Cavab

Sual

Salam dua ilə. Sosial şəbəkələrdə İslama(şiələrə) müxalif olan tayfalar, belə bir şübhə ilə şiələrin nəql etdiyi : "Əlini ə.s mömin sevər, ona münafiq xilaf çıxar" məzmunlu hədisin müqabilində Allah Rəsulu dan belə bir məzmunda hədis nəql edirlər; "Mənim ənsarımı sevən mömin, ona qarşı çıxan münafiqdir. " Bu hədis İslamda (şiə) kitablarında keçibmi?

Cavab

Aleykum salam.

Şiə mənbələrində apardığımız axtarış nəticəsində bu məzmunda bir hədislə qarşılaşmadıq. Bu hədis əhli-sünnənin müxtəlif mənbələrində mövcuddur. Buxari öz “Səhih”ində bu məzmunda olan hədisləri “Hubbul-ənsar” (Ənsarın sevgisi) babında cəm etmiş,[1] Müslim bu hədisləri “Səhih”də, “Ənsarı və Əlini sevməyin imandan və imanın əlaməti olması, onlara düşmənçilik bəsləməyin isə münafiqliyin əlamətlərindən olmasının dəlili” babında toplamışdır.[2] Lakin bu hədislərin səhabə məktəbi olan əhli-sünnənin öz məzhəblərini qüvvətləndirmək üçün səhabələrin hamısının fəzilətli şəxslər olmasını bildirən “hədislər” uydurmaq planının bir hissəsi olma ehtimalı böyükdür. Çünki Qurani-Kərimə, sünnəyə və tarixi gerçəkliyə baxdıqda ümumi bir toplumun sırf Peyğəmbər (s) ilə eyni dövrdə yaşayıb zahirdə ona iman gətirmələrinə görə hamısının günahdan və azğınlıqdan qorunması, həmçinin onları sevməyin imanın, onlara düşmənçilik etməyin isə münafiqliyin əlaməti olması kimi fikirlərin həqiqət olmadığı aşkar olur.

Üstəlik, bu məzmunu qəbul edən şəxslər bir qrup səhabənin bu hədislərə əsasən münafiq olmalarını, yaxud ən azından Peyğəmbərə (s) nisbət verilən bu sözlərə əks şgetdiklərini qəbul etməlidirlər. Məsələn, Ömər ibn Xəttab ənsarın ən öndə gedənlərindən biri olan Səd ibn Übadəyə qarşı mənfi rəydə olmuşdur. Ən azı onu sevməmiş, hətta ona nifrət bəslədiyini belə bəzi sözləri ilə aşkar etmişdir. Çünki Ömər ibn Xəttab Peyğəmbərin (s) vəfatının ardınca öz aralarından xəlifə seçmək üçün toplanmış ənsarın məclisinə Əbu Bəkr və Əbu Ubeydə Cərrah ilə birgə getmiş, orada Səd ibn Übadə üçün “Allah Sədi öldürsün, o fitnə və şərr işlərin sahibidir”[3] söyləmişdir.


[1] Buxari, Səhihul-Buxari, Qahirə, h. 1410, c. 6, səh. 454.

[2] Müslim ibn Həccac, Səhihu-Muslim, “Darul-hədis”, h. 1412, c. 1, səh. 85.

[3] İbn Həbban, Səhihu-İbn Həbban, Beyrut, h. 1414, c. 2, səh. 157.