Cavab

Sual

Allah öz rəhmət və mərhəməti ilə sizlərə xüsusi inayət etsin. Bu gün cəmiyyətdə müctəhidlərə təqlidin batil olmasını əllərində "şüar" edənlər aşağıda zikr edəcəyim iki ayəyə əsasən təbliğ edirlər; 1) Tövbə 31 2) Bəqərə 79 Bilmək istəyirəm bu ayələrin alimlərə təqlid etməklə əlaqəsi varmı? Bu ayələri Əhli-beyt ə.s imamları necə izah ediblər? Allah sizləri yerin-göyün bəlasından amanda saxlasın.

Cavab

Sualda qeyd etdiyiniz ayələrin mütəxəssis (müctəhid) olmayan şəxslərin təqva sahibi olan və dini qorumaq üçün ömürlərini bu yola sərf etmiş fəqihlərimizə şəriət məsələlərində təqlid etməsi ilə heç bir əlaqəsi yoxdur. Maraqlısı budur ki, qeyd etdiyiniz ayələrdən birinin təfsirində gəlmiş hədisdə bu məsələ daha geniş və gözəl şəkildə bəyan edilmişdir. Aşağıda həmin hədisi sizə təqdim edəcəyik. Bu hədis sənəd baxımından zəif olsa da, mətni həddindən artıq faydalı və əhatəlidir. Hətta böyük fəqihlərimizdən olan Şeyx Mürtəza Ənsari bu hədis barədə danışarkən onu “doğru olmasının nişanələri aşkar görünən” hədis adlandırmışdır.[1] Təqlidi qəbul etməyən şəxslər adətən hədislər arasında sənəd baxımından heç bir fərq qoymadıqları üçün bu hədisi birbaşa qəbul etməlidirlər. Rical elminə əhəmiyyət verən şəxslər isə unutmamalıdırlar ki, rical elmi hədisi qəbul etmək üçün olan yollardan biridir. Lakin hədisin doğru sayılması üçün yeganə vasitə rical elmi və ya hədisin sənədi deyil. Müəyyən hallarda hədisin məzmunu əsasında da onu qəbul etmək olar. Aşağıdakı hədis də bu qəbildəndir. Bütün bunlarla yanaşı, aşağıda qeyd etdiyimiz hədisin zəif sənədinə əsaslanaraq onu qəbul etmək istəməyən şəxslər ən azından dəlil gətirdikləri ayənin hədisin mətninə uyğun şəkildə izah oluna biləcəyini görməli və beləliklə, ayənin onların anladığı mənanı ifadə etmədiyini qəbul etməlidirlər.

İmam Həsən Əskəriyə (ə) nisbət verilən təfsirdə, “Bəqərə” surəsinin 78 və 79-cu ayələrinin təfsirində İmam Cəfər Sadiqdən (ə) nəql olunan uzun hədisin bir hissəsini sizə təqdim edirik:

“Bir kişi İmam Sadiqə (ə) dedi: “Əgər həmin qövm kitabları barədə ancaq alimlərindən eşitdikləri qədər bilirdilərsə, başqa yolları yox idisə, (Allah) onları alimlərinin sözlərini qəbul etdiklərinə və təqlid etdiklərinə görə necə məzəmmət edə bilər? Məgər adi yəhudilər alimlərinə təqlid edən bizim adi camaat kimi deyillərmi? Əgər alimlərinin sözlərini qəbul etmək onlara icazəli deyilsə, deməli bizim camaata da öz alimlərinin sözlərini qəbul etmək icazəli deyil”.

İmam (ə) dedi: “Bizim alimlərlə onların alimləri, həmçinin bizim camaatla onların camaatı bir cəhətdən fərqli, digər cəhətdən isə bərabərdirlər. Allah bərabər olduqları cəhətdən onların adi insanlarını məzəmmət etdiyi kimi, bizim camaatı da alimlərinə təqlid etdiklərinə görə məzəmmət etmişdir. Lakin fərqli cəhətdən isə yox”.

Kişi dedi: “Bunu mənim üçün izah et, ey Peyğəmbər övladı”.

İmam (ə) buyurdu: “Yəhudilər bilirdilər ki, onların alimləri açıq-aşkar yalan danışır, haram, rüşvət yeyir, vacib hökmləri (kimlərinsə) vasitəçiliyi, köməkliyi və rüşvət verməsi ilə dəyişdirirlər. Həmçinin onların dəhşətli dərəcədə təəssübkeş olduqlarından da xəbərdar idilər, hansı ki bu təəssübə görə dinlərini tərk edir, bir nəfərə qarşı təəssübkeşlik etdikdə onun haqqını aradan aparır, başqalarının malından leyhində təəssübkeşlik etdikləri kəslərə haqları çatmayan şeyləri verirdilər, onlara görə başqalarına zülm edirdilər. Bilirdilər ki, onlar haramlara düçar olurlar və qəlbləri ilə buna əmin olmuşdular ki, rahiblərinin etdiklərini edən şəxs fasiqdir; Allah adından, həmçinin Allahla məxluqat arasında vasitə olan şəxslərin adından dedikləri şeylərə inanmaq olmaz. Buna görə də Allah onları (bu cür) tanıdıqları şəxslərə təqlid etdiklərinə görə məzəmmət etmişdi. (Bir halda ki) onlar belə şəxslərin verdikləri xəbərləri qəbul etməyin, dediklərini təsdiq etməyin və görmədikləri şəxslərdən onlara çatdırdıqları şeylərə əməl etməyin icazəli olmamasını dərk edirdilər. Onların özlərinə Peyğəmbərin (s) məsələsi barədə düşünmək vacib idi, çünki onun (s) dəlilləri pünhan qalmayacaq qədər aşkar və onlara zahir olacaq qədər məşhur idi. Eynilə bizim ümmətin adi insanları da fəqihlərinin aşkar fisqini, şiddətli təəssübkeşliklərini, dünya malına və onun haramlarına tamahkarlıqlarını bildikləri halda (onlara təqlid etsələr, məzəmmət edilərlər). Bizim ümmətdən kim bu cür fəqihlərə təqlid etsə, onlar (elə) Allah-taalanın fasiq fəqihlərinə təqlid etdiklərinə görə məzəmmət etdiyi yəhudilər kimidir. Amma özünü (haramdan) qoruyan, dinini (imanını) hifz edən, nəfsi istəklərinə qarşı çıxan və mövlasının əmrinə itaət edən fəqihlərə gəlincə (fəqih olmayan) insanlar onlara təqlid edə bilərlər. Bu xüsusiyyətlər isə bəzi şiə fəqihlərində olar, hamısında olmaz. Kimlər müxaliflərin fəqihləri kimi pis və çirkin işlərə mürtəkib olsa, onların bizim barədə dediyi heç bir şeyi qəbul etməyin, onların bir dəyəri də yoxdur. Bizdən götürülən (hədislərin, maarifin) arasında çoxlu qarışıqlıq da buna görə yaranıb. Çünki fasiqlər bizdən (maarifi) götürür, sonra isə cahilliklərinə görə onu tamamilə dəyişdirirlər və biliklərinin azlığından bəzi şeyləri olduğundan fərqli təqdim edirlər (bir məsələni ona aid olmayan yerə şamil edirlər). Digər şəxslər isə bilərəkdən bizim adımızdan yalan danışırlar ki, cəhənnəm oduna gedən yolda onlara azuqə olacaq dünya malını əldə etsinlər”.[2]


[1] Şeyx Mürtəza Ənsari, Fəraidul-usul, c. 1, səh. 304.

[2]  Seyid Haşim Bəhrani, Əl-Burhan, c. 1, səh. 256-257.