Cavab

Sual

Salam Aleykum.Ümrə ziyarəti haqqında ətraflı məlumat və hədislər axtarıram zəhmət olmasa kömək edərdiniz

Cavab

Aleykum salam.

Ümrə ziyarətinin fəziləti barədə çoxlu hədislər mövcuddur. Bu barədə daha geniş və ətraflı məlumat üçün Şeyx Hürr Amilinin “Vəsailuş-şiə” kitabının 14-cü cildinə müraciət edə bilərsiniz. Biz burada nümunə üçün bir neçə hədisi qeyd edirik:

مُحَمَّدُ بْنُ يَعْقُوبَ‌ عَنْ عَلِيِّ بْنِ إِبْرَاهِيمَ‌ عَنْ أَبِيهِ‌ وَ عَنْ مُحَمَّدِ بْنِ إِسْمَاعِيلَ‌ عَنِ اَلْفَضْلِ بْنِ شَاذَانَ‌ جَمِيعاً عَنِ اِبْنِ أَبِي عُمَيْرٍ عَنْ مُعَاوِيَةَ بْنِ عَمَّارٍ عَنْ أَبِي عَبْدِ اَللَّهِ عَلَيْهِ اَلسَّلاَمُ‌ قَالَ‌: اِعْتَمَرَ رَسُولُ اَللَّهِ صَلَّى اَللَّهُ عَلَيْهِ وَ آلِهِ‌ ثَلاَثَ عُمَرٍ مُتَفَرِّقَاتٍ عُمْرَةَ ذِي اَلْقَعْدَةِ‌ أَهَلَّ مِنْ عُسْفَانَ‌ وَ هِيَ عُمْرَةُ اَلْحُدَيْبِيَةِ‌، وَ عُمْرَةً أَهَلَّ مِنَ اَلْجُحْفَةِ‌ وَ هِيَ عُمْرَةُ اَلْقَضَاءِ‌، وَ عُمْرَةً‌ مِنْ اَلْجِعْرَانَةِ‌، بَعْدَ مَا رَجَعَ مِنَ اَلطَّائِفِ‌ مِنْ غَزْوَةِ حُنَيْنٍ‌.

وَ رَوَاهُ اَلصَّدُوقُ‌ مُرْسَلاً إِلاَّ أَنَّهُ قَالَ‌: ثَلاَثَ عُمَرٍ مُتَفَرِّقَاتٍ كُلُّهُنَّ فِي ذِي اَلْقَعْدَةِ‌.

Məhəmməd ibn Yəqub əl-Kuleyni Əli ibn İbrahimdən, o, atasından (İbrahim ibn Haşimdən) və (Məhəmməd ibn Yəqub əl-Kuleyni)  Məhəmməd ibn İsmaildən, o, Fəzl ibn Şazandan, onların hər biri  (İbrahim ibn Haşim və Fəzl ibn Şazan) İbn Əbu Ümeyrdən, o, Müaviyə ibn Əmmardan, o da İmam Cəfər Sadiqdən (ə) belə nəql edir:

“Allahın rəsulu (s) üç ayrı zamanda ümrə etmişdir:

  1. Zilqədə ayında ümrə üçün Üsfan məkanından ehrama girmişdir. Bu, Hüdeybiyyə ümrəsi idi;
  2. Cühfə adlı yerdən ehrama girmiş və bu, Qəza ümrəsi olmuşdur;
  3. Ciranə adlı yerdən ehrama girmişdir. Bu, Hüneyn döyüşündən sonra Taifdən qayıdarkən etdiyi ümrə idi”.

Bu hədis Şeyx Səduq tərəfindən də sənədsiz (mürsəl) şəkildə nəql olunmuşdur, lakin orada qeyd edilir ki, bu üç ümrə zilqədə ayında baş vermişdir.[1]

مُحَمَّدُ بْنُ عَلِيِّ بْنِ اَلْحُسَيْنِ‌ بِإِسْنَادِهِ عَنْ مُعَاوِيَةَ بْنِ عَمَّارٍ عَنْ أَبِي عَبْدِ اَللَّهِ عَلَيْهِ اَلسَّلاَمُ‌: أَنَّهُ سُئِلَ أَيُّ اَلْعُمْرَةِ أَفْضَلُ عُمْرَةٌ فِي رَجَبٍ‌ أَوْ عُمْرَةٌ فِي شَهْرِ رَمَضَانَ‌، فَقَالَ لاَ بَلْ عُمْرَةٌ فِي رَجَبٍ‌ أَفْضَلُ‌.

Məhəmməd ibn Əli ibn Hüseyn (Şeyx Səduq) öz sənədi ilə Müaviyə ibn Əmmardan nəql edir ki, İmam Cəfər Sadiqə (ə) belə bir sual verildi:

“Hansı ümrə daha fəzilətlidir? Rəcəb ayında edilən ümrə, yoxsa ramazan ayında edilən?”

İmam (ə) cavab verdi: “Xeyr, rəcəb ayında edilən ümrə daha fəzilətlidir”.[2]

قَالَ وَ رُوِيَ عَنِ اَلنَّبِيِّ صَلَّى اَللَّهُ عَلَيْهِ وَ آلِهِ‌ أَنَّهُ قَالَ‌: اَلْحَجَّةُ ثَوَابُهَا اَلْجَنَّةُ‌ وَ اَلْعُمْرَةُ كَفَّارَةٌ لِكُلِّ ذَنْبٍ وَ أَفْضَلُ اَلْعُمْرَةِ عُمْرَةُ رَجَبٍ‌.

Peyğəmbərin (s) belə buyurduğu nəql olunmuşdur: “Həccin mükafatı cənnətdir, ümrə isə hər bir günah üçün kəffarədir. Ümrələrin ən fəzilətlisi rəcəb ayında edilən ümrədir”.[3]

Qeyd edək ki, ümrənin fəzilət, şərt və vacibləri barədə hədislər çoxdur. Ətraflı məlumat üçün yuxarıda qeyd etdiyimiz ünvana müraciət etmək lazımdır. Bunu da bildirməliyik ki, ümrənin şərt və əməlləri şəriət hökmlərindən sayılır. Bu barədə mütəxəssis (müctəhid) olmayan şəxs müəyyən hədislərə baxıb, onlardan anladığı əsasda əməl edə bilməz. Mütləqdir ki, o hədisləri tam şəkildə araşdırmış və onları anlamış bir mütəxəssisə (müctəhidə) müraciət (təqlid) etsin. Buna görə də ümrənin əməllərini öyrənmək üçün böyük müctəhidlərimizin həccin əməlləri barədə yazdıqları genişhəcmli kitablara müraciət etmək lazımdır. Əks təqdirdə fiqhi hədislər içində ən çətin və araşdırılmağa ehtiyacı olan həccin əməlləri haqqında gəlmiş hədislər barədə doğru-düzgün bir nəticəyə gələ bilməyəcək və beləliklə, öz əməlini doğru şəkildə icra edə bilmədiyi üçün müəyyən haram işlərə mürtəkib olacaqdır.

Hadis.az


[1] Şeyx Hürr Amili, Vəsailuş-şiə, “Alul-beyt” müəssisəsi, 1416,  c. 14, səh. 299.

[2] Həmin mənbə, səh. 301.

[3] Həmin mənbə, səh. 302.