Cavab
Sual
Cavab
Aleykum salam. Qeyd etdiyiniz hədis və onun timsalında olan hədislər dinin qəti hökmləri ilə uyğun gəlmədiyi üçün etimad olunmur. Bu barədə aşağıda daha ətraflı danışacağıq. Lakin bu hədislərə toxunmamışdan öncə bir məsələyə diqqətinizi çəkmək istəyirik. Həm şiə, həm də sünnü məzhəbinin əsas qaynaqlarında Məhəmməd peyğəmbərdən (s) “Fatimə mənim bir parçamdır, onu qəzəblərindən məni qəzəbləndirib” (Buxari, Səhihul-Buxari, Misir, h. 1410, c. 6, səh. 141), həmçinin “Fatimə mənim bir parçamdır, onu incidən məni incidib” (Müslim ibn Həccac, Səhihul-Muslim, Qahirə, Darul-hədis, h. 1412 h, c. 4, səh. 1903) – dediyi nəql edilmişdir. Allah-taala Əhzab surəsinin 57-ci ayəsində belə buyurur: “Allahı və Onun Peyğəmbərini incidənlərə Allah dünyada və axirətdə lənət eləmiş (Öz rəhmətindən qovmuş) və onlar üçün həqarətli bir əzab hazırlamışdır!”
Bu hədis və ayəni yanaşı qoyduqda məlum olur ki, Xanım Fatimeyi-Zəhranı (s) qəzəbləndirib onu incidənlər, kimliyindən asılı olmayaraq, dünya və axirətdə lənətlənmiş və onlar üçün həqarətli əzab hazırlanmışdır. Əbu Bəkr və Ömərin Xanım Fatimeyi-Zəhranı (s) incitməsi isə gün kimi aydın bir məsələdir. Əhli-sünnənin ən mötəbər kitablarında Aişənin nəqlinə əsasən rəvayət olunur ki, Xanım Fatimeyi-Zəhra (s) atasının öz həyatında ona verdiyi Fədək bağının Əbu Bəkr tərəfindən əlindən alındığı üçün ona qəzəblənərək incimiş, ölənə qədər də onu danışdırmamışdı (müraciət et: Buxari, Səhihul-Buxari, Misir, h. 1410, c. 5, səh. 198). Bundan əlavə, Əbu Bəkr və Ömər tərəfindən Xanım Fatimeyi-Zəhranın (s) evinə hücum edilmiş və evə icazəsiz daxil olunmuşdu. Necə ki böyük əhli-sünnə və sələfi alimi hesab olunan İbn Teymiyyə bu hadisəni təsdiqləmiş, sadəcə bu cinayəti yerinə yetirənlər üçün bəhanə tapmağa çalışaraq belə demişdir:
“Burada deyilə biləcək söz budur: O (Əbu Bəkr), evə ona görə hücum etdi ki, baxsın görsün, evdə Allahın malından nəsə bir şey varmı? Əgər varsa, onu bölüşdürsün, müstəhəq olan kəslərə versin...” (müraciət et: İbn Teymiyyə, Minhacus-sunnə, c. 8, səh. 290-291, təhqiq: Məhəmməd Rəşad Salim, h. 1406).
Deməli, bu iki şəxsin Peyğəmbərin (s) yeganə yadigarı olan əziz qızı Fatimeyi-Zəhraya (s) qarşı etdikləri cinayət və o cinayətin Quran və mötəbər sünnə əsasında olan cəzası aydın və inkar olunmazdır.
Lakin təəssüflər olsun ki, müxaliflər bu iki şəxsin etdiyi cinayəti ört-basdır etmək üçün uydurma və ya sənədi məlum olmayan hədislər vasitəsilə Həzrət Əlinin (ə) də Xanım Fatiməni (s) incitməsini iddia etmişlər. Sanki bu hadisəni qəbul etmiş olsaq, Quran və sünnənin o iki nəfər barədəki hökmü qüvvədən düşmüş sayılacaq. Lakin anlamırlar ki, əsli olmayan bu iddiaları ilə Xanım Fatiməyə (s) qarşı edilən zülmkarlıqlara bəraət qazandırmaq qeyri-mümkündür.
“Fatimə mənim bir parçamdır, onu incidən məni incidib” hədisinin Peyğəmbər (s) tərəfindən İmam Əlinin (ə) gördüyü işə görə deyilməsinə gəlincə isə bu barədə əsasən iki hadisə nəql olunur. Onlardan biri İmam Əlinin (ə) Əbu Cəhlin qızına elçi düşməsi hadisəsidir. Bu barədə şiə mənbələrində nəql olunan hədis Şeyx Səduqun (r) “İləluş-şərai” kitabının 1-ci cild, 185-ci səhifəsində keçir. Bu hədisin sənədində Əbülabbas Əhməd ibn Məhəmməd ibn Yəhya (Əhməd ibn Yəhya ibn Zəkəriyya Qəttan) var. Onun da siqə (etimad olunan) ravi olmasına dəlil yoxdur. Deməli, hədis sənəd cəhətdən zəifdir. Mətn cəhətinə gəldikdə də İmam Sadiq (ə) bu hədisdə bədbəxtlərdən birinin Xanım Fatimənin (s) yanına gələrək belə bir xəbər verdiyini, amma bu xəbərin həqiqətdə İmam Əliyə (ə) atılmış bir iftira olduğunu və Peyğəmbərin (s) də bu iftiranı ortaya çıxardığını bildirir. Deməli, bizim mənbələrdə bu hadisənin həqiqət olmasına dəlil yoxdur. Lakin müxaliflərin mənbələrinə müraciət etdikdə İmam Əli (ə) barədə olan bu iftira ətrafında böyük bir hadisə uydurulduğu ortaya çıxır. Buxari və Müslim kimi əhli-sünnə hədis alimləri bu hadisəni Misvər ibn Məxrəmədən nəql ediblər. Bu şəxsin də İmam Əliyə (ə) qarşı münasibəti heç də yaxşı olmayıb (müraciət et: Zəhəbi, Siyəru-əlamin-nübəla, c. 3, səh. 390).
Hədisin sənədindən əlavə mətni də onun uydurma olmasına dəlalət edir. Bu barədə qədim şiə alimlərindən Seyid Mürtəzanın (v. 436 h.) sözlərini nəql edirik:
“Rəvayət olunur ki, Əmirəlmöminin (ə) Peyğəmbərin (s) həyatda olduğu dövrdə Əbu Cəhl ibn Hişamın qızına elçi göndərmişdi. Xəbər Fatiməyə (s) çatdıqda bunu Peyğəmbərə (s) şikayət etdi. Peyğəmbər (s) minbərə qalxıb belə buyurur: “Əli (ə) mənə əziyyət verib. O, Əbu Cəhl ibn Hişamın qızını Fatimə (s) ilə birlikdə (evlilikdə) cəm etmək istəyir. Allahın dostunun qızı ilə Allahın düşməninin qızını bir araya gətirmək düzgün deyil. Ey camaat, bilmirsinizmi ki kim Fatiməyə (s) əziyyət verərsə, mənə əziyyət vermiş olar, kim mənə əziyyət verərsə, Allah-taalaya əziyyət vermiş olar?"
(Sual:) bunun izahı nədir? Cavab veririk ki, bu xəbər batil, uydurma və nəqli etibarlı olmayan bir rəvayətdir...
Bundan əlavə, bu rəvayətin özündə onun yalan olduğunu göstərən məqamlar var. Məsələn, iddia olunur ki, Peyğəmbər (s) bu hərəkəti məzəmmət etmiş və onu minbərlərdən açıq şəkildə qınamışdır. Halbuki Əmirəlmöminin (ə) belə bir əməl etmiş olsaydı belə, bu, islam şəriətində haram sayılmayan bir əməl idi. Çünki islamda dörd qadınla evlənmək Peyğəmbərimiz (s) tərəfindən halal edilmişdir. Peyğəmbər (s) halal olan bir şeyə qarşı çıxmaz və onu açıq şəkildə pisləməzdi. Allah onu (Peyğəmbəri) bu cür iş görməkdən yüksəltmiş, onu hər növ nöqsan və qüsurdan uzaqlaşdırmışdır.
Əgər Peyğəmbər (ə) öz qızını başqa bir qadınla bir yerdə görməyə qarşı nəfsində narazılıq hiss etsəydi belə, bu hissləri heç vaxt açıq-aşkar dilə gətirməzdi. (Bu iş) nə qədər ürəyincə olmasaydı belə, bu məsələdə açıq şəkildə narazılığını ifadə edərək minbərlərdən və insanların gözü önündə bu işə şiddətlə etiraz etməzdi. Çünki o Həzrətə (Peyğəmbərə) məxsus olan səbir və qəzəbi boğmaq xüsusiyyəti, eləcə də Allahın onu gözəl əxlaq və yüksək tərbiyə ilə vəsf etməsi belə bir davranışın ona aid edilməsini qeyri-mümkün qılır. Onun (Peyğəmbər) kimi biri uzaqbaşı gizli şəkildə və gözəl bir üslubla iradını bildirər, xəlvətdə, incə və nəzakətli ifadələrlə onu (İmam Əlini) bu işdən çəkindirərdi” (Seyid Mürtəza Ələmul-hüda, Tənzihul-ənbiya, səh. 167).
Hətta qeyd edilən hədisin uydurma olmasına dair yuxarıda deyilən və deyilməyən dəlilləri kənara qoyub bu hadisəni qəbul etmiş olsaq belə, nəql olunan hadisədə İmam Əlinin (ə) bu işi görmək istədiyi, Peyğəmbərin (s) bu sözlərini eşitdikdən sonra isə bu işdən imtina etdiyi açıq şəkildə qeyd olunur (müraciət et: Müslim ibn Həccac, Səhihul-Muslim, Qahirə, Darul-hədis, h. 1412 h, c. 4, səh. 1904).
Beləliklə, bu hadisə qəbul olunsa belə, bununla Əbu Bəkr və Ömərin Xanım Fatiməyə (s) qarşı etdikləri cinayətə bəraət qazandıra bilməzlər. Çünki, bu uydurma hadisəyə əsasən, İmam Əli (ə) öz-özlüyündə halal bir iş olan Əbu Cəhlin qızına elçi düşmüşdü; lakin sonradan bunun Xanım Fatiməni (s) incidəcəyini bilmiş, onu incitməyin isə elə Peyğəmbəri (s) incitmək sayıldığından xəbərdar olmuş və bu işdən çəkinmişdi. Nəticədə Xanım Fatiməni (s) və Peyğəmbəri (s) incitməmişdi.
Əbu Bəkr və Ömər isə Xanım Fatimənin (s) bu xüsusiyyətini bilərək onu incitmiş və bu işlərindən o Xanım dünyasını dəyişənə qədər əl çəkməmişdilər. Buna görə də - yuxarıda da işarə etdiyimiz kimi - Xanım Fatimə (s) ölənə qədər Əbu Bəkri danışdırmamışdı.
“Fatimə mənim bir parçamdır, onu incidən məni incidib” hədisinin Peyğəmbər (s) tərəfindən İmam Əlinin (ə) gördüyü işdən ötrü deyilməsi barədə şiə mənbələrindən gətirilən digər hədis isə Şeyx Səduqun “İləluş-şərai” kitabında, 1-ci cild, səhifə 163-də Əbuzər Ğəffaridən nəql olunmuşdur. Hədisin məzmunu Xanım Fatimənin (s) bir gün evə daxil olarkən İmam Əlinin (ə) başını Cəfər Təyyara hədiyyə verilən və Mədinəyə qayıdarkən onun tərəfindən İmam Əliyə (ə) hədiyyə edilmiş qiymətli cariyənin dizinin üstünə qoyması səhnəsinə şahid olması və buna görə də Peyğəmbərə (s) şikayət etməsi hadisəsidir.
Lakin bu hədis də mötəbər deyil. Çünki sənədində siqə (güvənilən) olmayan şəxslər var. Onlardan biri Həsən ibn Ərəfə Əbdidir. O, əhli-sünnə ravilərindədir və siqə olmasına dəlil yoxdur (müraciət et: Seyid Xoyi, Mucəmu-ricalil-hədis, c. 5, səh. 372). Hədisin sənədindəki digər siqə olmayan ravilər isə Vəki, Məhəmməd ibn İsrail və Əbu Salehdir. Göründüyü kimi, bu hədisin sənədində dörd təbəqə məchul şəxslərdən ibarətdir. Bu da hədisin nə qədər etibarsız olduğunun göstəricisidir. Üstəlik, hədisin mətnində Əbuzər Cəfər Təyyarla birgə Həbəşistana hicrət etdiyini deyir. Bu isə tarixi faktlarla uyğun gəlmir.
Eynilə bu hədis də qəbul olunduğu təqdirdə belə müxaliflərin isbat etmək istədikləri məsələyə dəlalət etmir. Çünki, hədisin mətninə əsasən, İmam Əli (ə) kəniz ilə heç bir münasibətdə olmamışdı. Hədisdə yalnız İmamın (ə) başını onun dizinin üstünə qoyması, Xanım Fatimənin (s) də bundan inciyərək İmam Əlidən (ə) icazə alıb Peyğəmbərin (s) yanına şikayətə getməsi nəql olunub. Peyğəmbər (s) isə Allahın əmri ilə Xanım Fatimənin (s) şikayətini qəbul etməmişdi. İmam Əli (ə) bunu bilən kimi kənizi azad edir və Xanım Fatimənin (s) ürəyini alır. Allah da bu əməlinə görə İmam Əliyə (ə) mükafat verir.
Görəsən Peyğəmbərin (s) tək yadigarı olan qızı Xanım Fatimənin (s) mülkünü əlindən alıb, onun evinə hücum edib və onun bu dünyadan incikli getməsinə səbəb olan Əbu Bəkr və Ömərin etdikləri cinayətləri bu hədisdə deyilən hadisə ilə ört-basdır etmək mümkündürmü?!
Copyright 2025 Hadis.Az