bu hədisləri topladığı baba vermiş olduğu adın zahirindən anlaşılan budur ki, Quranın zahirinə əsasən fətva vermək yalnız məsumlardan (ə) həmin ayələrin təfsiri barədə bizə məlumat gəldiyi surətdə icazəlidir.