Cavab
Sual
Cavab
Birinci sualınız barədə saytımıza ünvanlanmış aşağıdakı sualın cavabına müraciət edə bilərsiniz:
https://www.hadis.az/istiftaat/41
İkinci sualınıza gəldikdə isə Şeyx Səduq “İləluş-şərai” kitabında Peyğəmbərin (s) İmam Əlini (ə) Əbu Turab adlandırmasının səbəbi barədə məxsusi bir bab açmış, orada ilk öncə iki rəvayət nəql etmişdir. Şeyx Səduq burada ilkin olaraq sənədi Əbu Hüreyrəyə gedib çatan bir hədis nəql edir:
حَدَّثَنَا أَحْمَدُ بْنُ اَلْحَسَنِ اَلْقَطَّانُ قَالَ حَدَّثَنَا أَبُو سَعِيدٍ اَلْحَسَنُ بْنُ عَلِيٍّ اَلسُّكَّرِيُّ قَالَ حَدَّثَنَا اَلْحُسَيْنُ بْنُ حَسَّانَ اَلْعَبْدِيُّ قَالَ حَدَّثَنَا عَبْدُ اَلْعَزِيزِ بْنُ مُسْلِمٍ عَنْ يَحْيَى بْنِ عَبْدِ اَللَّهِ عَنْ أَبِيهِ عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: صَلَّى بِنَا رَسُولُ اَللَّهِ صَلَّى اَللَّهُ عَلَيْهِ وَ آلِهِ اَلْفَجْرَ ثُمَّ قَامَ بِوَجْهٍ كَئِيبٍ وَ قُمْنَا مَعَهُ حَتَّى صَارَ إِلَى مَنْزِلِ فَاطِمَةَ صَلَوَاتُ اَللَّهِ عَلَيْهَا فَأَبْصَرَ عَلِيّاً نَائِماً بَيْنَ يَدَيِ اَلْبَابِ عَلَى اَلدَّقْعَاءِ فَجَلَسَ اَلنَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ فَجَعَلَ يَمْسَحُ اَلتُّرَابَ عَنْ ظَهْرِهِ وَ يَقُولُ قُمْ فِدَاكَ أَبِي وَ أُمِّي يَا أَبَا تُرَابٍ ثُمَّ أَخَذَ بِيَدِهِ وَ دَخَلاَ مَنْزِلَ فَاطِمَةَ فَمَكَثْنَا هُنَيَّةً ثُمَّ سَمِعْنَا ضَحِكاً عَالِياً ثُمَّ خَرَجَ عَلَيْنَا رَسُولُ اَللَّهِ صَلَّى اَللَّهُ عَلَيْهِ وَ آلِهِ بِوَجْهٍ مُشْرِقٍ فَقُلْنَا يَا رَسُولَ اَللَّهِ دَخَلْتَ بِوَجْهٍ كَئِيبٍ وَ خَرَجْتَ بِخِلاَفِهِ فَقَالَ كَيْفَ لاَ أَفْرَحُ وَ قَدْ أَصْلَحْتُ بَيْنَ اِثْنَيْنِ أَحَبِّ أَهْلِ اَلْأَرْضِ إِلَيَّ وَ إِلَى أَهْلِ اَلسَّمَاءِ.
“Əbu Hüreyrədən rəvayət olunur ki, o dedi: “Rəsulullah (s) bizə sübh namazı qıldırdı, sonra isə kədərli bir sima ilə yerindən qalxdı. Biz də onunla birlikdə durduq, o, Fatimənin (ə) evinə doğru yollandı. Peyğəmbər (s) qapının qarşısında Əlinin (ə) torpağın üzərində yatdığını gördü. Rəsulullah (s) oturaraq Əlinin (ə) kürəyindən torpağı silməyə başladı və dedi: “Qalx, atam-anam sənə fəda olsun, ey Əbu Turab!” Peyğəmbər (s) Əlinin (ə) əlindən tutub Fatimənin (ə) evinə daxil oldu. Biz bir qədər gözlədikdən sonra evdən yüksək bir gülüş səsi eşitdik. Daha sonra Rəsulullah (s) parlaq bir sima ilə bizə doğru çıxdı. Biz dedik: “Ey Allahın Rəsulu! Sən evə kədərli bir sima ilə girmişdin, amma indi şad şəkildə çıxdın”. O (s) buyurdu: “Necə sevinməyim ki yer əhlindən mənə və göy əhlinə ən sevimli olan iki nəfərin arasını düzəltmişəm” (Şeyx Səduq, İləluş-şərai, c. 1, səh. 155).
Şeyx Səduq bu hədisdən sonra onun məzmununa oxşar başqa bir hədisi də nəql etmişdir. Nəql olunan hər iki hədis sənəd baxımdan çox etibarsız hədislərdir. Çünki ilk hədis, göründüyü kimi, hədis uydurmaqla məşhur olmuş Əbu Hüreyrədən nəql olunur, ikinci hədisin əksər raviləri isə məchul olmaqla yanaşı, hadisəni nəql etmiş şəxsin özü - Həbib ibn Əbu Sabit əhli-sünnə ravisidir və zəifdir. Şeyx Səduq iki hədisin hər birini əhli-sünnə təriqi ilə nəql etmişdir, bu hədislər məsumlardan nəql olunmayıblar. Buna görə də hər iki hədis zəif sayılır. Bütün bunlarla yanaşı, bu hədisləri nəql etmiş Şeyx Səduq özü bu iki hədisi nəql etdikdən sonra belə yazıb:
“Məhəmməd ibn Əli ibn Hüseyn - bu kitabın müəllifi deyir: “Bu rəvayət nə mənim üçün etibarlı bir dayaq, nə də bu adın səbəbi barədə inancım üçün əsasdır. Çünki Əli (ə) və Fatimə (ə) arasında elə bir söz-söhbət baş verə bilməzdi ki, Allah Rəsulu (s) onların arasını düzəltmək üçün müdaxilə etməyə ehtiyac duysun. Çünki İmam Əli (ə) vəsilərin ağası, Fatimə (ə) isə aləmlərin qadınlarının xanımıdır. Onlar gözəl əxlaqda Allahın Peyğəmbərinə (s) tabe idilər. Lakin mən bu mövzuda (aşağıda qeyd edəcəyimiz) hədislərə etimad edirəm...” (Şeyx Səduq, İləluş-şərai, c. 1, səh. 156)
Daha sonra isə aşağıdakı hədisi qeyd edir:
حدثني به أحمد بن الحسن القطان قَالَ حَدَّثَنَا أَبُو اَلْعَبَّاسِ أَحْمَدُ بْنُ يَحْيَى بْنِ زَكَرِيَّا قَالَ حَدَّثَنَا بَكْرُ بْنُ عَبْدِ اَللَّهِ بْنِ حَبِيبٍ قَالَ حَدَّثَنَا تَمِيمُ بْنُ بُهْلُولٍ عَنْ أَبِيهِ قَالَ حَدَّثَنَا أَبُو اَلْحَسَنِ اَلْعَبْدِيُّ عَنْ سُلَيْمَانَ بْنِ مِهْرَانَ عَنْ عَبَايَةَ بْنِ رِبْعِيٍّ قَالَ: قُلْتُ لِعَبْدِ اَللَّهِ بْنِ عَبَّاسٍ لِمَ كَنَّى رَسُولُ اَللَّهِ صَلَّى اَللَّهُ عَلَيْهِ وَ آلِهِ عَلِيّاً عَلَيْهِ السَّلاَمُ أَبَا تُرَابٍ قَالَ لِأَنَّهُ صَاحِبُ اَلْأَرْضِ وَ حُجَّةُ اَللَّهِ عَلَى أَهْلِهَا بَعْدَهُ وَ بِهِ بَقَاؤُهَا وَ إِلَيْهِ سُكُونُهَا وَ لَقَدْ سَمِعْتُ رَسُولَ اَللَّهِ صَلَّى اَللَّهُ عَلَيْهِ وَ آلِهِ يَقُولُ إِنَّهُ إِذَا كَانَ يَوْمُ اَلْقِيَامَةِ وَ رَأَى اَلْكَافِرُ مَا أَعَدَّ اَللَّهُ تَبَارَكَ وَ تَعَالَى لِشِيعَةِ عَلِيٍّ مِنَ اَلثَّوَابِ وَ اَلزُّلْفَى وَ اَلْكَرَامَةِ قَالَ يَا لَيْتَنِي كُنْتُ تُرَاباً يَعْنِي مِنْ شِيعَةِ عَلِيٍّ وَ ذَلِكَ قَوْلُ اَللَّهِ عَزَّ وَ جَلَّ وَ يَقُولُ اَلْكٰافِرُ يٰا لَيْتَنِي كُنْتُ تُرٰاباً.
“Əbayə ibn Ribi dedi: “Abdullah ibn Abbasdan belə soruşdum: “Nə üçün Allah Rəsulu (s) Əliyə (ə) “Əbu Turab” (torpaq atası) künyəsi (ləqəbi) verib?” O dedi: “Çünki o, yerin sahibi və Allahın Peyğəmbərdən (s) sonra yer üzündəki höccətidir. Yerin varlığı onunla qorunur, sabitliyi ona bağlıdır. Mən Rəsulullahın (s) belə dediyini eşitmişəm: “Qiyamət günü kafir olan şəxs Allahın Əli tərəfdarları (şiələri) üçün hazırladığı mükafatları, yaxınlığı və kəraməti gördükdə deyəcək: “Kaş ki mən də torpaq olaydım!” Yəni Əlinin şiələrindən olaydım. Allahın uca kəlamında qeyd etdiyi bu ifadə məhz buna işarədir: “Kafir deyəcək: “Kaş ki mən torpaq olaydım!”[1] (Şeyx Səduq, İləluş-şəraye, c. 1, səh. 156).
Sonra aşağıdakı hədisi nəql edir:
حَدَّثَنِي اَلْحُسَيْنُ بْنُ يَحْيَى بْنِ ضُرَيْسٍ عَنْ مُعَاوِيَةَ بْنِ صَالِحِ بْنِ ضُرَيْسٍ اَلْبَجَلِيِّ قَالَ حَدَّثَنَا أَبُو عَوَانَةَ قَالَ حَدَّثَنَا مُحَمَّدُ بْنُ يَزِيدَ وَ هِشَامٌ الزراعي قَالَ حَدَّثَنِي عَبْدُ اَللَّهِ بْنُ مَيْمُونٍ اَلطُّهَوِيُّ قَالَ حَدَّثَنَا لَيْثٌ عَنْ مُجَاهِدٍ عَنِ اِبْنِ عُمَرَ قَالَ: بَيْنَا أَنَا مَعَ اَلنَّبِيِّ صَلَّى اَللَّهُ عَلَيْهِ وَ آلِهِ فِي نَخِيلِ اَلْمَدِينَةِ وَ هُوَ يَطْلُبُ عَلِيّاً عَلَيْهِ السَّلاَمُ إِذَا اِنْتَهَى إِلَى حَائِطٍ فَاطَّلَعَ فِيهِ فَنَظَرَ إِلَى عَلِيٍّ عَلَيْهِ السَّلاَمُ وَ هُوَ يَعْمَلُ فِي اَلْأَرْضِ وَ قَدِ اِغْبَارَّ فَقَالَ مَا أَلُومُ اَلنَّاسَ إِنْ يَكْنُوكَ أَبَا تُرَابٍ فَلَقَدْ رَأَيْتُ عَلِيّاً تَمَعَّرَ وَجْهُهُ وَ تَغَيَّرَ لَوْنُهُ وَ اِشْتَدَّ ذَلِكَ عَلَيْهِ فَقَالَ اَلنَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ أَ لاَ أُرْضِيكَ يَا عَلِيُّ قَالَ نَعَمْ يَا رَسُولَ اَللَّهِ فَأَخَذَ بِيَدِهِ فَقَالَ أَنْتَ أَخِي وَ وَزِيرِي وَ خَلِيفَتِي فِي أَهْلِي تَقْضِي دَيْنِي وَ تُبْرِئُ ذِمَّتِي مَنْ أَحَبَّكَ فِي حَيَاةٍ مِنِّي فَقَدْ قُضِيَ لَهُ بِالْجَنَّةِ وَ مَنْ أَحَبَّكَ فِي حَيَاةٍ مِنْكَ بَعْدِي خَتَمَ اَللَّهُ لَهُ بِالْأَمْنِ وَ اَلْإِيمَانِ وَ مَنْ أَحَبَّكَ بَعْدَكَ وَ لَمْ يَرَكَ خَتَمَ اَللَّهُ لَهُ بِالْأَمْنِ وَ اَلْإِيمَانِ وَ آمَنَهُ يَوْمَ اَلْفَزَعِ اَلْأَكْبَرِ وَ مَنْ مَاتَ وَ هُوَ يُبْغِضُكَ يَا عَلِيُّ مَاتَ مِيتَةً جَاهِلِيَّةً يُحَاسِبُهُ اَللَّهُ عَزَّ وَ جَلَّ بِمَا عَمِلَ فِي اَلْإِسْلاَمِ.
“Mücahid İbn Ömərin belə dediyini rəvayət etdi: “Mən Peyğəmbərlə (s) Mədinənin xurma bağlarında idim. Peyğəmbər (s) Əlini (ə) axtarırdı. Bir divara çatdıqda ona nəzər saldı və gördü ki, Əli (ə) torpaqda işləyir, üst-başı toz-torpaqdır. Peyğəmbər (s) dedi: “İnsanlar sənə “Əbu Turab” (torpaq atası) ləqəbi versələr, onları qınamaram”. O anda Əlinin (ə) üzü qızardı, rəngi dəyişdi və bu ona ağır gəldi. Peyğəmbər (s) dedi: “Səni razı salımmı, ey Əli?” Əli (ə) dedi: “Bəli, ey Allahın Rəsulu”. Peyğəmbər (s) onun əlindən tutaraq dedi: “Sən mənim qardaşım, vəzirim və ailəmdəki xəlifəmsən. Mənim borcumu ödəyəcək və öhdəliyimdə olan haqları geri qaytaracaqsan. Səni mənim həyatımda sevən cənnətlə müjdələnmişdir. Səni mənim ölümüm və sənin həyatın zamanı sevən kəsin sonunu Allah təhlükəsizlik və imanla tamamlayacaqdır. Allah səni görməyib, amma ölümündən sonra sevən kəsin də sonunu təhlükəsizlik və imanla sonlandıracaq, onu böyük qorxu günündə qoruyacaqdır; amma sənə nifrət edərək ölən kəs cahiliyyət ölümü ilə ölmüşdür. Allah onu İslamda etdiyi əməllər üzrə hesaba çəkəcək” (Şeyx Səduq, İləluş-şərai, c. 1, səh. 156).
Göründüyü kimi, Şeyx Səduq İmam Əlinin (ə) Əbu Turab ləqəbi ilə bağlı ilk olaraq əhli-sünnə təriqi ilə iki rəvayət nəql etmiş, orada Əbu Cəhlin qızı ilə evlənmək barədə heç bir söz keçməmişdir. Lakin hədisin mətnində İmam Əli (ə) ilə Xanım Fatimənin (ə) arasında müəyyən bir incikliyin olduğunu və bu incikliyin Peyğəmbərin (s) araya girməsi ilə aradan qaldırıldığını göstərən məlumatlar, İmam Əli (ə) və Xanım Fatimənin (ə) bilinən əxlaqi xüsusiyyətləri ilə uyğun gəlmədiyi üçün bu hədisləri qəbul etməmiş, daha sonra isə yenə də əhli-sünnə təriqi ilə İmam Əlinin (ə) Əbu Turab adlandırılması barədə iki hədisi nəql edərək, ləqəb barədə bu iki hədisə etimad etdiyini bildirmişdir.
[1] Nəbə, 40.
Copyright 2025 Hadis.Az