İmam Cavad (ə)

İmam Cavad (ə)

İmam Əli ibn Musa Rzadan (ə) sonrakı imam onun oğlu Məhəmməd ibn Əlidir (ə). Onun imam olması atası tərəfindən açıq-aşkar nişanələrlə qeyd olunmuşdur. Kamal və fəzilətləri də onun imam olmasını sübut etməkdədir. İmam Məhəmməd Təqi (ə) hicrətin 195-ci ilinin ramazan ayında (Mədinədə) dünyaya gəlmişdir. Hicrətin 220-ci ilinin zilqədə ayında, Bağdad şəhərində vəfat etmişdir. Atasından sonra imamlıq etdiyi müddət on yeddi il olmuşdur. Anası Afrika şəhərlərindən olan Nəvbiyyə əhalisindən idi. Onun adı Səbikə, ləqəbi isə “Nəvbiyyə” idi.[1]

İmam Təqinin (ə) fəzilət və möcüzələrindən bəziləri

1 - İmam Məhəmməd Təqi (ə) Ümmü-Fəzllə evləndikdən sonra Bağdadda Məmunun yanından ayrılıb Mədinəyə doğru hərəkət etdi. Bağdaddan Kufə qapısından ayrıldı. Bağdad camaatının hamısı birlikdə İmam Təqiyə (ə) uğur dilədilər. İmam (ə) yanındakılarla birlikdə “Darul-Musəyyib” adlanan məkana gəldiyi zaman orada yerləşən məscidə yönəlib axşam namazını qılmaq istədi. Məscidin səhnində hələ meyvə verməyən bir ağac var idi. İmam (ə) həmin meyvə ağacının dibində dəstəmaz alıb, yanındakılarla birlikdə birinci rəkətdə “Həmd”, arxasınca “Nəsr” surəsini, ikinci rəkətdə isə “Həmd”, arxasınca “İxlas” surəsini oxuyaraq məğrib namazını qıldı. Sonra məğrib namazının dörd rəkət nafiləsini qılıb dua etdi. İmam (ə) şükür səcdəsini yerinə yetirərək məsciddən çıxıb səhnə gələndə, yanındakılar oradakı (həmin) ağacın meyvə verdiyini gördülər. Meyvələri çox dadlı və tumsuz idi. Birlikdə yedilər. İmam (ə) camaatla vidalaşıb Mədinəyə tərəf yoluna davam etdi.

(Məmundan sonra) İmam Təqi (ə) Abbasi xəlifəsi Mötəsimin zamanına qədər Mədinədə qaldı. Mötəsim hicrətin 220-ci ilinin əvvəlində İmamın (ə) (məcburi şəkildə) Bağdada gəlməsini istədi. İmam (ə) Bağdada gəldi və həmin ilin zilqədə ayında orada vəfat etdi. İmam Təqi (ə) babası Musa ibn Cəfərin (ə) məzarı yanında dəfn edildi.

2 - Əbülqasim Cəfər ibn Məhəmməd öz sənədi ilə Əli ibn Xaliddən belə nəql edir:
“Samirrada olduğum vaxt məşhur Samirra zindanında Şamdan gətirilən bir məhkuma zəncirlər vurulduğunu və onun peyğəmbərlik iddiasında olduğunu eşitdim. Zindanın qapısına gedib həmin şəxslə görüşmək üçün zindana cavabdeh olanı razı sala bildim. Onunla görüşəndə ağıllı və savadlı bir şəxs olduğunu gördüm. Nəyə görə zindana atıldığını soruşdum, o da belə dedi: “Mən şamlı[2] bir şəxsəm. İmam Hüseynin (ə) mübarək başının qoyulduğu yerdə ibadət edirdim. Yenə həmin yerdə üzü qibləyə dönmüş halda ibadət etməkdə olduğum gecə, anidən qarşımda bir nəfərin durduğunu hiss etdim. Başımı qaldırıb ona baxanda, “Mənimlə gəl” - dedi. Qalxıb biraz getdikdən sonra Kufə məscidinə yetişdik. Məndən “Buranı tanıdınmı?” - deyə soruşdu. Mən: “Bəli, bura Kufə məscididir” - dedim. Bir yerdə namaz qıldıqdan sonra məsciddən çıxdıq. Birlikdə biraz gedərək qısa bir müddətdən sonra Mədinədə - Allah rəsulunun (s) məscidində olduğumuzu anladım. Allahın rəsuluna (s) salam verdim. Bir yerdə namaz qıldıq. Məsciddən çıxıb biraz gəzdikdən sonra Şamda ibadət etdiyimi gördüm. Bu hadisə məni çox təəccübləndirdi və nə olduğunu başa düşə bilmədim. Bir il sonra həmin şəxs qarşımda təkrar peyda oldu. Eynilə bir il bundan əvvəl olduğu kimi, Kufə məscidi və Allah rəsulunun (s) məscidinə gedərək bir yerdə namaz qıldıq. Şama qayıtdığım zaman tanımadığım həmin şəxsin əlindən tutaraq: “Sənə bu gücü verənə and verirəm ki, kim olduğunu mənə deyəsən” - dedim. O buyurdu: “Mən Məhəmməd ibn Əli ibn Musa ibn Cəfərəm”. Bu hadisədən sonra (Abbasi xəlifəsi Mötəsimin vəziri olan) Məhəmməd ibn Əbdülməlik (bunu) eşidənə qədər yanıma gəlib-gedənlərə İmam Təqi ilə (ə) başıma gələnləri danışırdım. O məni tutdurdu. Zəncirlə əl-ayağımı bağlayıb İraqa göndərdi. O gündən bəri zindandayam. Buna görə də mənim peyğəmbərlik iddiasında olduğumu irəli sürdülər. Əli ibn Xalid deyir: “Sənin dilindən Məhəmməd ibn Əbülməlik Zəyyata yazımmı?” O dedi: “Yaz”. Buna görə də həmin şəxsin başına gələnləri bütün təfsilatı
ilə Məhəmməd ibn Əbdülməlikə yazdım. Məhəmməd yazdığım məktubun arxasına Səni Şamdan Kufəyə aparan, oradan Mədinəyə və Mədinədən də təkrar
Şama aparan şəxsə de ki, (səni) zindandan qurtarsın” - yazdı. Əli ibn Xalid deyir: “Bu cavab məni çox kədərləndirdi. Onun halına üzülərək evimə getdim. Ertəsi gün zindana getdim. Həmin şəxsi görüb təsəlli verəcəkdim. Ora çatanda zindan cavabdehi və digər vəzifəlilərin təlaşlı bir şəkildə hər tərəfi axtardıqlarını gördüm. Nə olduğunu soruşanda
Peyğəmbərlik iddiasında olan şəxs gecədən bəri qeyb olub. Yer aralandı, yerə girdi? Göyə uçdu? Hara getdiyini heç kəs bilmir” - dedilər”. Əli ibn Xalid, Zeyd ibn Əlinin imam olduğuna inanan zeydilərdən idi. Bu hadisəyə şahid olandan sonra inancından dönərək imamətə (on iki imama) etiqad bəslədi.

3 - İbn Qovləveyh Məhəmməd ibn Əli Haşimidən belə nəql edir: “İmam Məhəmməd Təqi (ə) Məmunun qızı ilə evləndiyi gecənin səhəri onun yanına getdim. Bir gecə əvvəl ondan bir dərman almışdım. O gün ən tez onun yanına mən getmişdim. Gecədən qəbul etdiyim dərmanın təsirindən çox susamışdım, amma su içməkdən çəkinirdim. İmam Təqi (ə) üzümə baxıb buyurdu: “Susadığını zənn edirəm”. Mən dedim: “Bəli”. İmam (ə) buyurdu: “Ey xidmətçi və ya cariyə! Bizə su gətir”. Öz-özümə dedim: “İndi su verər və
onu zəhərləyərlər”. Buna görə də içimə bir narahatlıq girdi və məyus oldum. Xidmətçi su gətirdi. İmam (ə) üzümə baxıb gülümsədi. Sonra: “Ey xidmətçi, suyu mənə ver” - dedi və suyu içdi. Sonra suyu mənə verdi, mən də içdim. Sonra təkrar susadım və yenə də su istəməkdən çəkindim. O da əvvəlki kimi etdi. Xidmətçi əlində bardaqla gəldikdə əvvəlki kimi öz-özümə narahatlığımı dilə gətirdim. İmam (ə) bardağı aldı, içdi, sonra mənə verdi və gülümsədi”.

Məhəmməd ibn Həmzə, Məhəmməd ibn Əlinin ona belə dediyini nəql
edir: “Allaha and olsun ki, İmam Məhəmməd Təqi (ə) rafizilərin (şiələrin) dediyi kimi insanların qəlblərindən keçənləri bilir”.

5 - Əbülqasim Cəfər ibn Məhəmməd Mütərrifinin belə dediyini nəql edir: “İmam Rza (ə) vəfat etdiyi zaman mənə dörd min dirhəm borclu idi. Bunu mən və ondan başqa heç kim bilmirdi. İmam Məhəmməd Təqi (ə) bir şəxsi mənim yanıma göndərərək sabah yanına getməyimi istədi. Ertəsi gün yanına gedəndə mənə: “Əbülhəsən Rza (ə) vəfat etdi. Sənə dörd min dirhəm borcu var idi” – deyib, üzərində durduğu səccadəni qaldırdı. Altında çoxlu dirhəm var idi. “Bunları götür” – deyə buyurdu. Hesabladım və tam dörd min dirhəm olduğunu gördüm”.[3]

İmam Təqinin (ə) vəfatı, məzarının yeri və övladları haqqında qısa məlumat

İmam Məhəmməd Təqinin (ə) Mədinədə doğulduğu və Bağdadda vəfat etdiyini qeyd etmişdik. (Bağdada) gəlməsinin səbəbi Mötəsimin onu Mədinədən sürgün etməsi idi. İmam Təqi (ə) məhərrəm ayının bitməsinə iki gün qalmış Bağdada gəldi və həmin il - hicrətin 220-ci ilinin zilqədə ayında vəfat etdi. İmam Məhəmməd Təqinin (ə) zəhər verilərək öldürüldüyü deyilməkdədir, amma mən bu nəzəri isbat edən bir dəlil tapa bilmədim. İmam Təqi (ə) Qüreyş məzarlığında - babası İmam Musa ibn Cəfərin (ə) məzarının arxasında dəfn edilmişdir. Vəfat edərkən İmamın (ə) iyirmi beş yaşı var idi.

“Müntəcəb” və “Mürtəza” İmam Təqinin (ə) ləqəblərindəndir.

İmam Məhəmməd Təqinin (ə) Əli, Musa adında iki oğlu, Fatimə və Ümamə adında iki qızı var idi. Özündən sonra oğlu Əli (Həzrət Hadi) imam olmuşdur. Qeyd etdiyimiz iki oğlundan başqa İmam Təqinin (ə) oğlu olmamışdır.[4]

Qeyd olunmuş məlumatlar Şeyx Mufidin Azərbaycan dilinə tərcümə olunmuş “əl-İrşad” kitabından götürülmüşdür.

Hadis.az


[1] Şeyx Mufid, Əl-İrşad (azərbaycanca tərcümə), səh. 476.

[2] Şam əhalisindən.

[3] Həmin mənbə, səh. 485-487.

[4] Həmin mənbə, səh. 488.