Mütəvatir xəbərin şərtləri

Mütəvatir xəbərin şərtlərini iki bənddə qruplaşdıra bilərik:

  1. Xəbərin mütəvatir ola bilməsi üçün lazım olan şərtlər;
  2. Mütəvatir xəbərin eşidəni əminliyə çatdırması üçün lazım olan şərtlər.

İlk öncə birinci bəndə aid olan şərtlərdən başlayırıq. Xəbərin mütəvatir ola bilməsi üçün aşağıdakı şərtlər lazımdır:

a. Xəbəri nəql edənlərin sayı elə bir həddə yetişməlidir ki, onların yalan üzərində sözləşmələri adətən qeyri-mümkün olsun. Məsələn, 20 nəfər şəxs ayrı-ayrı vaxtlarda gəlib bir nəfərin ölüm xəbərini versə, biz o şəxsin həqiqətən də öldüyünə əmin oluruq. Çünki sayları bu qədər çox olan kəslərin qəsdən yalan danışmaq barədə sözləşmələrinə ehtimal belə vermirik.

Bu cür bir toplumun sayının nə qədər olması barədə hədis və üsul alimləri müxtəlif rəylər bildirsələr də, əksər alimlər müəyyən bir ədədi şərt bilməmişlər. Çünki burada əsas meyar bu çoxluq səbəbilə insanda xəbərin doğruluğuna əminliyin hasil olmasıdır. Məsələn, xəbəri nəql edən 10 nəfərin bəzisi doğru  danışan kəslər olsalar, insan xəbərin doğru olmasına əmin olur. Əgər bu 10 nəfərin hamısı zəif və yalan danışan şəxslər olsa, mümkündür ki, saylarının 10 nəfər olmasına baxmayaraq, insanda əminlik hasil olmasın. Bu zaman sayın daha çox olmasına ehtiyac yaranır. Buna görə də mütəvatir xəbəri nəql edənlərin insanda əminlik hasil etmək üçün lazım olan sayları onların kimliyindən və xəbərin növündən asılı olaraq müxtəlif ola bilər.

b. Nəql edilən xəbərin mütəvatir ola bilməsi üçün onu nəql edən kəslərin verdikləri xəbərə əmin olmaqları şərtdir. Əgər güman və zənn əsasında xəbər versələr, belə bir xəbər mütəvatir sayılmaz. Məsələn, bir qrup insan: “Deyəsən, ağacda göyərçin gördük”, ­– kimi bir xəbər versə, bu zaman xəbəri eşidən kəsdə ağacda olan varlığın göyərçin olmasına dair əminlik hasil olmur.

Lakin bunu da qeyd etmək lazımdır ki, bu cür xəbərlər müəyyən cəhətə görə mütəvatir sayıla bilər. Məsələn, yuxarıda qeyd edilən xəbəri eşitsək, biz həmin şəxslərin həqiqətən də ağacda nəsə gördüklərinə əmin oluruq. Baxmayaraq ki həmin şeyin göyərçin olmasına əmin ola bilmirik. Deməli, bu xəbər ağacda həqiqətən də nəyinsə olması barədə mütəvatirdir.

c. Xəbərdə nəql olunanlar (hadisə və ya deyilmiş bir söz) hiss üzvləri ilə dərk edilə bilən olmalıdırlar. Yəni xəbər ya gözlə görülən bir hadisə, yaxud qulaqla eşidilən bir söz olmalıdır. Verilən xəbər isbatı üçün elmi dəlillərə ehtiyacı olan bir iddiadan ibarət olsa, belə bir xəbəri çox adam nəql etsə də, mütəvatir sayıla bilməz. Məsələn, bir qrup insan: “Aləm hadisdir”, – desə, biz aləmin doğrudan da hadis olmasına əmin ola bilmirik. Çünki aləmin hadis olması dəlillə isbat olunmağa ehtiyaclı olan bir fikirdir. Yəni belə bir xəbər sırf bir qrup insan tərəfindən nəql edilib deyə onu mütəvatir saymaq olmaz.

Lakin qeyd edək ki, əgər belə bir xəbər məsumdan nəql olunarsa, bu zaman xəbərin doğruluğuna əmin olarıq. Məsələn, sayları lazımi həddə olan bir qrup ravi bizə İmam Sadiqin (ə): “Aləm hadisdir”, – deyə buyurduğunu nəql edərsə, biz həm İmamın (ə) belə bir söz buyurduğuna, həm də aləmin həqiqətən də hadis olmasına əmin olarıq.

d. Xəbərin əvvəl, axır və orta təbəqəsində əminlik gətirmək üçün lazım olan say həddi yerində olmalıdır. Birinci təbəqə xəbərə şahid olanlardır. Məsələn, məsumdan onun hər hansı bir feilini görüb, yaxud hər hansı bir kəlamını özündən eşidib nəql edənlər birinci, onlardan eşidib nəql edənlər orta (ikinci) və həmin xəbəri orta təbəqədən eşidib bizə nəql edənlər isə axırıncı təbəqə adlanır. Diqqət etmək lazımdır ki, ortadakı təbəqə bir neçə təbəqədən də ibarət ola bilər. Dəyişməyən əvvəl və axırıncı təbəqələrdir. Yəni birinci təbəqə xəbəri məsumdan eşidən, axırıncı təbəqə isə xəbəri orta təbəqədən eşidib bizə çatdıranlardır. Bu dediklərimizi daha yaxşı başa düşmək üçün aşağıdakı şəkilə baxaq:

 

 

Şəkildə səhabə təbəqəsində olan beş nəfər ravi xəbəri birbaşa məsumdan eşidənlərdir. Bu təbəqə ilk təbəqə sayılır. Sonra səhabələr bu xəbəri öz şagirdlərinə, yəni növbəti təbəqəyə nəql edirlər. Şagirdlərin olduğu təbəqə isə orta təbəqə adlanır. Daha sonra orta təbəqə xəbəri öz şagirdlərinə, yəni “şagirdlərin şagirdi” təbəqəsinə çatdırır. Əgər biz həmin xəbəri bu üçüncü təbəqədən əldə etsək, o zaman bu təbəqə sonuncu təbəqə sayılacaq. Əgər bu təbəqədən sonra dördüncü təbəqə də olsa, o zaman bu üçüncü təbəqə də orta təbəqə hesab olunacaq.

Qısası, şəkilə əsasən, 5 nəfər səhabə məsumdan eşitdiyi xəbəri 5 nəfər şagirdə (və ya tabeinə), onlar da sayları 5 olan şagirdlərinə (və ya tabiut-tabeinə) çatdırmışdır. Bu o deməkdir ki, xəbərin hər təbəqəsində 5 ravi var. Elə isə, yuxarıda qeyd etdiyimiz şərtə əsasən, xəbərin mütəvatir ola bilməsi üçün lazım olan say həddi bütün təbəqələrdə yerində olmalıdır. Məsələn, 10 nəfər səhabənin nəql etdiyi xəbər, daha sonra 13 nəfər şagirdin, sonrakı təbəqədə isə 12 nəfər şagirdlərin şagirdlərinin xəbəri hər təbəqədə olan saya görə insana əminlik gətirirsə, bu xəbər mütəvatir hesab olunur. Çünki hər təbəqədə mütəvatir xəbərin şərti yerindədir. Lakin təbəqələrin birində bir və ya bir neçə nəfər olsa, belə bir xəbər mütəvatir sayılmayacaq.

İndi isə ikinci bəndə aid olan şərtləri izah edək. Mütəvatir xəbərin eşidəni əminliyə çatdırması üçün lazım olan şərtlər əsasən aşağıdakılardır:

a. Xəbəri mütəvatir yolla eşidənin özü xəbərə şahidlik etməyən şəxslərdən olmalıdır. Məsələn, bir şəxs Zeyd adlı birinin öldüyünü görüb, bununla da onun ölümünə əmin olsa, daha sonra 100 nəfər belə Zeydin ölüm xəbərini ona çatdırsa, o bu xəbərdən yeni bir əminlik əldə etmiş olmaz. Çünki o, bu xəbərdən əvvəl əminliyə çatmışdır. Buna görə də 100 nəfərin həmin xəbəri mütəvatir olsa da, belə bir şəxs üçün əminlik ifadə etməyəcək.

b. Xəbəri eşidən şəxsin zehni əvvəlcədən xəbərin əksini ifadə edən başqa şübhələrlə dolu olmamalıdır. Həmçinin xəbəri eşidən şəxsin bu xəbərin əksini deyənlərə kor-koranə təqlid edənlərdən olmaması labüddür. Şeyx Abdullah Maməqani (r) yazır: “Bu şərti ilk dəfə deyən Seyid Mürtəza (r) olmuşdur və bəzi mühəqqiqlər də ona tabe olublar. Bu şərt çox güclü bir şərtdir. Məhz bu şərtin köməyi ilə müşriklərin, yəhudilərin, xaçpərəstlərin və digərlərinin Peyğəmbərin (s) möcüzələri barədə dediklərinə cavab verilir... Həmçinin bu şərt vasitəsilə müxaliflərin İmam Əlinin (ə) imamətini inkar etmələrinə cavab verilir” .[1]

Məsələn, müxaliflərə İmam Əlinin (ə) imamətinə dəlalət edən xəbərlərin mütəvatir həddində olduğunu dedikdə onlar bu xəbər bizi əminliyə çatdırmır, buna görə də bu xəbərlər mütəvatir ola bilməz deyirlər. Biz isə bu şərtə əsasən onlara belə cavab veririk ki, mütəvatir xəbərin əminlik faydası verməsi üçün ilk öncə qəlbinizi sizdən əvvəlki alimlərinizin qoyub getdiyi şübhələrdən və kor-koranə təqlid etdiyiniz kəslərin fikirlərindən təmizləməlisiniz. Yəni İmam Əlinin (ə) imaməti barədə olan xəbərlər mütəvatirdir, lakin sizin qəlbiniz şübhə və kor-koranə təqlidçiliklə dolu olduğu üçün bu xəbərlərdən əminlik əldə edə bilmirsiniz.

Müvafiq kitablarda mütəvatir xəbərin digər şərtləri də qeyd olunmuşdur. Lakin onların əksəriyyəti qəbul edilmədiyindən burada qeyd edib uzunçuluğa yol vermək istəmirik.

Əli Abdullah

Hadis.az


[1] Miqbasul-hidayə, c. 1, səh. 106.

Istifadə olunan terminlər

Tövsiyə olunan

İlkin terminlər - xəbər, əsər, rəvayət

İlkin terminlər - xəbər, əsər, rəvayət

İlkin terminlər - hədis

İlkin terminlər - hədis

Mütəvatir xəbərin qismləri

Mütəvatir xəbərin qismləri

İlkin terminlər - mətn, sənəd, təriq, şeyx

İlkin terminlər - mətn, sənəd, təriq, şeyx

Mütəvatir xəbər - leksik və terminoloji mənası

Mütəvatir xəbər - leksik və terminoloji mənası