Rical elminin digər oxşar elmlərlə fərqi

Rical elminin digər oxşar elmlərlə fərqi

Rical elmi bəzi elmlərlə oxşar xüsusiyyətlərə malikdir. Lakin həmin elmlərə diqqətlə nəzər saldıqda rical elminin onlardan fərqli xüsusiyyətlərə malik olduğunu müşahidə edirik. Burada əsasən rical elminin dirayə və təracüm elmi (önəmli şəxsiyyətlərin tərcümeyi-hal, bioqrafiyasından bəhs edən elm)  ilə olan fərqinə işarə edəcəyik. İlk öncə rical elminin dirayə elmi ilə fərqlərinə toxunmaq istəyirik:

  • Rical elmi ilə dirayə elminin fərqi: Həm rical, həm də dirayə elmi hədis sahəsi ilə məşğul olan elmlərdir. Hədis mütəxəssisi bu iki elmdən xəbərdar olmalıdır. Məhz bu iki elmin köməkliyi ilə hər hansı bir hədisin səhih, müvəssəq, həsən və ya zəif olması və hədis elminə aid olan digər xüsusiyyətlər ayırd edilir. Bu iki elmin bir-biri ilə nə qədər çox bağlılığı olsa da, bunlar aralarındakı fərqli xüsusiyyətlərə görə iki ayrı elm hesab edilir. Bu elmlərin arasındakı fərqi qısa şəkildə izah etmək istəsək, deyə bilərik ki, dirayə elmi hədisdən, rical elmi isə mühəddisdən (hədisi nəql edən şəxsdən) bəhs edən elmdir. Daha ətraflı desək, dirayə elmi hədisin ümumi şəkildə xüsusiyyətindən, yəni hədisin səhih (bütün raviləri siqə və imamiyyə əqidəsində olan) və ya müvəssəq (bütün raviləri siqə olan, lakin ravilərindən ən azı biri imamiyyə əqidəsində olmayan), yaxud həsən (ravilərinin hamısı imamiyyə əqidəsində olan, lakin onlardan ən azı birinin barəsində siqəliyinə dəlil olmayan, yalnız mədh – tərif qeyd olunan), yaxud da zəif (qeyd olunmuş xüsusiyyətlərin heç birinə malik olmayan) olduğunu, həmçinin hədisin sənədinin müsnəd (sənədi tam şəkildə olan) və ya mürsəl (sənədində qopuqluq olan) olduğunu və bu kimi hədislə bağlı olan digər xüsusiyyətləri araşdıran elmdir.

Rical elmi isə hədisin bu xüsusiyyətlərini ayırd etmir, o yalnız hədisin sənədində mövcud olan ravilərin etimad olunan biri olub-olmadığı cəhətindən xüsusiyyətlərini araşdırır. Başqa bir ifadə ilə desək, rical elmi hədisin səhih və ya zəif olmasını, yaxud müsnəd və ya mürsəl olmasını və bu kimi xüsusiyyətləri araşdırmır. O, hədis sənədində mövcud olmuş hər hansı bir ravinin, siqə və ya zəif biri olmasını, mənsub olduğu məzhəbi, həmçinin həmin ravinin hədis rəvayətindəki təbəqəsini, bir-birindən hədis nəql etmiş ravilərin təbəqə baxımından biri digərindən hədis nəql etməsinin mümkünlüyünü araşdırır. Buradan məlum olur ki, rical elmi dirayə elmi üçün bir müqəddimə rolunu oynayır. Məsələn, dirayə elmində bir hədisin səhih olub-olmamasını bilmək üçün bu hədisin sənədində mövcud olan ravilərin xüsusiyyətlərinə rical elmində müraciət etməliyik. Əgər rical elmində həmin ravilərin hamısının siqə və imamiyyə əqidəsində olması məlum olarsa, o zaman dirayə elmi əsasında o hədisin səhih olmasına hökm edəcəyik.

  • Rical elmi ilə təracüm elminin fərqi: Mövzu baxımından rical elminə bənzəyən digər bir elm isə böyük şəxsiyyətlərin həyat və yaradıcılığından bəhs edən təracüm elmidir. Bu elmin mövzusu rical elminin mövzusuna bənzəsə də, bu iki elm arasında fərqlər mövcuddur. Fərqi görmək üçün rical elminin tərifinə diqqətlə nəzər etmək kifayət edir. Belə ki, rical elmi yalnız hədisin sənədində mövcud olan raviləri onların nəql etdiyi hədisləri qəbul edib-edilməməsi baxımından xüsusiyyətlərini araşdırır. Təracüm elmi isə (alim, ravi olub-olmamasından asılı olmayaraq) tanınmış şəxslərin həyatı və gördükləri işlər barədə danışır. Bəzən bu iki elmin kəsişdiyi yerlər də olur. Məsələn, Şeyx Kuleyni, Şeyx Səduq, Şeyx Mufid, Şeyx Tusi və bu kimi böyük mühəddislər barədə hər iki elm araşdırma aparır. Lakin burada da bu iki elmin həmin şəxslərə baxışı müxtəlif cəhətlərdəndir. Belə ki, rical elmi bu şəxslərin yalnız nəql etdikləri hədislərin etibarlılıq dərəcəsinə aid olan xüsusiyyətlərini araşdırır. Təracüm elmi isə bu alimlərin tanınmış şəxslər olmaları səbəbindən onların həyatından, gördükləri işlərdən, fəaliyyətlərindən bəhs edir.

Şeyx Fəqan Məmmədov

Hadis.az

Tövsiyə olunan

Mütəvatir xəbər - leksik və terminoloji mənası

Mütəvatir xəbər - leksik və terminoloji mənası

İlkin terminlər - xəbər, əsər, rəvayət

İlkin terminlər - xəbər, əsər, rəvayət

Rical elminin digər oxşar elmlərlə fərqi

Rical elminin digər oxşar elmlərlə fərqi

Hədislərin müxtəliflik səbəbləri (1)

Hədislərin müxtəliflik səbəbləri (1)

Şeyx Səduqun həyatı

Şeyx Səduqun həyatı