Mütəvatir xəbər - leksik və terminoloji mənası

Öncəki məqalələrin birində xəbərlərin əsasən iki qismə bölündüyünü qeyd etmişdik:

  1. Mütəvatir xəbərlər;
  2. Vahid xəbərlər.

Bu yazımızda mütəvatir xəbərlər barədə söhbət açacağıq.

Leksik mənası

Mütəvatir lüğəvi olaraq arada zaman fasiləsi olmaqla bir-birinin ardınca gəlmək mənasını ifadə edir. Məsələn, Allah-taala buyurur:

ثُمَّ أَرْسَلْنَا رُسُلَنَا تَتْرَىٰ

“Sonra bir-birinin ardınca elçilərimizi göndərdik”.[1]

Bu ayədə “bir-birinin ardınca” sözünün ərəbcə qarşılığı “tətra” kəlməsidir ki, bu da “mütəvatir” sözü ilə eyniköklüdür.

Terminoloji mənası

Şeyx Abdullah Maməqani (r) “Miqbasul-hidayə” kitabında yazır:

“Mütəvatir xəbərə bir-birinə bənzər müxtəlif təriflər vermişlər. Onların ən yaxşısı bu tərifdir: “Mütəvatir xəbər elə bir toplumun xəbəridir ki, saylarının çoxluğu onların qəsdən yalan danışmaq üzərində sözləşmələrini mümkünsüz edir. Belə bir toplumun xəbərinə (onun doğruluğuna dair) əminlik hasil olur. Baxmayaraq ki bu çoxluqdan əminliyin hasil olmasında xəbərin gərəkli tutduğu müəyyən səbəblərin də dəxaləti var”.[2]

Tərifdən məlum olur ki, bir nəfərin, yaxud sayları az olan bir neçə nəfərin çatdırdığı xəbər mütəvatir deyil. Həmçinin məlum olur ki, saylarının çoxluğuna baxmayaraq doğruluğuna dair əminlik gətirməyən xəbər də mütəvatir xəbər sayılmır. Əgər belə bir xəbər say çoxluğuna görə yox, sırf başqa səbəbə görə əminlik faydası versə, yenə də mütəvatir deyil. Məsələn, məsum şəxslərin verdiyi xəbərin doğruluğuna əmin oluruq. Lakin bu əminlik onların sayına görə yox, məsum olduqlarına görədir.

“Baxmayaraq ki bu çoxluqdan əminliyin hasil olmasında xəbərin gərəkli tutduğu müəyyən səbəblərin də dəxaləti var” – cümləsinin mənası budur ki, bəzən xəbərin doğruluğuna dair hasil olan əminliyin səbəbi xəbər verənlərin saylarının çox olmasından əlavə başqa səbəblər də ola bilir. Məsələn, xəbər verənlərin hamısının, yaxud bəzilərinin doğru danışan və etibarlı şəxs olması, yaxud xəbəri eşidən şəxsin iti düşüncəli bir şəxs olması və s. Yəni hasil olan əminliyə səbəb xəbər çatdıranların say çoxluğundan əlavə qeyd etdiyimiz səbəblər də ola bilər. Əlbəttə, əgər əminliyə səbəb sırf qeyd etdiyimiz cəhətlər olsa, bu zaman xəbər mütəvatir sayılmayacaq. Bu dediyimizi bəndlər əsasında bu cür qruplaşdıra bilərik:

Xəbərin doğruluğuna əmin oluruq, çünki:

  1. bu xəbəri çatdıranların sayı elə bir həddədir ki, onların yalan üzərində sözləşməsi qeyri-mümkündür;
  2. bu xəbəri çatdıranların sayı çoxdur və onların bəzisi, yaxud bir çoxu doğrudanışan kəslərdir;
  3. bu xəbəri çatdıranlar elə kəslərdir ki, onların yalan danışması qeyri-mümkündür; yaxud bu xəbərdə deyilənlərin başqa bir əminlik gətirən dəlili var.

Burada a və b bəndlərinə aid olan xəbərlər mütəvatir xəbər hesab olunur. Birinci bənddə əminliyə səbəb sırf sayın çoxluğudur. İkinci bənddə isə say çoxluğundan əlavə digər cəhətlərin də olması əminliyə səbəb olur. Lakin sonuncu bəndə aid olan xəbərlər mütəvatir deyil. Çünki burada əminliyin hasil olmasında say çoxluğunun heç bir əhəmiyyəti yoxdur. Deməli mütəvatir xəbərlərdə xəbər verənlərin sayının çox olması şərtdir. Lakin bu şərt əminliyin hasil olması üçün yeganə səbəb deyil. Həmçinin məlum oldu ki, hasil olan əminlikdə say çoxluğunun dəxaləti olmalıdır. Əgər bu əminlik sırf başqa səbəbə görə hasil olsa, xəbər verənlərin sayı çox olsa belə hədis mütəvatir hesab olunmur.

Əli Abdullah

Hadis.az


[1] Muminun, 45.

[2] Miqbasul-hidayə, c. 1, səh. 89-90.

Istifadə olunan terminlər

Tövsiyə olunan

Mütəvatir xəbər - leksik və terminoloji mənası

Mütəvatir xəbər - leksik və terminoloji mənası

İlkin terminlər - mətn, sənəd, təriq, şeyx

İlkin terminlər - mətn, sənəd, təriq, şeyx

İlkin terminlər - xəbər, əsər, rəvayət

İlkin terminlər - xəbər, əsər, rəvayət