Cavab

Sual

Salam dua ilə. "Əhli-sünnə" iddia edir ki, Nisa surəsinin 115 ci ayəsində qeyd olunan "möminlərin yolu" məsələsi sələflərin ardı ilə getməyə dəlildir. Bu ayəni haqq tərəfdarları olan Əhli - Beyt ə.s ardıcıllarına irad tuturlar; 1) Bu ayədə qəsd məhz sələflər, yəni, səhabələrdir.(Onların başa düşdüyü) 2) səhabələrin yolunu izləməyənlər (yəni, onların iddia etdiyi səhabə məktəbi) haqq yoldan azmışlardırlar və ayəyə əməl etmirlər. Nəticədə bu iddiaya görə Əhli beyt ə.s tərəfdarlarını bidətdə ittiham edirlər. Quran və Əhli-beyt ə.s göstərişlərinə görə bu ayədə məqsəd nədir? Ayədə qeyd olunan möminlərin yolunu Əhli beyt ə.s imamları özlərinə tətbiq ediblərmi?

Cavab

Aleykum salam. Allahdan sizin üçün müvəffəqiyyət diləyi ilə.

İlk öncə qısa şəkildə müxaliflərin bu ayə barədə gətirdikdiləri dəlilə cavab verək. Allah-taala Nisa surəsi, 115-ci ayədə buyurur:

وَمَنْ يُشَاقِقِ الرَّسُولَ مِنْ بَعْدِ مَا تَبَيَّنَ لَهُ الْهُدَىٰ وَيَتَّبِعْ غَيْرَ سَبِيلِ الْمُؤْمِنِينَ نُوَلِّهِ مَا تَوَلَّىٰ وَنُصْلِهِ جَهَنَّمَ  وَسَاءَتْ مَصِيرًا

“Haqq yol aydın olduqdan sonra kim Peyğəmbərə qarşı gələr və möminlərin yolundan başqa bir yol izləyərsə, onu yönəlmiş olduğu yola döndərər və cəhənnəmə atarıq. Ora necə də pis bir qayıdış yeridir!”

Göründüyü kimi, burada sırf səhabələrin yolundan deyil, ümumi iman gətirmiş şəxslərin yolundan danışılır. Çünki ayə sırf səhabəyə aid olsaydı, bu elə səhabə ünvanı ilə bildirilərdi. Lakin Allah bu cür sui-istifadələrin qarşısını almaq və əsas ölçünün “iman” olduğunu bildirmək üçün “möminlərin yolu” ifadəsindən istifadə edib. Axı bu söz necə səhabələrə ümumi şəkildə aid ola bilər, bir halda ki səhabələrin içində Qurani-Kərimə əsasən üç qisim insan var idi: yaxşı əməl sahibləri və buna görə təriflənənlər, münafiq və ikiüzlü olub buna görə məzəmmət olunanlar, yaxşı əməli pis əməl ilə qarışdıranlar və buna görə aqibətlərinin Allaha qayıtdığı və ola bilsin ki, tövbələrinin qəbul olunacağı bildirilənlər. Bu üç dəstəni məhz Qurani-Kərimdə Allah bizə bəyan edir:

وَالسَّابِقُونَ الْأَوَّلُونَ مِنَ الْمُهَاجِرِينَ وَالْأَنْصَارِ وَالَّذِينَ اتَّبَعُوهُمْ بِإِحْسَانٍ رَضِيَ اللَّهُ عَنْهُمْ وَرَضُوا عَنْهُ وَأَعَدَّ لَهُمْ جَنَّاتٍ تَجْرِي تَحْتَهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا  ذَٰلِكَ الْفَوْزُ الْعَظِيمُ

“Mühacirlər və ənsardan olan (İslamı) ilk əvvəl qəbul edib (bu işdə başqalarından) irəli düşənlər, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedən kimsələrə gəldikdə isə Allah onlardan, onlar da Allahdan razıdırlar. (Allah) onlar üçün əbədi qalacaqları, (ağacları) altından çaylar axan cənnətlər hazırlamışdır. Bu, böyük qurtuluşdur (uğurdur)!” (Tövbə, 100)

Bu ayə qeyd etdiyimiz üç qisim səhabələrin birinci qismidir. Adətən səhabə tərəfdarı olan əhli-sünnə ardıcılları məhz bu ayəni dəlil gətirərək səhabə və tabeinin üstünlüyünü isbat etməyə çalışırlar. Lakin bu ayəni diqqətlə oxuduqda, həmçinin aşağıda qeyd edəcəyimiz ayələrə nəzər saldıqda, əlavə olaraq Qurani-Kərimin səhabələrdən danışan digər ayələrini, Peyğəmbərdən (s) onlar barədə gəlmiş müxtəlif hədis və tarixi faktları dəqiqliklə incələdikdə onların iddiasının nə qədər əsassız olduğu məlum olur. Biz burada bəzi mühüm nöqtələrə qısa işarə edəcəyik:

1.  Ayə bütün mühacir və ənsardan danışmır, yalnız onların bir hissəsindən danışır. Belə ki, ayədə gələn ifadə belədir: مِنَ الْمُهَاجِرِينَ وَالْأَنْصَارِ (mühacir və ənsardan). Ayədə “təbiziyyət” (bir hissə) anlamını verən من  ədatından istifadə olunub. Bu da bütün mühacir və ənsarın deyil, yalnız bəzilərinin nəzərdə tutulduğunu bildirir.

2.  Ayədə sırf hicrət və Peyğəmbərə köməklik, həmçinin iman gətirmək və yaxşı işlər görməkdə qabağa düşüb bunları ilk icra etmək xüsusiyyətlərinin zikr olunması, məxsusi şəxs və qrup adının isə çəkilməməsi fəzilət və üstünlüyün məhz bu xüsusiyyətlərə bağlı olmasını bildirir. Nəticədə, bir şəxs bu xüsusiyyətlərə malik olsa belə, sonradan bu xüsusiyyətləri qoruyub saxlamasa, bu ayədəki fəzilət ona aid olmayacaq.

3. Ayə bu fəziləti təkcə səhabəyə, yəni Peyğəmbər (s) dövründə yaşayıb ona iman gətirmiş şəxslərə aid etməyib, “həmçinin yaxşı işlər görməkdə onların ardınca gedən kimsələr” deyərək bu fəzilətin sonrakı nəsillərdə yaşayıb bu xüsusiyyətlərə malik olan şəxslərə də aid olacağından danışır. Təəssüflər olsun ki, əhli-sünnə bu ayədəki bu qismi “tabein” adlanan şəxslərə aid etmək istəyib. Tabeinlər Peyğəmbəri (s) görməyib yalnız səhabələri görmüş şəxslərə deyilir. Habuki ayə yaxşı işlər görməklə Peyğəmbər (s) dövründə yaşamış şəxslərin ardınca gedən hər bir şəxsi nəzərdə tutmuş, müəyyən dövrlərdən sonra terminə çevrilmiş “tabein” adlanan şəxslərdən danışmamışdır.

Bu ayədəki fəzilətin təkcə Peyğəmbər (s) dövründə yaşayanlara aid olmayıb, (ayədə qeyd edilən gözəl işləri gördüyü təqdirdə) sonradan gələn şəxslərə də şamil olması bu ayənin sırf səhabə üçün xüsusi bir özəlliyi bəyan etmədiyinin bariz göstəricisidir.

4. Bu ayənin ardınca gələn və aşağıda qeyd edəcəyimiz iki ayə də məhz həmin dövrdə Peyğəmbər (s) ətrafında olan və səhabə sayılan şəxslərin digər iki qrupundan danışır. Bu özü açıq-aşkar göstərir ki, səhabələr yalnız bu ayədə deyilən qrupdan ibarət deyildi, onların da içində məhz yaxşı, məhz pis və orta olanları var idi.

وَمِمَّنْ حَوْلَكُمْ مِنَ الْأَعْرَابِ مُنَافِقُونَ  وَمِنْ أَهْلِ الْمَدِينَةِ  مَرَدُوا عَلَى النِّفَاقِ لَا تَعْلَمُهُمْ  نَحْنُ نَعْلَمُهُمْ  سَنُعَذِّبُهُمْ مَرَّتَيْنِ ثُمَّ يُرَدُّونَ إِلَىٰ عَذَابٍ عَظِيمٍ

“Ətrafınızdakı bədəvi ərəblərdən və Mədinə əhalisindən ikiüzlülükdə məharətli olan münafiqlər var. Sən onları tanımırsan, Biz isə onları tanıyırıq. Onlara iki dəfə əzab verəcəyik. Sonra da onlar böyük bir əzaba atılacaqlar” (Tövbə, 101).

Yuxarıda işarə etdiyimiz və Quranın barələrində danışdığı səhabənin üç qismindən ikincisi bu ayənin də bəyan etdiyi kimi münafiqlərdir. Ayə münafiqlərin çoxluğuna işarə edərək onların yalnız Mədinə xaricində olan bədəvilərdən ibarət olmadığını, hətta Mədinə əhlinin də içində olduğunu və zahirdə Peyğəmbərə (s) xitab edərək, həqiqətdə isə müsəlmanlara onları tanımadıqlarını bildirir. Bu da həmin dövrdə Mədinə və ətrafında olan münafiqlərin kifayət qədər saya malik olduqlarını, səhabə kimi və zahirdə iman gətirmiş halda görünsələr də, həqiqətdə qəlblərində imanın olmadığını açıq şəkildə göstərir. Ona görə də əhli-sünnənin iddia etdiyi kimi münafiqlərin hamı tərəfindən tanındığı və müəyyən saylarının olması iddiası tam əsassızdır. Axı Quran buyurur ki, “Sən onları tanımırsan, Biz isə onları tanıyırıq”. Bundan əlavə Allah onlar barədə ayrıca surə nazil etmiş və orada isə belə buyurmuşdur:

وَإِذَا رَأَيْتَهُمْ تُعْجِبُكَ أَجْسَامُهُمْ  وَإِنْ يَقُولُوا تَسْمَعْ لِقَوْلِهِمْ

“Sən onları gördükdə cüssələri (boy-buxunları, gözəllikləri) xoşuna gəlir, danışanda sözlərinə qulaq asırsan” (Münafiqun, 4).

Əgər bir nəfər Qurani-Kərimdə münafiqlər barədə gəlmiş ayələrin çoxluğuna nəzər etsə, onların sayının kifayət qədər çox olduğunu anlamış olar. Münafiq zahirdə İslam dinini qəbul etmiş, həqiqətdə isə qəlbində iman gətirməmiş şəxsə deyilir. Demək, zahirdə müsəlman olub Peyğəmbərlə (s) görüşmüş şəxs sayılan səhabələr içində münafiqlər də kifayət qədər çox idi. Bununla da “səhabələrin yolunu izləməyənlər azmışlardır” deyən şəxslər gərək münafiq olan səhabələrin yolunu izləməyən həqiqi iman əhlini də azmış saysınlar.

Quranın barələrində danışdığı səhabələrin üçüncü qismi isə aşağıdakı ayədə bəyan olunur:

وَآخَرُونَ اعْتَرَفُوا بِذُنُوبِهِمْ خَلَطُوا عَمَلًا صَالِحًا وَآخَرَ سَيِّئًا عَسَى اللَّهُ أَنْ يَتُوبَ عَلَيْهِمْ  إِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ

“Digərləri isə günahlarını etiraf etdilər. Onlar yaxşı əməli pis əməllə qarışdırmışdılar. Ola bilsin ki, Allah onların tövbələrini qəbul edər. Şübhəsiz ki, Allah bağışlayandır, rəhm edəndir” (Tövbə, 102).

Burada barələrində danışılan şəxslər münafiq olmasalar da, birinci dəstə kimi yüksək iman və yaxşı əmələ də sahib deyillər. Hətta onlar münafiqlərə uyub böyük günah işləmiş, lakin sonra gördükləri işdən peşmançılıqlarını bildirərək tövbə etmişdiər. Buna görə də Allah onların barədə belə buyurur: “ola bilsin ki, Allah onların tövbələrini qəbul etsin”.

İşarə etdiyimiz Tövbə surəsinin 100, 101 və 102-ci ayələrindən də göründüyü kimi, bütün səhabələr yollarının izlənilməsi vacib olan şəxslər deyildilər. Axı Nisa surəsinin 115-ci ayəsində buyurulan “möminlərin yolundan başqa bir yol izləyərsə” cümləsinin mənası “səhabələrin yolundan başqa bir yol izləyərsə” şəklində olsaydı, gərək yuxarıda qeyd etdiyimiz ayələrə əsasən münafiq olmayıb iman gətirən şəxs gərək məzəmmət olunardı. Çünki o, Tövbə surəsinin 101-ci ayəsinə əsasən, münafiq olan səhabələrin yolunu izləməmiş sayılır. Yaxud kimsə döyüşdən qaçmasa, o da Tövbə və Əhzab surələrində işarə olunan və döyüşdən qaçdığı üçün məzəmmət olunan səhabələrin yolunu izləmiş sayılmayacaq.

Bütün bunlardan əlavə, tarixə nəzər saldıqda əhli-sünnənin iddiasının əsassız olması və onların özlərinin belə öz iddialarına əməl etmədikləri məlum olur. Məsələn, müsəlmanların bir-biri ilə döyüşdükləri ilk müharibə olan və hicri 36-cı ildə, Bəsrə yaxınlığında, İmam Əlinin (ə) xilafət dövründə, səhabələrin bir qrupunun iştirakı ilə baş vermiş və ən tanınmış səhabələr olan Aişə, Təlhə və Zübeyrin başçılığı ilə zamanın xəlifəsinə, yəni İmam Əliyə (ə) qarşı olan Cəməl müharibəsində hər iki tərəf səhabələrdən ibarət idi. Deməli, ən azı səhabəyə qarşı döyüşmək və onu qətlə yetirib, onun üçün nalayiq söz demək səhabələrin yolu hesab olunur. Nisa 115-də də bizə möminlərin yolunu tərk etməmək tapşırılıbsa və onların yolu ilə getmək əmr olunubsa, nəticədə bizə səhabəyə qarşı döyüşmək, onu imkan olduğu təqdirdə qətlə yetirmək və ona nalayiq sözlər demək tapşırılmış olur. İndi əhli-sünnə öz etiqadı olan “səhabə yolu ilə getməyin vacib olması” fikrinə əməl edirmi?

Bundan əlavə, Cəməl döyüşündə biz kimin yolunu tutmalıydıq? Və səhabə yolunu izləməyi vacib bilən şəxslər indiki davranışlarında kimin yolunu tutur? İmam Əli (ə) Aişə, Təlhə, Zübeyrə qarşı döyüşüb və onları özünün və ona tabe olanların düşməni bilib. Yoxsa düşmən bilmədiyi biri ilə niyə minlərlə insanın ölümünə səbəb olacaq qanlı müharibə etsin ki? Səhabənin öndə gələni Təlhə məhz İmam Əlinin (ə) əmri ilə Cəməl döyüşündə öldürülüb. İndi əhli-sünnə ən böyük səhabə olan İmam Əlinin (ə) yolunu izləyərək Aişə, Təlhə və Zübeyri özünə düşmən bilirmi? Yaxud həmin dövrdə yaşasaydı, Təlhəni öldürməməklə, Aişə ilə müharibə etməməklə özünü günahkar biləcəkdimi? Hər bir şəxs özünə sual verməlidir ki, Cəməl müharibəsi zamanında yaşasaydı görəsən Aişə, Təlhə və Zübeyrə qarşı qılınc çəkməyi vacib bilib buna əməl edəcəkdimi? Buna tərəddüd etdiyi zaman onun hökmü nə olacaqdı?

Ən əsas nəticə budur ki, bu gün Nisa surəsinin 115-ci ayəsini əsas alıb səhabə yolu ilə getməyən şəxsin azğın olduğunu iddia edənlər Aişə, Təlhə və Zübeyri düşmən və azğın biri bilməməklə ən böyük səhabə olan İmam Əlinin (ə) yolu ilə getməmiş olurlar və öz hökmlərinə əsasən doğru yoldan azmış sayılırlar.

Nəzərə alaq ki, böyük səhabələrdən olan Aişə, Təlhə və Zübeyr də İmam Əliyə (ə) qarşı minlərlə insanın ölümünə səbəb olacaq müharibəni başlatmaqla İmam Əlini (ə) - nəuzu billah - azğın biri hesab edir və onunla döyüşməyi və ona düşmən olmağı özlərinə vacib bilirdilər. Axı əks təqdirdə niyə Təlhə bu yolda öz canını qurban vermiş olsun? Niyə Aişə Allahın “evinizdə oturun” (Əhzab, 33) əmrini kənara ataraq Mədinədən İraqın Bəsrə şəhərinə kişilərdən ibarət bir qoşuna başçılıq edərək gəlsin? Əgər Nisa surəsinin 115-ci ayəsi səhabə yolunu izləməyi vacib bilirsə, o yolu izləməyəni azğın hesab edirsə, əhli-sünnə niyə İmam Əliyə (ə) düşmən olmaqlarını bildirmirlər? Axı bu səhabənin yolu idi. Hətta böyük sələfi alimi olan İbn Teymiyyənin sözü ilə desək, səhabə və tabeinin çoxu İmam Əliyə (ə) düşmənçilik edirdilər, onu təhqir edib onunla döyüşürdülər (müraciət et: İbn Teymiyyə, Minhacus-sünnə, c. 7, səh. 147). İndi görəsən İmam Əlini (ə) sevdiyini söyləyən əhli-sünnə səhabə yolu ilə gedirmi? Yoxsa İmam Əliyə (ə) düşmənçilik edən, onu təhqir edib onunla döyüşən səhabənin yolu ilə getmədikləri üçün Nisa surəsi 115-ci ayəyə əsasən cəhənnəmə gedəcəklər?

Bütün bunlar əhli-sünnə nəzərinə əsasən Nisa surəsinin 115-ci ayəsinin təfsiri ilə bağlı idi.

Quran və Əhli-beyt (ə) tərəfindən bu ayənin təfsirinə gəlincə isə Qurani-Kərim bu ayədə möminlərin yolundan çıxmağı məzəmmət etmişdir. Burada müəyyən qrup və dəstənin adını çəkməyib. Bu da onu göstərir ki, burada ən önəmli olan şey qeyd olunmuş vəsfə, yəni imana malik olmaqdır. Möminlərin yolundan çıxmaq deyildikdə həqiqətdə elə imandan çıxmaq nəzərdə tutulur. Çünki ayədə işarə edilən şəxslərin də ən əsas özəlliyi onların imana malik olmalarıdır. Ümumilikdə, ayə təkcə Peyğəmbər (s) dövründə yaşayan iman əhlinə işarə etmir, hansı zamanda olmasından asılı olmayaraq, iman əhlinin yolunun Peyğəmbərə (s) qarşı çıxmamaq olmasını bildirir və kim Peyğəmbərə (s) qarşı çıxarsa, onun möminlərin yolundan xaric olmasını bəyan edir. Elə buna görə də bu ayəni yalnız səhabələr və ya məxsusi bir zamanda yaşayan şəxslərə aid etmək doğru deyil.