Cavab
Sual
Cavab
Allah-taala “Ənfal” surəsinin 41-ci ayəsində buyurur:
وَاعْلَمُوا أَنَّمَا غَنِمْتُمْ مِنْ شَيْءٍ فَأَنَّ لِلَّهِ خُمُسَهُ وَلِلرَّسُولِ وَلِذِي الْقُرْبَىٰ وَالْيَتَامَىٰ وَالْمَسَاكِينِ وَابْنِ السَّبِيلِ
“Bilin ki, ələ keçirdiyiniz hər hansı qənimətin beşdə biri Allahın, Peyğəmbərin, onun qohum-əqrəbasının, yetimlərin, yoxsulların və müsafirlərindir (pulu qurtarıb yolda qalan yolçularındır)”.
Ayənin mətnindən aşkar olaraq görünür ki, bu ayə xüms (malın beşdə birini vergi olaraq ödəmək) barədə nazil olmuşdur. Bu ayənin xümsə aid olmadığını iddia etmək absurddur və iddia tərəfinin cahilliyini göstərir. Çünki xüms sözü özü məhz bu ayədə keçən “xums” sözündən götürülmüşdür.
“Ənfal” surəsinin 41-ci ayəsinin xümsə aid olması həmçinin Əhli-beyt (ə) tərəfindən nəql olunmuş mötəbər hədislərdə də qeyd olunub. Burada yalnız ən mötəbər kitablarımızdan olan və bu kitabların ilk sırasında yer tutmuş Şeyx Kuleyninin “əl-Kafi” əsərində nəql olunmuş bəzi hədisləri qeyd edəcəyik. Həmin kitabda qeyd olunan hədislər barədə daha ətraflı məlumat istəyənlər kitabın 1-ci cildinin (“Höccət” kitabının) son babına müraciət edə bilərlər.
Biz burada aşağıdakı iki hədisi qeyd etməklə kifayətlənirik:
اَلْحُسَيْنُ بْنُ مُحَمَّدٍ عَنْ مُعَلَّى بْنِ مُحَمَّدٍ عَنِ اَلْوَشَّاءِ عَنْ أَبَانٍ عَنْ مُحَمَّدِ بْنِ مُسْلِمٍ عَنْ أَبِي جَعْفَرٍ عَلَيْهِ اَلسَّلاَمُ: فِي قَوْلِ اَللَّهِ تَعَالَى: «وَ اِعْلَمُوا أَنَّمٰا غَنِمْتُمْ مِنْ شَيْءٍ فَأَنَّ لِلّٰهِ خُمُسَهُ وَ لِلرَّسُولِ وَ لِذِي اَلْقُرْبىٰ» قَالَ هُمْ قَرَابَةُ رَسُولِ اَللَّهِ صَلَّى اَللَّهُ عَلَيْهِ وَ آلِهِ وَ اَلْخُمُسُ لِلَّهِ وَ لِلرَّسُولِ وَ لَنَا.
Mötəbər sənədli hədisdə Məhəmməd ibn Müslim İmam Məhəmməd Baqirin (ə) Allahın buyurduğu: “Bilin ki, ələ keçirdiyiniz hər hansı qənimətin (qazandığınız hər bir şeyin) beşdə biri Allahın, Peyğəmbərin, onun qohum-əqrəbasının haqqıdır” ayəsi ilə əlaqədar olaraq belə buyurduğunu nəql etmişdir: “Onlar Allahın Peyğəmbərinin (s) yaxın ailəsidir. Xüms Allaha, Peyğəmbərə (s) və bizə aiddir”.[1]
Digər bir mötəbər hədis isə belədir:
عَلِيُّ بْنُ إِبْرَاهِيمَ عَنْ أَبِيهِ عَنِ اِبْنِ أَبِي عُمَيْرٍ عَنِ اَلْحُسَيْنِ بْنِ عُثْمَانَ عَنْ سَمَاعَةَ قَالَ: سَأَلْتُ أَبَا اَلْحَسَنِ عَلَيْهِ اَلسَّلاَمُ عَنِ اَلْخُمُسِ فَقَالَ فِي كُلِّ مَا أَفَادَ اَلنَّاسُ مِنْ قَلِيلٍ أَوْ كَثِيرٍ.
“Sümaə belə nəql edir: “Mən Əbülhəsəndən (İmam Museyi-Kazimdən) xüms haqqında soruşdum. O belə cavab verdi: “Az və ya çox olmasından asılı olmayaraq, insanların qazandıqları hər şeydə xüms vardır”.[2]
Bu hədisdə Səmaə İmam Museyi-Kazimdən (ə) xüms barədə soruşur. Yuxarıda da qeyd etdiyimiz kimi, xüms sözü “Ənfal” surəsi, 41-ci ayədə keçmiş və Allah xümsü məhz həmin ayə ilə vacib qərar verib bu ibadət növünü xüms adlandırmışdır.
“Həşr” surəsinin 6 və 7-ci ayələrində isə Allah-taala belə buyurur:
وَمَا أَفَاءَ اللَّهُ عَلَىٰ رَسُولِهِ مِنْهُمْ فَمَا أَوْجَفْتُمْ عَلَيْهِ مِنْ خَيْلٍ وَلَا رِكَابٍ وَلَٰكِنَّ اللَّهَ يُسَلِّطُ رُسُلَهُ عَلَىٰ مَنْ يَشَاءُ ۚ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ مَا أَفَاءَ اللَّهُ عَلَىٰ رَسُولِهِ مِنْ أَهْلِ الْقُرَىٰ فَلِلَّهِ وَلِلرَّسُولِ وَلِذِي الْقُرْبَىٰ وَالْيَتَامَىٰ وَالْمَسَاكِينِ وَابْنِ السَّبِيلِ
“(Ey möminlər!) Allahın onların (Bəni-Nəzər qəbiləsinin) mallarından Öz Peyğəmbərinə verdiyi qənimət üçün siz onların üstünə nə at, nə də dəvə sürdünüz. Lakin Allah Öz peyğəmbərini istədiyi kimsələr üzərində hakim edər. Allah hər şeyə qadirdir! Allahın Öz Peyğəmbərinə (fəth olunmuş) məmləkətlərin əhalisindən (dinc yolla) verdiyi qənimət Allaha, Peyğəmbərə, (Peyğəmbərə (s) yaxın olan) qohum-əqrəbaya, yetimlərə, yoxsullara və (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara) məxsusdur”.
Bu ayələrdən birincisinin xümsə aidiyyəti yoxdur. Çünki burada söhbət döyüşmədən əldə edilən qənimətlərdən gedir. Bu “ənfal” adlanır və bütünlüklə Allaha və Peyğəmbərə (s) aiddir (müraciət et: “Ənfal” surəsi, ayə 1). Allaha və Peyğəmbərə (s) aid olan isə İmama (ə) çatır. Xüms isə döyüşdən əldə edilən qənimətdir və yalnız beşdə biri vergi olaraq ödənilir, həmin beşdə birin yarısı Peyğəmbərin (s) və imamlarındır (ə), digər yarısı isə Bəni-Haşimdən olan seyidlərin payıdır. İnsanların əldə etdikləri qazanclar da xümsə daxil olur.
Əsas müzakirə mövzusu olan isə ikinci ayədir. Əgər ikinci ayəni birinci ayənin təfsiri kimi götürsək, o zaman onun da xümsə heç bir aidiyyəti olmayacaq. Necə ki bir çox əhli-sünnə müfəssiri və bəzi şiə müfəssirlər bu cür təfsiri qəbul ediblər. Lakin ikinci ayəni birinci ayədən fərqli saysaq, o zaman ikinci ayə “Ənfal” surəsinin 41-ci ayəsi ilə eyni məzmunda olacaq və bu zaman xümsə aid edilə bilər. Buna görə də xüms barədə müzakirə aparmış fəqihlərimiz xüms ayələri barədə danışarkən “Həşr” surəsinin 7-ci ayəsinə də toxunmuşlar.
Copyright 2025 Hadis.Az