Cavab

Sual

Əssəlamu əleykum və rəhmətullahi və bərəkətuh Məhəmməd ibn Sinan zəif ravidirmi? Əllamə məclisi (r.a) ondan gələn hədisi səhih bildiyi halda Seyyid Xoi (r.a) onu zəif bilir zəhmət olmasa bu haqqda düzgün rəyi bildirərdiniz

Cavab

Aleykum salam və rəhmətullah və bərəkatuh.

İlk öncə qeyd edək ki, rical elmi müəyyən qaydalar əsasında hər bir alimin öz ictihadına əsaslandığı və nəticəyə gəldiyi bir elmdir. Burada bəzi şəxslərin siqə olması barədə ittifaq edilib, məsələn, Məhəmməd ibn Müslim, Büreyd əl-İcli, Fəzl ibn Şazan, Məhəmməd ibn Əbu Ümeyr və s. Müəyyən şəxslərin isə zəif olması barədə ittifaq edilib, məsələn, Vəhəb ibn Vəhəb Əbülbuxtəri kimi. Elələri də var ki, onlar barəsində ixtilaf mövcuddur. Haqqında ən geniş ixtilaf olan şəxslərdən biri də Məhəmməd ibn Sinan Zahiridir. Böyük rical alimlərindən olan Şeyx Nəcaşi, Şeyx Tusi, İbn Ğəzairi onu zəif bilmişlər.

Barəsində gəlmiş hədislər müxtəlifdir: bir qrup hədislərdə pislənmiş, digər bir qrup hədislərdə isə mədh edilmişdir. Əsasən bu və adətən siqə şəxslərdən hədis nəql etmiş böyük şəxslərin Məhəmməd ibn Sinandan hədis nəql etmələri onun haqqında sonrakı rical alimləri arasında fərqli fikirlərin formalaşmasına səbəb olmuşdur. Seyid Əbülqasim Xoyi Məhəmməd ibn Sinan barədə olan hədisləri zikr etdikdən sonra onun barədə İbn Uqdə, Nəcaşi, Tusi və Müfidin onu zəif bilmələrini və Fəzl ibn Şazanın onu yalançılardan hesab etməsini əsas alaraq onu zəif bilmişdir.

Lakin bununla belə başqa bir dəstə alimlər (Əllamə Məclisi, Vəhid Behbehani, Seyid Şübeyri Zəncani və s.) onun zəif bilinməsini qülüvv ittihamı ilə əlaqələndirmiş və bu səbəbdən də barəsində olan təzifi (bəzi alimlərin onu zəif bilmələrini) əsassız bilərək Məhəmməd ibn Sinanın siqə olması qənaətinə gəlmişlər.

Bu, Məhəmməd ibn Sinan barədə ümumi və qısa məlumat idi. İnşallah, onun barədə daha geniş və ətraflı məlumat saytımıza yerləşdiriləcək.