Cavab

Sual

Səlamun ələykum, Muhəmməd Hənəfiyyə və Əbu Həmzə Somali haqqında bəzi şeylər eşitdim, məsələn Muhəmməd Hənəfiyyənin imamlıq iddiası etməsi kimi və Əbu Həmzənin şərab içən adam olması kimi və buna görə də bir sıra alimlər onları cərh ediblər bu nə dərəcədə doğrudur? Bu barədə məlumat verməyinizi xahiş edirəm

Cavab

Aleykum salam.

Adlarını qeyd etdiyiniz hər iki şəxs böyük şəxsiyyətlərdən olublar. Onların haqqında qeyd edilənlərin isə heç bir əsası yoxdur. Bu barədə aşağıda qeyd etdiyimiz dəlillərlə kifayətlənirik:

Məhəmməd Hənəfiyyənin imamət iddiası etməsi səhih sənədli hədislərə müxalifdir. Şeyx Kuleyninin səhih sənədlə nəql etdiyi hədisə əsasən, Məhəmməd Hənəfiyyə İmam Səccadın (ə) imamətini qəbul etmişdir. Onun İmam Səccadla (ə) imamət barədə olan söhbəti və Kəbəyə gələrək həcərüləsvədin hansının həqiqi imam olması ilə bağlı şəhadət verməsini istəməsi isə digər şəxslərin həqiqi imamı tanıması üçün olan bir iş idi.

Keysaniyyə firqəsinin Məhəmməd Hənəfiyyəni imam bilmələri isə Məhəmməd ibn Hənəfiyyənin özünün belə bir iddiada olmasını göstərmir. Kəşşi öz sənədi ilə İmam Məhəmməd Baqirdən (ə) nəql edir ki, Əbu Xalid Kabuli Məhəmməd ibn Hənəfiyyənin imamətinə etiqad edirdi. Ta ki Məhəmməd özü Əli ibn Hüseynin (İmam Zeynülabidinin (ə)) onun və digər müsəlmanların imamı olmasını ona bildirdi (Müraciət et: Seyid Xoyi, “Mucəmur-rical”, c. 17, səh. 55).

Əbu Həmzəyə (Sabit ibn Dinar) gəldikdə isə böyük rical alimləri olan Şeyx Nəcaşi və Şeyx Tusi onun siqə (etimad olunan) olduğu bildirmiş, hətta Nəcaşi onun barəsində belə yazmışdır: “Əshabımızın ən seçilmişlərindən, siqələrindən, hədis və rəvayətdə etimad olunanlarındandır. İmam Cəfər Sadiqdən (ə) nəql olunmuşdur ki, Əbu Həmzə öz zamanında Salmanın öz zamanında olduğu kimi idi” (“Ricalun-Nəcaşi”, səh. 115).

Əbu Həmzənin şərab içdiyini nəql edən şəxs Əli ibn Həsən olub. O, Əbu Həmzəni görməyib deyə şəhadətini məqbul hesab edə bilmərik. Xüsusən Nəcaşinin onun barədə yuxarıda nəql etdiyimiz sözünü və Şeyx Səduqun onun ədalətli biri olması barədə şəhadətini nəzərə aldıqda. Bundan əlavə onun şərab içməsi barədə nəql olunan digər rəvayət isə mürsəldir və buna görə də zəif hesab olunur (Müraciət et: Seyid Xoyi, “Mucəmur-rical”, c. 4, səh. 296).