Cavab

Sual

Əssalamu Aleykum qardaş. Saytda qeyd etmisiz ki, bu tərif düz deyil. Amma Şeyx Abdullah Mamaqani qeyd etdiyiniz kitabın 328 səhifəsində deyir ki bir çox alimlər belə demişdir. Bu verilmiş tərifin düz olduğunu görsətmir? Və ya bu tərif yanlışdırsa, hansı tərif doğrudur? Onda Əllamə Məclisinin "Həyatul-Kubra" əsərində "Səhabələrin fəzilətləri" babında qeyd etdiyi hədislər hansı səhabələrə şamil olur?

Cavab

Aleykum salam. Biz “bu tərif düz deyil” yazmamışıq. “Qeyd etdiyiniz cümlə yanlışdır” yazmışıq. Çünki cümlədə deyilir ki, “bizə (yəni şiəlikdə) səhabənin tərifi belədir”. Biz də “Miqbasul-hidayə” kitabına yönləndirərək təkcə o kitabda səkkiz müxtəlif tərifin olduğunu demişik. Əgər ortada azı səkkiz tərif mövcuddursa, bu zaman bunlardan birini seçib “şiəlikdə səhabənin tərifi belədir” demək doğru deyil.

Əllamə Məclisidən nəql etdiyinizə gəlincə isə Əllamə Məclisinin “Həyatul-kubra” adlı əsərinin olması barədə hər hansısa bir məlumatla rastlaşmamışıq. Ola bilər, siz Əllamə Məclisinin fars dilində qələmə aldığı, peyğəmbərlərin (ə) və xüsusən də Həzrət Məhəmmədin (s) həyatından danışan, sonuncu cildi Əhli-beyt (ə) barədə olan “Həyatul-qulub” əsərindən danışırsınız.

Bu əsərin 4-cü cildində 57-ci bab “Mühacir, ənsar, səhabə və tabeinlərin fəzilətinin bəyanı” babıdır. Bu babda qeyd edilən hədislərin isə hansı səhabələrə aid olmasını elə müəllifin özü orada qeyd edib. Belə ki, müəllif yazır:

“Ayə və hədislərdə səhabə, mühacir və ənsar barədə gəlmiş təriflər dindən çıxmayan, münafiq olmayan, haqq xəlifə olan Əmirəlmömininindən (İmam Əlidən (ə)) başqasına tabe olmayanlar haqqındadır. Onlardan kafir və mürtəd olanlar, Əmirəlmömininə (ə) qarşı çıxanlar və onun düşmənlərinə kömək göstərənlər isə bütün kafirlərdən də pisdirlər. Necə ki Peyğəmbər (s) onlar barədə xəbər verərək buyurmuşdur: “Səhabələrimin böyük bir qismini Kövsər hovuzundan uzaqlaşdıracaqlar. Mən: “Onlar mənim səhabələrimdir”, – deyəcəyəm. Allah-taala buyuracaq: “Ey Məhəmməd, bunların səndən sonra nə etdiklərini bilmirsən. Onlar (səndən sonra) dindən xaric olub mürtəd oldular” (Əllamə Məclisi, Həyatul-qulub, c. 4, səh. 1601).

Qeyd edək ki, Əllamə Məclisinin sonda qeyd etdiyi hədis əhli-sünnənin ən məşhur və mötəbər kitablarında müxtəlif yollarla nəql olunmuşdur. Onların bir hissəsini Buxari öz “Səhih”ində “Kitabur-riqaq”da, “Babun fil-hovz və qovlillahi-taala İnna ətaynakəl-kovsər” babında (c. 10, səh. 194) qeyd etmişdir. Onlardan birində Əbu Hüreyrə belə nəql edir:

“Peyğəmbər (s) buyurdu: “Qiyamət günündə səhabələrimdən bir qrupu mənə doğru gələr. Onları hovuzdan uzaqlaşdırarlar. O zaman mən deyərəm: “ey Rəbbim, (bunlar) mənim səhabələrimdir”. (Allah-taala) buyurar: “Onların səndən sonra etdiklərindən xəbərin yoxdur. Onlar dönük çıxaraq mürtəd oldular” (Buxari, Səhihul-Buxari, Qahirə, h. 1410, c. 10, səh. 194).

Bu hədisdən də göründüyü kimi, hətta mürtəd olan şəxslərə belə səhabə sözü deyilir. Necə ki hədisdə Peyğəmbər (s) onlar üçün səhabə sözü işlətmiş, Allah isə onların səhabə olmalarını inkar etməmiş, sadəcə səhabə olmalarına baxmayaraq niyə Kövsər hovuzundan uzaqlaşdırılmalarını və əzaba layiq olmalarını izah etmişdir. Bunun da səbəbi odur ki, səhabə sözünün termin olaraq müəyyən mənada işlənməsi sonrakı əsrlərdə alimlər tərəfindən icad edilmiş bir şeydir. İlk dövrlərdə, xüsusən hədislərdə işlənən səhabə sözü isə sırf lüğətdəki mənasında, yəni dost, yoldaş, köməkçi kimi mənalarda işlənir.