İmam Sadiq (ə)

İmam Sadiq (ə)

Cəfər ibn Məhəmməd ibn Əli ibn Hüseyn (ə) (İmam Sadiq) öz qardaşları arasında atası İmam Baqirin (ə) canişini idi. O, İmam Baqirin (ə) vəsisi idi və ondan sonra imamlıq vəzifəsini icra etmişdir. O, fəzilət və elmdə öz qardaşlarından üstün idi. Adı onların hamısından uca, qüdrət və dərəcədə isə ali idi. Şiə və əhli-sünnə arasında ən dəyərli məqama malik idi. Camaat onun elmlərindən o həddə nəql etmişdir ki, sözləri karvançı və müsafirlərin yol azuqəsi olmuş, adı bütün şəhər, diyarlarda dillər əzbərinə çevrilmişdir. Əsər əhli və xəbər nəql edən kəslərdən heç kəs o Həzrətdən nəql etmiş olduqları qədər başqa bir kəsdən nə nəql etmiş, nə də qarşılaşmışlar, çünki İmamın (ə) siqə (doğru danışan) ravilərinin adlarını toplayan hədis əshabı, əqidə və düşüncədə fərqli olmalarına baxmayaraq, dörd min nəfərə çatırdı.

O Həzrətin imamlığı barədə aydın dəlillər o həddədir ki, qəlbləri heyran qoymuş, düşmənlərin dillərini isə tənə və şübhələrdən lal etmişdir.

İmam Sadiq (ə) hicrətin 83-cü ilində Mədinə şəhərində dünyaya gəlmiş, 148-ci ilin şəvval ayında, altmış beş yaşında dünyadan köçmüşdür. O, Bəqi qəbristanlığında atası, babası və (babasının) əmisi İmam Həsənin (ə) kənarında torpağa tapşırılmışdır.

İmam Sadiqin (ə) anası Ümmü-Fərvə, Qasim ibn Məhəmməd ibn Əbu Bəkrin qızı idi. O Həzrətin imamlıq müddəti otuz dörd il olmuşdur. Atası İmam Baqir (ə) ona aşkar şəkildə vəsiyyət etmiş, aydın şəkildə və birbaşa olaraq imamlığını bildirmişdir.

İmam Sadiqin (ə) övladlarının adları və onların sayı haqqında məlumat

İmam Sadiqin (ə) on övladı olub:
1. İsmal;
2. Abdullah;
3. Ümmü-Fərvə;
Bu üç övladın anası İman Zeynülabidinin (ə) oğlu olan Hüseynin qızı
Fatimədir.
4. İmam Musa Kazim (ə)
;
5. İshaq;
6. Məhəmməd;
Bu övladların anası Ümmü-Vələddir.
7. Abbas;
8. Əli;
9. Əsma;
10. Fatimə.
Bu övladlar da bir anadan dünyaya gəliblər.

Qeyd olunmuş məlumatlar Şeyx Mufidin Azərbaycan dilinə tərcümə olunmuş “əl-İrşad” kitabından götürülmüşdür.

Hadis.az