Cavab

Sual

Səlamun ələykum. "Quranı Quran ilə təfsir etmək" deyildikdə nə nəzərdə tutulur? Hədislərdə Quranın Quran ilə təfsir edilməsi qadağan olunduğu halda nə üçün bəzi alimlərimiz bunu icazəli bilirlər? Onlar bu hədisləri necə izah edirlər?

Cavab

Aleykum salam. “Hədislərdə Quranın Quran ilə təfsir edilməsi qadağan olunduğu halda” - dedikdə ola bilsin məqsədiniz İmam Baqirdən (ə) nəql olunmuş “Quranın bir hissəsini bir hissəsinə vuran şəxs kafir olmuşdur” – hədisidir.

Bu hədisi Şeyx Bərqi “Məhasin” kitabında, 1-ci cild, 212-ci səhifədə, Şeyx Kuleyni isə “əl-Kafi” əsərində, 2-ci cild, 633-cü səhifədə eyni sənədlə, eyni əsərin 632-ci səhifəsində isə Nəzr ibn Süveyddən başqa bir sənədlə nəql etmişdir. Şeyx Səduq da “Səvabul-əmal və iqabul-əmal” kitabının 280-ci, həmçinin “Məanil-əxbar” kitabının 190-cı səhifəsində Hüseyn ibn Səiddən ayrı sənədlə bu hədisi nəql etmişdir. O cümlədən Əyyaşi də öz təfsir kitabında (c. 1, səh. 18) hədisi Müəmmər ibn Süleymandan nəql edib. Bu təbəqədə Müəmmər ibn Süleyman barədə rical kitablarında məlumat gəlmədiyi üçün ola bilər Qasim ibn Süleymanın yerinə səhvən Müəmmər ibn Süleyman qeyd olunub. Necə ki Əllamə Məclisi Əyyaşinin öz təfsirində bu hədisi Qasimdən nəql etdiyini qeyd edir (müraciət et: Biharul-ənvar, c. 92, səh. 39). Bu da Əyyaşinin təfsirinin Əllamə Məclisidə olan nüsxəsində hədisin Müəmmərdən deyil, Qasimdən nəql olunduğunu göstərir.

Bu hədisin sənədində yalnız Qasim ibn Süleyman barədə araşdırma aparmaq lazımdır. Çünki müxtəlif sənədlərin bir hissəsində Qasim ibn Süleymandan başqa digər ravilər barədə açıq şəkildə tövsiq gəlmişdir. Qasim ibn Süleyman barədə açıq tövsiqin gəlməməsi onun siqə ravi olub-olmaması barədə müzakirələrə səbəb olub. Bəzi rical alimləri müəyyən ravinin tövsiqi üçün Əli ibn İbrahim Qumminin təfsirində o ravinin imamlara (ə) gedib çatan hədis nəql etməsini kifayət bilmişlər (məsələn, Seyid Xoyi). Bu nəzərə əsasən, Qasim ibn Süleyman siqə ravi hesab olunur. Bəzi rical alimləri də böyük ravilərdən olan Nəzr ibn Süveydin Qasim ibn Süleymandan çoxlu hədis nəql etməsi səbəbilə onu siqə biliblər. Lakin, bu nəzərləri qəbul etməyən alimlərə görə, hədis sənəd baxımından mötəbər sayılmayacaq.

Bununla belə, bu məzmunda hədisin müxaliflərin kitablarında da bir neçə yolla və fərqli formada nəql olunması (müraciət et: Əhməd ibn Hənbəl, əl-Müsnəd, c. 11, səh. 353; İbn Buttə, əl-İbanə, c. 1, səh. 163), həmçinin hədis qəbulunda sərtliyi ilə seçilən və Şeyx Səduqun bu mövzuda çox etimad etdiyi ustadı Məhəmməd ibn Həsən ibn Vəlidin bu hədisi təfsir edərək onu inkar etməməsi kimi qərinələri əsas götürüb hədisin məzmununa vüsuq (inam) əldə etmək mümkündür.

Hədisin məzmununa gəlincə isə Şeyx Səduq bu hədisin mənasını ustadı Məhəmməd ibn Həsən ibn Vəliddən soruşduqda onun belə cavab verdiyini qeyd edir:

“Bir şəxs bir ayənin təfsirinin cavabında başqa bir ayənin təfsiri ilə cavab versin” (Məanil-əxbar, səh. 190).

Məhəmməd ibn Həsən ibn Vəlidin bu hədisə verdiyi şərhə əsasən, hədisdə qadağan olunan şey bir ayənin başqa ayənin təfsiri ilə təfsir olunmasıdır. Bu da Quranın Quranla təfsirini ehtiva etməklə yanaşı, daha geniş dairəyə şamil olur. Belə ki, bu izaha əsasən, hədisdə təkcə şəxsi rəy əsasında təfsir olunmuş ayə ilə başqa ayəni təfsir etmək deyil, hətta hədis əsasında təfsir olunmuş ayə ilə də digər ayəni təfsir etmək də qadağan olunur. Bu səbəbdən də bəzi təhqiqatçılar İbn Vəlidin sözünü izah edərkən belə deyir:

“(Birinci ayənin şəxsi rəy əsasında etdiyi təfsiri ilə) ikinci ayəni təfsir etməyin qadağan olması aydındır. İkinci ayəni birinci ayəni təfsir edən hədislə təfsir etmək isə ona görə qadağan olunub ki, hədisdə yalnız birinci ayə nəzərdə tutularaq təfsir edilib, təfsir edərkən ikinci ayə nəzərdə tutulmamışdı (ki, həmin təfsiri ikinci ayəyə də aid edə bilək). Lakin bu əsasda təfsir edən müfəssir isə öz şəxsi rəyi əsasında həmin hədisi ikinci ayə üçün də qərinə (nişanə) qərar vermişdir” (müraciət et: Şeyx Seyfi Mazandarani, Durusun fil-qəvaidit-təfsiriyyə, c. 2, səh. 192).

Quranın Quranla təfsir edilmə metodunu ən doğru və əsaslı metod hesab edən alimlər isə bu hədisi başqa formada izah etməyə çalışıblar. Bu metod əsasında təfsir yazmış böyük alimlərimizdən biri Əllamə Seyid Məhəmmədhüseyn Təbatəbai İbn Vəlidin bu şərhini tənqid edərək belə deyir:

“Onun verdiyi cavab anlaşılmazlıqdan xali deyil. Əgər bununla, mübahisə edən tərəflərin öz müzakirələrində istifadə etdiyi metod kimi, ayəni ayə ilə qarşı-qarşıya qoymaq və (buna görə də ayənin) birini digərinə istinad edərək təvil etməyi (yozmağı) nəzərdə tutursa, bu, düzgündür. Lakin məqsədi ayəni ayə ilə izah etmək və bəzi ayələri digərlərinə dəlil kimi göstərməkdirsə, bu, yanlışdır. Aşağıdakı iki rəvayət bunu rədd edir".

O, bu sözlərinin sonunda Şeyx Numaninin “əl-Ğeybə” əsərində İmam Sadiqdən (ə) nəql etdiyi hədisi və "Nəhcül-bəlağə"dən İmam Əlinin (ə) hədisini gətirmiş, daha sonra əhli-sünnə mənbələrində “Quranın bir hissəsini digərinə vurmaq” məzmununda gəlmiş hədisləri nəql etmişdir. Əllamə bunları qeyd etdikdən sonra belə yazır:

“Rəvayətlərə baxdıqda Quranın bir hissəsinin digərinə vurulması Qurani-Kərimin bir-birini təsdiqləməsi ilə qarşı-qarşıya qoyulur. Bu da möhkəm ayələri mütəşabih kimi götürmə və mütəşabih ayələri möhkəm kimi götürmə və s. kimi ayələrin mənalarının məqamlarını və məqsədlərinin sıralanmasını qarışdırmaqdan ibarətdir. Əvvəldə qeyd olunmuş rəvayətlərin mövzusu olan Quran barədə şəxsi rəy ilə danışmaq, elm olmadan Quranı izah etmək ilə az öncə nəql olunan hədislərdə keçən Quranın bir hissəsini digərinə vurmaq ümumilikdə eyni bir fikri əhatə edir və bu, Quranın təfsirində onun özündən başqa (mənbələrə) müraciət etməkdən ibarətdir” (əl-Mizan, c. 3, səh. 83).

Göründüyü kimi Əllamə Təbətəbai haqqında danışdığımız hədisi Quranı şəxsi rəy ilə təfsir etmək mənasına yozmuş və şəxsi rəy ilə təfsirdən məqsədin Quranı Quranla deyil, başqa bir mənbə ilə təfsir etmək olduğunu bildirmişdir.

Lakin qeyd edək ki, haqqında danışdığımız hədisin mənası barədə başqa nəzərlər də mövcuddur. Onlardan bəzilərinə işarə edirik:

1. Quranın bəzisini bəzisinə vurmaqdan məqsəd həvayi-nəfsə arxalanaraq, əhlinə (məsumlara (ə)) müraciət etməyərək, yaxud Allah tərəfindən hidayət olunmadan mütəşabih ayələri digər ayələrə qaytarmaq və onun əsasında (digər) mütəşabih ayəni təvil etməkdir (müraciət et: Feyz Kaşani, Təfsirus-safi, c. 1, səh. 35).

2. Hədisin mənası Quran ayələrini rəy əsasında təfsir etmək və zahirən bir-birinə zidd olan ayələri şəxsi rəy əsasında cəm etməkdir (müraciət et: Məhəmmədtəqi Məclisi, Rovzətul-muttəqin, c. 13, səh. 135).

3. Bununla bir nəfərin Quranın mücməl (mənası tam anlaşılmayan), mütləq, ümum, mütəşabih, təvil olunmalı olan və s. kimi qaranlıq qalan və həll olunmalı olan hissələrini heç bir doğru dəlil və zikr əhlinə (imamlara (ə)) istinad edən səhih bir hədis olmadan, öz şəxsi rəyindən istifadə edərək xəyali ehtimallar əsasında cəm etməsi və bunun əsasında şəriət hökmləri istinbat edib fətva verməsi nəzərdə tutulur (müraciət et: Mövla Saleh Mazandarani, Şərhul-Kafi, c. 11, səh. 72).

Bütün bunlardan əlavə, Qurani-Kərimin ayələrini elə Qurani-Kərimin digər ayələri ilə təfsir etmək metodunu müdafiə edən alimlər bu metodun doğru olmasını isbat etmək üçün müəyyən dəlillər təqdim ediblər. Əllamə Təbatəbai Ali-İmran surəsinin 7-ci ayəsinin təfsirində bu barədə geniş müzakirə açmış, bəzi müasir alimlər isə bu metod üçün “sirətül-üqəla” (ağıl sahiblərinin davranış tərzi), müsəlman fəqih və üsuli alimlərin sirəsi, Qurani-Kərimin özü və məsumların (ə) sirəsindən ibarət olmaqla dörd dəlil təqdim etmiş və daha sonra bu metodun əleyhinə təqdim olunmuş dəlilləri tənqid etmişlər (müraciət et: Cavadi Amuli, İşraqatun Quraniyyə, səh. 30-66).

Lakin bu metodun özünə müəyyən hədislərdə rast gəlmiş olsaq belə, həqiqət budur ki, Quranın anlaşılması üçün Qurani-Kərimə müəllim qərar verilmiş və Allahın Öz kəlamından məqsədinin nə olduğunu bizə bildirəcək olan höccətlərinin (ə) yol göstərmələrinə və təfsirlərinə ehtiyaclıyıq. Bu barədə geniş araşdırma və dəlillərin təqdim edilməsi isə ayrı araşdrımalarımızda təqdim olunacaq.