Cavab
Sual
Cavab
İlk öncə bunu qeyd edək ki, termin olaraq istifadə edilən sözlər və onların mənası barədə ayə və hədis gəlmədiyi surətdə onların hər hansısa bir dəlillik qabiliyyəti olmur. Eyni məzhəb və fikrə mənsub olan iki alim eyni sözü iki fərqli mənada işlədə bilər. Çünki onlardan birinin bu barədə verdiyi tərif digərinin verdiyi tərifdən fərqlənə bilir. Həmçinin hər hansı bir termini müəyyən tərif çərçivəsində qəbul etmiş alim belə bəzən o sözü termin mənasında deyil, sırf lüğəvi mənasında işlədə bilər. Bu müqəddiməni əsas alaraq sualınıza icmali şəkildə belə cavab veririk:
“Bizdə (yəni Şiəlikdə) səhabənin tərifi belədir: "Səhabə o kəsdir ki, Peyğəmbərlə (s) görüşüb, ona iman gətirib və İslam üzərində vəfat edib. Həmçinin o, özünü mürtədlikdən qorumuş və ölənə qədər İslam dinində qalmış olmalıdır" – deyə qeyd etdiyiniz cümlə tam mənasında doğru hesab olunmur. Çünki səhabənin tərifi barədə ittifaq deyilən bir şey yoxdur. Hətta bəzi alimlər səhabənin tərifi barədə səkkiz fərqli tərif zikr etmişlər (müraciət et: Şeyx Abdullah Mamaqani, Miqbasul-hidayə, c. 2, səh. 325-328).
Təbii ki, axtarış edən şəxs qeyd edilən səkkiz tərifdən əlavə təriflər də tapa bilər. Hətta bütün bu təriflərdən əlavə səhabə sözünün lüğətdəki mənası da mövcuddur. O da hər hansı bir şəxslə az və ya çox söhbəti olmuş şəxsə deyilir. Buna əsasən də Şeyx Müfidin, Şeyx Cəvahirinin və Seyid Xoyinin Ömər və ya Osmanı səhabə adlandırması (onlardakı) hansısa əlavə bir xüsusiyyətə dəlalət etmir. Çünki mümkündür ki, bu alimlər adları qeyd edilən şəxsləri lüğəvi mənada və ya işarə olunan səkkiz tərifdən biri əsasında səhabə adlandırmışlar. Bu cəhətdən də sualda qeyd edilən əsaslandırma yanlış hesab olunur.
Bundan əlavə, sualda qeyd edilən tərif Şəhidi-saninin “ər-Riayə” adlı əsərində qeyd etdiyi tərifdir (müraciət et: Rəsailu fi dirayətil-hədis, c. 1, səh. 269). Bu tərifi də əsas götürdükdə yenə də qeyd edilən alimlərin Ömər və Osmanı səhabələrdən saymaqlarında hər hansı bir problem yoxdur. Çünki tərifə diqqət yetirsəniz, Şəhidi-sani Peyğəmbərə (s) iman gətirmiş şəxsin islam üzərində dünyasını dəyişməsindən danışır. Münafiq də öldükdə islam üzərində dünyasını dəyişmiş sayılır. Çünki şəhadəteyni dildə iqrar etmiş olur. Buna görə də mümkündür ki, bu şəxsləri qeyd edilən tərif əsasında səhabə adlandıran şəxs onların zahirən müsəlman, batinən isə küfr halında dünyasını dəyişmiş olmalarını nəzərdə tutmuş olsun.
Copyright 2025 Hadis.Az