Hədislərin müxtəliflik səbəbləri (1)
Birinci səbəb: mənanı nəql etməklə yaranmış ziddiyyət
Mənanı nəql etmək budur ki, ravi məsumun (ə) kəlamını oxşar və sinonim sözlərlə əvəz edərək nəql edir. Bu, hədislərin bir-birinə zidd olmasının ən mühüm səbəblərindəndir. Belə ki, məsum (ə) danışarkən çox vaxt cümlə və sözlərin müxtəlif cəhətlərini incə bir dəqiqliklə nəzərə alır. Amma ravi isə həmin sözlərdən başa düşdüyünü nəql edir və bu zaman elə sözlərdən istifadə edir ki, onların məsumun (ə) sözü ilə eyni mənada olduğunu düşünür. Bununla da imamın sözlərində olan bəzi dəqiq mənalar itirilmiş olur. Bəzən də ravi imamın sözündən tamamilə fərqli bir mənanı başa düşərək həmin başa düşdüyünü nəql edir. Halbuki imamın məqsədi tamam başqadır.
Buna görə də hədis alimləri hədisi olduğu kimi nəql etməyin üstün olduğunu yekdilliklə desələr də, mənanı nəql etməyin caizliyi barədə fikir ayrılığına düşüblər. Lakin şəkk yoxdur ki, hədisin mənasını nəql etmək çoxsaylı dəlillərə əsasən caizdir. Biz onların bəzisini aşağıda qeyd edirik:
Lakin bunu da qeyd etməliyik ki, islam şəriətində hədisin mənasını nəql etmək caiz olsa da, bunun bir sıra şərtləri var. Məsələn, ravi həmin dili gözəl şəkildə bilməli, o dilin bədii üslubları və sözlərin işlənmə yerləri barədə məlumatlı olmalıdır. Çünki belə olduğu təqdirdə adətən məsumun məqsədi və sözlərində olan dəqiqlikləri onun diqqətindən yayınmaz. Buna görə də Şəhid Sani (r) yazır:
“Sözlərin məqsədini, onların ehtiva etdiyi mənaları və o mənalar arasında olan fərqlilikləri düzgün şəkildə bilməyən birinin hədisin mənasını nəql etməsi caiz deyil”.[1]
Mənanı nəql etmək səbəbilə yaranmış ziddiyyətlərə bir nümunə
“Məscidlərə vəqf etmək” hədisi
1. Şeyx Səduq (r) nəql edir:
عَنْ أَبِي الصَّحَارِي عَنْ أَبِي عَبْدِ اللَّهِ ع قَالَ قُلْتُ لَهُ رَجُلٌ اشْتَرَى دَاراً فَبَقِيَتْ عَرْصَةٌ فَبَنَاهَا بَيْتَ غَلَّةٍ أَ يُوقِفُهُ عَلَى الْمَسْجِدِ قَالَ إِنَّ الْمَجُوسَ أَوْقَفُوا عَلَى بَيْتِ النَّار
Əbu Səhari deyir: “İmam Cəfər Sadiqə (ə) belə bir sual verdim: “Bir şəxs ev alıb və ona boş bir ərazi qalıb. Buna görə də həmin yerdə gəlir mənbəyi olan bir otaq tikib. Bu şəxs o otağı (onun gəlirini) məscidə vəqf edə bilər?” İmam (ə) buyurdu: “Həqiqətən də, məcusilər atəşgahlara vəqflər edirlər”.[2]
2. Yenə Şeyx Səduq (r) nəql edir:
وَ سُئِلَ عَنِ الْوُقُوفِ عَلَى الْمَسَاجِدِ فَقَالَ لَا يَجُوزُ فَإِنَّ الْمَجُوسَ أَوْقَفُوا عَلَى بُيُوتِ النَّار
İmam Cəfər Sadiqdən (ə) məscidlərə vəqf etmək barədə soruşdular. Buyurdu: “Caiz deyil. Həqiqətən də, məcusilər atəşgahlara vəqflər edirlər”.[3]
Ziddiyyət haradadır?
İlk öncə birinci hədisə diqqət edək. Vəqf və sədəqə barədə olan dəlillərin geniş çərçivəli (mütləq və ümum) olması hər bir xeyirli işdə bu əməllərin müstəhəb və bəyənilən olduğunu bildirir. Bunu nəzərə aldıqdan sonra birinci hədisin mənası məlum olur. Belə ki, İmamın (ə) “həqiqətən də məcusilər atəşgahlara vəqflər edirlər” kəlamından məqsədi budur: bir halda ki məcusilər öz batil ibadətgahlarına vəqflər edirlər, haqq ibadətgah olan məscidlərə niyə vəqflər edilməsin?! Necə ki Əllamə Məclisi (r) “Biharul-ənvar” kitabında bu hədisi qeyd etdikdən sonra belə deyir:
“Hədisin zahiri, alimlərimiz arasında məşhur olduğu kimi, məscidlərə vəqf etməyin caiz olduğunu bildirir. Yəni məcusilər belə öz atəşgahlarına vəqf edirlərsə, siz öz ibadətgahlarınıza vəqf etməyə daha layiqsiniz”.[4]
Buna görə də birinci hədisin belə tərcümə olunması daha məqsədəuyğundur: “Məcusilər belə atəşgahlara vəqflər edirlər”.
Lakin ikinci hədisdə bu işin caiz olmadığı açıq şəkildə qeyd edilir. Beləliklə, birinci hədis məscidlərə hər hansı bir malı vəqf etməyi caiz bilir, ikinci hədis isə bunu qadağan edir.
Ziddiyyətin həlli
Hər iki hədisi diqqətli şəkildə incələdikdə məlum olur ki, bu hədislər həqiqətdə eynidir. Sadəcə olaraq ikinci hədisi nəql edən ravi İmamın (ə) “həqiqətən də məcusilər atəşgahlara vəqflər edirlər” ifadəsindən bu işin caiz olmadığını başa düşdüyünə görə hədisə “caiz deyildir” sözünü əlavə etmişdir. Yəni ravi belə güman edib ki, İmamın (ə) məqsədi bu əməlin qadağan olduğunu bildirməkdir. Buna görə də o, hədisin mənasını çatdırmaq üçün onu “caiz deyildir” ifadəsini əlavə etməklə nəql etmişdir. Əllamə Məclisi (r) də bu nöqtəyə işarə etdikdən sonra belə yazır:
“Bu hədisi mənaca nəql etməyin zərərlərindən biridir”.[5]
Mənaca nəql edilmiş hədislərin hökmü
Əgər bir hədisin sözbəsöz yox, mənaca nəql edildiyini bilsək, həmin hədis başqa hədislərlə ziddiyyət təşkil etmədiyi surətdə höccətdir. Çünki ağıllı insanların adətləri üzrə rəftarı (sireyi-üqəla) budur ki, onlar doğru danışan bir şəxsin başqasından eşitdiyi sözlərin mənasını nəql etdiyini bilsələr də, onu qəbul edirlər. Bu da ona görədir ki, doğru danışan və nəql etdiyi şəxsin dilini bilən bir şəxs eşitdiyi sözlərin mənasını nəql etsə belə, adətən onu doğru şəkildə çatdırır.
İstifadə edildi: Məhəmməd Ləngərudi, “Əsbabu ixtilafil-hədis”
Əli Abdullah
Hadis.az
Qeyd olunan məsumlar
Qeyd olunan ravilər
Qeyd olunan kitablar
Tövsiyə olunan
Copyright 2025 Hadis.Az