Cavab
Sual
Cavab
Aleykum salam. İlk öncə bunu qeyd edək ki, hədis Peyğəmbərin (s) (və ya məsumun (ə)) sözünün, feilinin və ya təqririnin bizlərə nəql olunma vasitəsidir. Hədis də digər tarixi şəxsiyyətlərin sözlərinin, gördükləri işlərin və ya onlarla bağlı baş vermiş hadisələrin nəqli kimi tarixi bir faktın digər nəsillərə ötürülməsindən ibarətdir. Hər bir ağıl sahibi anlayır ki, baş vermiş müəyyən bir hadisənin nəqlində yalnız nəql edən şəxsin doğru danışan və yalandan uzaq biri olması onun sözünün və nəqlinin etibarlı olması üçün kifayət edir. Bu xüsusiyyətə malik olan bir şəxsin hansısa bir əqidəyə mənsub olmasına görə sözünü qəbul etməmək yalnız təəssübkeşlikdən qaynaqlana bilər.
Düzdür, qeyd etdiyiniz əhli-sünnə elm tələbələrinin bu mövqeyi onların bugünkü şəxsi nəzərlərindən qaynaqlanmır, əksinə, elə qədim dövrdən bu yana böyük alimlərinin şiələrə atdıqları böhtan və iftiraların nəticələridir. Buna nümunə üçün məşhur əhli-sünnə alimi Şəmsəddin Zəhəbinin əhli-sünnə rical elminin ən məşhur kitablarından biri olan “Mizanul-itidal” kitabında dediyi sözləri nəql edirik:
قد اختلف الناس في الاحتجاج برواية الرافضة على ثلاثة أقوال:
أحدها - المنع مطلقا.
الثاني - الترخص مطلقا إلا فيمن يكذب ويضع.
الثالث - التفصيل، فتقبل رواية الرافضي الصدوق العارف بما يحدث، وتردّ رواية الرافضي الداعية ولو كان صدوقا.
قال أشهب: سئل مالك عن الرافضة. فقال: لا تكلمهم ولا ترو عنهم، فإنهم يكذبون.
وقال حرملة: سمعت الشافعيّ يقول: لم أر أشهد بالزور من الرافضة.
وقال مؤمّل بن إهاب: سمعت يزيد بن هارون يقول: يكتب عن كل صاحب بدعة إذا لم يكن داعية إلاّ الرافضة فإنهم يكذبون.
وقال محمد بن سعيد بن الأصبهاني: سمعت شريكا يقول: أحمل العلم عن كل من لقيت إلّا الرافضة، فإنهم يضعون الحديث ويتخذونه دينا
“İnsanlar rafizilərin rəvayətlərindən istifadə məsələsində üç fərqli mövqedədirlər:
1. (Onların hədislərini) tamamilə qəbul etməmək;
2. Yalan danışan və ya hədis uyduran şəxs istisna olmaqla mütləq şəkildə qəbul etmək;
3. Təfərrüatla yanaşmaq: yəni doğru danışan və nəyi rəvayət etdiyini bilən rafizinin rəvayətini qəbul etmək, lakin doğru danışsa belə, dəvətçi (öz məzhəbinin təbliğatçısı) olan rafizinin rəvayətini rədd etmək.
Əşhəb[1] deyir: “Malikdən rafizilər haqqında soruşdular. O dedi: "Onlarla danışma və onlardan rəvayət nəql etmə, çünki onlar yalan danışırlar”.
Hərmələ[2] deyir: “Şafiinin belə dediyini eşitdim: “Rafizilərdən daha çox yalan söyləyən birini görməmişəm”.
Müəmməl ibn İhab (v. 254 h. – red.) deyir: “Yezid ibn Harunun (v. 206 h. – red.) belə dediyini eşitdim: “Dəvətçi olmayan hər bir bidət əhlindən (hədis) yazmaq olar, lakin rafizilər istisnadır, çünki onlar yalan danışırlar”.
Məhəmməd ibn Səid İsfahani (v. 296 h. – red.) deyir: “Şərikdən[3] belə dediyini eşitdim: “Görüşdüyüm hər kəsdən elm alıram, lakin rafizilərdən yox, çünki onlar hədis uydurur və bunu din olaraq qəbul edirlər”.[4]
Gördüyünüz kimi, Şəmsəddin Zəhəbi bir çox böyük əhli-sünnə alimlərinin şiələr barədə olan iftira və töhmətlərini nəql etmiş və bunu şiələrdən hədis nəql etməmək üçün bəhanəyə çevirmiş şəxslər üçün üzr olaraq gətirmişdir.
Amma əhli-sünnənin Qurandan sonra ən mötəbər kitab bildikləri “Buxari” və “Müslim”ə nəzər saldıqda onların “rafizi” olaraq məşhurlaşmış ravilərdən hədis nəql etdiklərini və onların hədislərini səhih bildiklərini görə bilərik. Bunlara misal olaraq Əmr ibn Həmmad ibn Təlhə Qənnadı, Süleyman ibn Qərəm ibn Məaz Təmimini, Harun ibn Səd İcli Cufini, Ovf ibn Əbu Cəmiləni, İbad ibn Yəqub Əsədini, Əbdülməlik ibn Əyəni və s. kimi raviləri qeyd etmək olar. Hətta iş o yerə çatır ki, Şəmsəddin Zəhəbinin özü məşhur şiə ravi olan Əban ibn Təğlibin çox doğru danışan biri olmasını qeyd etdikdən sonra belə yazır:
فلقائل أن يقول: كيف ساغ توثيق مبتدع وحدّ الثقة العدالة والإتقان؟ فكيف يكون عدلا من هو صاحب بدعة؟ وجوابه أنّ البدعة على ضربين: فبدعة صغرى كغلوّ التشيع، أو كالتشيع بلا غلو ولا تحرف؛ فهذا كثير في التابعين وتابعيهم مع الدين ولورع والصدق. فلو رذ حديث هؤلاء لذهب جملة من الآثار النبوية، وهذه مفسدة بيّنة.
“Bir kəs belə deyə bilər: “Necə olur ki, bidət sahibi etibarlı hesab edilir, halbuki etibarlılığın şərti ədalət və dəqiqlikdir? Bidət sahibi necə ədalətli ola bilər?” Cavabı budur ki, bidət iki növə bölünür: birincisi kiçik bidətdir, məsələn, şiəliyə həddən artıq bağlılıq göstərmək və ya ifrat etmədən və əqidəni təhrif etmədən sadəcə şiə olmaq. Belə insanlar çox vaxt tabiinlər və onların davamçıları arasında mövcud olub və bu şəxslər dinə bağlılıq, təqva və doğruluq ilə tanınıblar.
Əgər bu cür insanların hədisləri rədd edilsəydi, Peyğəmbərin (s) çoxsaylı rəvayətləri aradan getmiş olardı. Bu isə açıq-aşkar bir fəsada yol açardı”.[5]
Göründüyü kimi, təəssübkeşlikdə məşhur olmuş Zəhəbinin özü belə etiraf edir ki, əgər əhli-sünnə hədis kitablarından şiə ravilərinin hədislərini rədd etmiş olsaq, bu Peyğəmbərin (s) çoxsaylı hədislərinin aradan getməsinə gətirib çıxarmış olar.
[1] Əşhəb ibn Əbdüləziz Qeysi (v. 204 h.) nəzərdə tutur. Misir müftisi idi.
[2] Hərmələ ibn Yəhyanı (v. 243 h.) nəzərdə tutur. Şafeinin yoldaşı və onun məzhəbini Misirdə yaymış şəxsdir.
[3] Şərik ibn Abdullahı (v. 177 h.) nəzərdə tutur. Şərik İmam Hüseynin (ə) başını bədənindən ayırmış Sinan ibn Ənəsin nəvəsidir.
[4] Mizanul-itidal, c. 1, səh. 146.
[5] Mizanul-itidal, c. 1, səh. 146.
Copyright 2025 Hadis.Az