Dirayə elmi nədir?
Dirayə sözünün lüğəvi (leksik) mənası bilmək və agah olmaq deməkdir.
Hədis elmi terminologiyasında isə dirayə görkəmli alim Şeyx Bəhainin (r) verdiyi tərifə əsasən,[1] hədisin sənəd və mətnindən, onu əldə etmənin necəliyindən və nəql etmə qaydalarından bəhs edən bir elmdir.
Diqqət etsək, görərik ki, bu elmin mövzu dairəsinə ümumilikdə dörd bənd daxildir:
Bu bəndləri qısa şəkildə bir-bir izah edirik:
Hədisin sənədi
Hədisin sənədi elə bir mövzudur ki, onu hədis elminin digər sahələri (məsələn, rical elmi) də araşdırır. Lakin dirayə elmi sənədin hissələrini, yəni bir-bir raviləri deyil, ümumilikdə sənədin halını araşdıran bir elmdir. Yəni dirayə elminin vəzifəsi budur ki, o, hədis təhqiqatçısına ümumi bir düstur verir və təhqiqatçı həmin düstur vasitəsilə hədisin sənəd cəhətdən məqbul olub-olmamasını əldə edir. Məsələn, dirayə elmində deyilir: “Şiə və adil ravilərdən ibarət olan müttəsil sənədli hədis səhihdir”. Bu ümumi qaydaya əsasən, təhqiqatçı hər hansı bir hədisin sənədindəki ravilərin şiə və adil şəxslər olduğunu və o sənədin qopuq olmadığını bildikdə hədisin səhih olduğuna hökm verir. Beləliklə, məlum olur ki, dirayə elmi hədisin sənədini ravilərin hansının doğrudanışan və hansının yalançı olması cəhətindən araşdırmır. Bu elm hədisin ravilərinin halı məlum olduqdan sonra həmin hala uyğun olaraq hədisə hansı hökmün verilməsindən bəhs edir.
Hədisin mətni
Dirayə hədisin sənədindən əlavə onun mətninin də halını araşdıran bir elmdir. Belə ki, mətnin mücməl, yoxsa mübəyyən, möhkəm, yoxsa mütəşabeh, müztərib, yoxsa qeyri-müztərib və s. olmasına dirayə elmi vasitəsilə hökm edilir. Məsələn, dirayə elmində deyilir: “Mətni müxtəlif şəkildə nəql edilmiş hədis, müztərib hədisdir”. Təhqiqatçının qarşısına belə bir hədis çıxdıqda bu ümumi qaydaya əsasən, o, hədisin müztərib olmasına hökm verir.
Hədisi əldə etməyin necəliyi
Dirayə elminin mövzusuna daxil olan bəhslərdən biri də hədisi əldə etmənin necəliyidir. Burada hədisin hansı yollarla, məsələn, hədisi nəql edən şəxsdən eşitməklə və ya hədisin yazıldığı kitabdan oxumaqla əldə etməkdən bəhs edilir.
Hədisi nəql etmə qaydaları
Dirayə elminin bəhs etdiyi mövzulardan biri də hədisi nəql etmə qaydalarıdır. Məsələn, hədisin mənasını nəql etməyin və ya hədisi natamam (hissə-hissə) nəql etməyin caiz olub-olmaması bu elmin mövzu dairəsinə daxildir.
Əli Abdullah
Hadis.az
Istifadə olunan terminlər
Tövsiyə olunan
Copyright 2025 Hadis.Az