Cavab

Sual

"Əli haqq ilədir, Haqq da Əli ilə" hədisi Şiə kitablarında neçə sənədlə nəql olunmuşdur? Mötəbər sənədi varmı?

Cavab

“Əli haqq ilədir, haqq da Əli ilə” hədisi şiə və sünni mənbələrində bir çox yollarla nəql edilmişdir.

Bu hədis aşağıdakı şiə mənbələrində nəql olunmuşdur:

  1. Əhməd ibn Məhəmməd ibn Xalid əl-Bərqi, Məhasin, c. 1, səh. 17.

Müəllif burada öz isnadı ilə İmam Sadiqdən (ə) Peyğəmbərin (s) İmam Əliyə (ə) vəsiyyətini nəql etmiş və bu vəsiyyətin sonunda Peyğəmbərin (s) “sən haqq ilə, haqq isə səninlədir” – deyə buyurduğunu qeyd etmişdir.

  1. Şeyx Məhəmməd ibn Əli ibn Babəveyh (Şeyx Səduq), Xisal, c. 2, səh. 496.

Burada Cabir ibn Abdullah Ənsari Peyğəmbərdən (s) İmam Əlinin (ə) fəzilətləri barədə 13 xüsusiyyət nəql edir, bu xüsusiyyətlərdən biri Peyğəmbərin (s) “Əli haqq ilədir, haqq da Əli ilə. Onlar hovuzun kənarında mənə yetişənə qədər bir-birindən ayrılmazlar” – hədisidir.

  1. Şeyx Məhəmməd ibn Əli ibn Babəveyh (Şeyx Səduq), Xisal, c. 2, səh. 559.

Nəql olunmuş bu uzun hədis Ömərin ömrünün son anlarında özündən sonrakı xəlifəni seçmək üçün təşkil etdiyi şurada İmam Əlinin (ə) xilafətə orada olanlardan daha layiqli olması barədə söylədiyi və özünün fəzilətlərini saydığı xütbəsidir. Burada İmam Əli (ə) Peyğəmbərin (s) yuxarıda qeyd etdiyimiz hədisini söyləmiş və özündən başqa heç kim barədə belə bir söz deyilmədiyini vurğulamışdır. İmam Əlinin (ə) şura günü söylədiyi bu xütbə məşhur bir xütbədir. Bunu şiə alimləri ilə yanaşı əhli-sünnə alimləri də nəql ediblər. Şeyx Səduq bu hədisi ustadı Məhəmməd ibn Həsən ibn Vəliddən (siqə, imamidir), o da Səd ibn Abdullah Qummidən (siqə, imamidir), o da Məhəmməd ibn Hüseyn ibn Əbülxəttabdan (siqə, imamidir), o da Həkəm ibn Miskin Səqəfidən (siqə, imamidir), o isə eyni təbəqədən olan üç şəxsdən, yəni Əbülcarud Ziyad ibn Munzir, Hişam ibn Səri Əbu Sasan və Əbu Tariq Sərracdan, onların hər üçü də Amir ibn Vasilədən (siqə) nəql etmişdir. Göründüyü kimi, hədis bir təbəqədən başqa bütün təbəqələrdə siqə ravilərdən nəql olunmuşdur. Yalnız bir təbəqədə qeyd olunanlar barədə açıq tövsiq gəlməyib. Bu isə sənədin mötəbərliyinə xələl yetirmir. Çünki eyni təbəqədə 3 şəxs tərəfindən nəql olunan hədis müstəfiz hədis adlanır və eyni təbəqədə olan üç ayrı-ayrı şəxsin yalan üzərində ittifaq etməsi və siqə bir şəxsin də üç yalançıdan eyni hədisi nəql etməsi uzaq görüşdür.

  1. Şeyx Məhəmməd ibn Əli ibn Babəveyh (Şeyx Səduq), Əmali, səh. 31.

Burada Şeyx Səduq öz isnadı ilə İbn Abbasdan nəql edir ki, Peyğəmbər (s) söylədiyi uzun xütbənin içində belə buyurub: “Ey insanlar, həqiqətən, Əli haqq ilədir, haqq da Əli ilə və onun dilindədir”.

  1. Şeyx Məhəmməd ibn Həsən (Şeyx Tusi), Əmali, səh. 548.

Şeyx Tusi burada öz sənədi ilə İmam Əlinin (ə) şura günündə dediyi xütbəni nəql etmiş və o xütbənin içində Peyğəmbərin (s) bu hədisinə toxunulmuşdur.

  1. Əhməd ibn Əli ət-Təbərsi, İhticac, c. 1, səh. 75.

Burada Əban ibn Təğlibin İmam Sadiqdən (ə) nəql etdiyi hədisdə Əbu Bəkr xilafəti qəsb edərkən içlərində Salman, Əbuzər, Əmmar Yasir və Miqdadın da olduğu 12 nəfər mühacir səhabənin İmam Əlinin (ə) yanına gələrək onunla etdikləri söhbətdə Peyğəmbərin (s) İmam Əli (ə) barədə “Əli haqq ilədir, haqq da Əli ilə. O, haqq hara meyil edirsə, onunla birgə ora meyil edir” sözünü xatırlatdıqlarını nəql edir.

  1. Əhməd ibn Əli ət-Təbərsi, İhticac, c. 1, səh. 88.

Burada Əbu Bəkrin dilindən İmam Əlinin (ə) fəzilətləri nəql edilərkən Peyğəmbərin (s) haqqında danışdığımız hədisi də deyilmişdir.

  1. Şeyx Əli ibn Məhəmməd Xəzzaz Qummi, Kifayətul-əsər, səh. 20.

Burada müəllif öz isnadı ilə, İbn Abbasın nəqlinə əsasən, Peyğəmbərin (ə) İmam Əli (ə) barədə bu hədisi söylədiyini nəql edir. Qeyd edək ki, Şeyx Xəzzaz öz kitabında bir neçə sənədlə bu hədisi nəql etmişdir. Müraciət et: Kifayətul-əsər, səh. 117, 122, 123.

Yuxarıda qeyd etdiklərimizdən başqa şiə alimləri də bu hədisi öz kitablarında qeyd ediblər. Məsələn: Şeyx Müfid “əl-Fusulul-muxtarə” əsərində bir çox yerdə (səh. 97, 135, 211), “Cəməl” əsərinin 81 və 433-cü səhifəsində, “əl-Məsailus-sağaniyə”, səhifə 109-da. Həmçinin adlarını qeyd etmədiyimiz başqa alimlər də öz kitablarında bu hədisi müxtəlif sənədlərlə nəql ediblər.

Hədisin mötəbər sənədi ilə bağlı suala gəlincə isə hədisin sənədi yalnız hədisin məsumdan çıxmasını isbat etmək üçün olan yollardan biridir. Sənədə hədisin məsum tərəfindən deyilməsinə yəqinimiz olmadıqda, yəni hədis mütəvatir olmadıqda, yaxud da hədisin məsumdan çıxmasına əminliyimiz (itminanımız) olmadıqda, yəni hədis müstəfiz olmadıqda baxılır. “Əli haqq ilədir, haqq isə Əli ilə” hədisinin şiə və sünni hədis alimləri tərəfindən müxtəlif sənədlərlə nəql olunmasını nəzərdən keçirən şəxs bu hədisin mütəvatir olduğunu, ən azı Peyğəmbərdən (s) sadir olmasına əminlik gətirəcək olan müstəfiz hədis olmasını görər. Bununla da hədis mötəbər hədis sayılır.