İlkin terminlər - mətn, sənəd, təriq, şeyx

6) Mətn

Hədisin mətni dedikdə hədisin mənasını özündə daşıyan hissəsi nəzərdə tutulur. Başqa sözlə desək, hədislər iki hissədən təşkil tapır: sənəd və mətn. Mətn hədisdə məsumun sözü, feili və təqriri nəql olunan hissədir.

7) Sənəd

Şeyx Abdullah Maməqani “Miqbasul-hidayə” kitabında yazır:

السند هو طريق المتن

“Sənəd mətnin yoludur”.[1]

Yəni sənəd mətnə gedən yol hesab olunur. Digər bir ifadə ilə desək, hədislər bizə müəyyən şəxslər vasitəsilə nəql olunur. Həmin şəxslərə ravi (nəql edən) deyilir. Ravilərin əmələ gətirdiyi nəqletmə zəncirinə isə sənəd deyilir. Məsələn:

مُحَمَّدُ بْنُ يَحْيَى عَنْ أَحْمَدَ بْنِ مُحَمَّدٍ عَنْ مُحَمَّدِ بْنِ سِنَانٍ عَنْ عَلِيِّ بْنِ رِبَاطٍ عَنْ عُبَيْدِ بْنِ زُرَارَةَ قَالَ قَالَ أَبُو عَبْدِ اللَّهِ ع بَرُّوا آبَاءَكُمْ يَبَرَّكُمْ‏ أَبْنَاؤُكُمْ وَ عِفُّوا عَنْ نِسَاءِ النَّاسِ تَعِفَّ نِسَاؤُكُم‏

Məhəmməd ibn Yəhya nəql edir Əhməd ibn Məhəmməddən, o da Məhəmməd ibn Sinandan, o da Əli ibn Ribatdan, o da Übeyd ibn Zürarədən. (Übeyd) dedi: İmam Sadiq (ə) buyurdu: “Atalarınıza qarşı yaxşılıq edin ki, övladlarınız da sizə yaxşılıq etsinlər. Başqalarının qadınlarına qarşı iffətli olun ki, başqaları da sizin qadınlarınıza qarşı iffətli olsun”.[2]

Burada qalın hərflərlə yazılmış hissə hədisin sənədidir. Sənəddən sonrakı hissə isə hədisin mətnidir.

8) Təriq

“Təriq” sözü leksik olaraq “yol” mənasını ifadə edir. Hədis elmində isə “təriq” hədisin sənədinə deyilir. “Bu hədisin təriqində Məhəmməd ibn Sinan var” deyildikdə məqsəd budur ki, hədisin sənədindəki ravilərdən biri Məhəmməd bin Sinan adlı şəxsdir.

9) Şeyx

Hədis elmində şeyx o kəsə deyilir ki, başqa bir ravi ondan hədis nəql etsin. Bu zaman həmin kəs o ravinin şeyxi, yəni hədis ustadı hesab olunur. Məsələn, bu sənədə diqqət edək:

“Məhəmməd ibn Yəhya nəql edir Məhəmməd ibn Hüseyn ibn Əbu Umeyrdən...”

Burada Məhəmməd ibn Hüseyn adlı ravi Məhəmməd ibn Yəhya adlı ravinin şeyxidir. Məhəmməd ibn Yəhya isə Məhəmməd ibn Hüseyndən hədis nəql etdiyi üçün onun şagirdi hesab olunur.

Əli Abdullah

Hadis.az


[1] Miqbasul-hidayə fi elmid-dirayə, c. 1, səh. 50.

[2] Şeyx Kuleyni, Əl-Kafi, c.5, səh. 554.

Istifadə olunan terminlər

Tövsiyə olunan

Mütəvatir xəbər - leksik və terminoloji mənası

Mütəvatir xəbər - leksik və terminoloji mənası

İlkin terminlər - xəbər, əsər, rəvayət

İlkin terminlər - xəbər, əsər, rəvayət

İlkin terminlər - mətn, sənəd, təriq, şeyx

İlkin terminlər - mətn, sənəd, təriq, şeyx