İmam Rza (ə)
İmam Rza (ə)
Musa ibn Cəfərdən (ə) sonra övladı Əbülhəsən Əli ibn Musa Rza (ə) imamlıq məqamına layiq olmuşdur. O Həzrət digər qardaşlarına nisbətdə daha üstün elmə, səbrə və təqvaya malik idi. Onun ictihadı (ibadətdə çalışqanlığı) isə hamıdan üstün idi. Şiə və əhli-sünnə arasında belə (ən) ali sifətlərin o Həzrətə məxsus olmasında ixtilaf yoxdur. Hamı o Həzrəti bu sifətlərlə tanıyırdı. Onun ilahi rəhbər və imam olmasına başqa bir möhkəm dəlil atası İmam Kazimin (ə) buyurduğu hədislərdə özündən sonra imamın kim olmasına dair işarələrdir. İmam Kazim (ə) oğlu Əlidən (ə) başqa digər oğulları barədə imamlıq işarəsi verməmişdir. İmam Əli ibn Musa Rza (ə) hicrətin 148-ci ilində Mədinə şəhərində dünyaya gəlmiş və hicrətin 203-cü ilində Xorasan vilayətinin Tus şəhərində şəhid olmuşdur. Həmin vaxt İmamın (ə) əlli beş yaşı var idi. Anası Ümmü-Vələd idi və ona “Ümmül-Bənin” deyərdilər. İmam Rzanın (ə) atasından sonra imamlıq müddəti iyirmi il olmuşdur.[1]
İmam Rzanın (ə) imamlıq əlamətləri və göstərdiyi bəzi möcüzələr
1 – İbn Qovləveyh (öz sənədi ilə) Hişam ibn Əhmərdən belə nəql edir: “Bir gün İmam Kazimlə (ə) əyləşərkən mənə belə buyurdu: “Məğrib əhlindən bura gələn şəxsi tanıyırsan?” Mən dedim: “Xeyr”. İmam (ə) buyurdu: “Məğrib əhlindən biri gəlib. Gəl birlikdə onun yanına gedək”. Miniyə minərək birlikdə onun yanına getdik. O, Məğrib əhlindən idi. Yanında çoxlu sayda kölə var idi. İmam (ə) ona buyurdu: “Kölələrini bizə göstər”. O, doqquz cariyəni (qadın köləni) İmama göstərdi. İmam (ə) onların hər birini gördükcə: “Buna ehtiyacım yoxdur” - deyirdi. Daha sonra: “Digərlərini göstər” - buyurunca həmin şəxs: “Bunlardan başqası yoxdur” - deyə cavab verdi. İmam (ə) buyurdu: “Var! Göstər”. Həmin şəxs and içərək: “Yalnız xəstə bir nökər var” - dedi. İmam (ə) soruşdu: “Onu göstərməyinin nə qorxusu var?” Amma o, göstərməkdən çəkindi. Daha sonra İmam (ə) geri qayıtdı və sabahkı gün məni həmin adamın arxasınca göndərərək belə buyurdu: “Ondan belə soruş: “O cariyə üçün istədiyin son qiymət nə qədərdir?” “Filan qədərdir” - desə, ona belə de: “Qəbul edir, onu alıram”. Hişam deyir: “Həmin adamın yanına getdim. O, “Filan miqdardan aşağı olmaz” - deyincə, “Qəbul etdim. Al, bu da pulun” - dedim. Həmin adam soruşdu: “Bu cariyə artıq sənin malındır, amma de görüm, dünən səninlə gələn o şəxs kim idi?” Mən dedim: “Bəni-Haşimdəndir”. O soruşdu: “Bəni-Haşimin hansı qolundandır?” Mən dedim: “Onların böyüklərindəndir”. O dedi: “Bir az daha şərh et”. Mən dedim: “Bundan daha çoxunu bilmirəm”. O dedi: “Elə isə mən bu xidmətçi haqqında sənə məlumat verim. Bu nökəri Məğribin ən uzaq şəhərlərinin birindən aldım və əhli-kitabdan olan bir qadın məni görüb soruşdu: “Bu nökərin sənin yanında nə işi var?” Mən dedim: “Özüm üçün satın aldım”. Qadın dedi: “Bu nökərin sənin kimi bir nəfərin yanında qalması doğru deyildir. O, yer üzündəki ən xeyirli adamın yanında yaşamalıdır. Qısa bir müddət sonra onun evində elə bir uşaq dünyaya gətirəcək ki, şərq və qərb aləmi onun qarşısında boyun əymək məcburiyyətində qalacaq”. Hişam deyir: “Onu satın aldıqdan sonra İmam Kazimin (ə) yanına gətirdim və qısa müddət sonra Əli ibn Musa Rzanı (ə) dünyaya gətirdi.
2 – Əbülqasim Cəfər ibn Məhəmməd Ğifaridən nəql edərək mənə belə rəvayət etdi: “Allah rəsulunun (s) azad etdiyi Əbu Rafi ailəsindən bir kişinin məndən bir alacağı var idi. O, alacağı şeyi məndən istədi və çox israr etdi. Mən sübh namazını qıldıqdan sonra İmam Rzanı (ə) görmək üçün Arizə getdim. Evinə yaxınlaşdıqda o Həzrətin çiynində əba ilə bir ulağa minmiş olaraq evindən çıxdığını gördüm. Onu görüncə utanıb hacətimi istəyə bilmədim. Mənə yaxınlaşıb üzümə baxdıqda ona salam verdim və dedim: “Sizə fəda olum! Dostunuz olan bir şəxsin məndən alacağı vardır. Allaha and olsun ki, məni rəzil edir”. Mən bu şikayəti dilə gətirincə İmamın (ə) o şəxsə alacağını istəməməsini deyəcəyini güman edirdim. Allaha and olsun ki, İmama (ə) borcumun nə qədər olduğunu demədim və heç kimin adını da zikr etmədim. İmam (ə) mənə belə buyurdu: “Qayıdana qədər məni gözlə”. Axşam namazına qədər gözlədim. Oruc olduğum üçün çox sıxıldım və geri qayıtmaq istəyərkən İmam Rzanın (ə) qayıtdığını gördüm. Camaat ətrafını əhatəyə almışdı, dilənçilər də onun yolunu gözləyirdilər. İmam (ə) onların hər birinə ayrı-ayrılıqda sədəqə verirdi. Sonra gedib evinə girdi, qısa bir müddətdən sonra çölə çıxıb məni çağırdı. Evinə getdim. Mən Mədinə valisi İbn Müsəyyib haqqında bəzi sözlər deyirdim. Sözüm tamamlandıqda İmam (ə) məndən soruşdu: “İftar etdinmi?” Mən dedim: “Xeyr”. Mənim üçün yemək gətizdirdi və oğluna da mənimlə birlikdə
yemək yeməsini buyurdu. Yemək qurtardıqdan sonra mənə belə buyurdu: “Döşəkçəni qaldır və altındakını götür”. Döşəkçəni qaldırdıqda altında qızıl pullar gördüm və (onları) götürüb cibimə yerləşdirdim. İmam (ə) kölələrindən dördünə evimə qədər mənə bələdçilik etmələrini əmr etdi. Mən bunu qəbul etmək istəməyib dedim: “Sizə fəda olum! Gecə vaxtı İbn Müsəyyibin gözətçiləri yollardadırlar. Məni sizin kölələrinizlə birlikdə görmələrini istəmirəm”. İmam (ə): “Doğru dedin. Allah səni doğru yola hidayət etsin!” - buyurdu və kölələrinə də geri qayıtmalarını istədiyim yerə qədər mənə bələdçilik etmələrini əmr etdi. Evimin qapısına çatdıqda rahatlaşdım və kölələrə geri qayıtmalarını dedim. Evimə girdikdə lampa istəyib qızıl pulları saydım. Tam qırx səkkiz ədəd idi. Qızıl pulların içində biri daha çox parıldayırdı. Lampanın işığına yaxınlaşdırıb yaxşıca baxdım. Üzərində açıq-aydın şəkildə belə yazılmışdı: “O şəxsin səndən alacağı iyirmi səkkiz qızıldır. Yerdə qalanı isə sənindir”. Allaha and olsun ki, o şəxsin məndən alacağının tam olaraq nə qədər olduğunu özüm də bilmirdim”.
3 – Əbülqasim Cəfər ibn Məhəmməd (öz sənədi ilə) İbrahim ibn Musadan belə nəql edir:
“İmam Rzadan (ə) istədiyim və onun da mənə vəd etdiyi məsələ barədə israr etdim. Bir gün İmam (ə) Mədinə valisini qarşılamaq üçün çıxmışdı, mən də onunla idim. İmam (ə) filan şəxsin malikanəsinin yaxınlığına gəldi və ağacların altında bir yerdə dayandı. Mən də onunla birlikdə dayandım. Yalnız ikimiz idik və yanımızda başqa heç kəs yox idi. Mən dedim: “Sənə fəda olum! Bayram başımızın üstünü alıb, amma Allaha and olsun ki, bir dirhəmim də yoxdur”. O, qamçısını yerə möhkəm sürtdü, sonra əli ilə yerə vurub bir külçə qızıl çıxartdı və belə buyurdu: “Bundan istifadə et, amma gördüklərini gizlət
(heç kəsə söyləmə)”.
4 – Əbülqasim Cəfər ibn Məhəmməd (öz sənədi ilə) Müsafirdən belə nəql edir: “İmam Rza ilə (ə) birlikdə Minada olduğumuz zaman Yəhya ibn Xalid Bərməki keçirdi və toz-torpaqdan qorunmaq üçün üz-gözünü sarımışdı. İmam (ə) buyurdu: “Bu miskinlər bu il başlarına nə gələcəyini bilmirlər? Bundan daha da təəccüblüsü budur ki, mən və Harun yan-yana (iki əl barmağını cütləşdirərək) olacağıq”. Müsafir deyir: “Mən İmam Rzanın (ə) bu sözünün mənasını Harunun qəbrinin yanında dəfn edilənə qədər başa düşməmişdim”.[2]
Qeyd olunmuş məlumatlar Şeyx Mufidin Azərbaycan dilinə tərcümə olunmuş “əl-İrşad” kitabından götürülmüşdür.
Hadis.az
Copyright 2025 Hadis.Az