Mütəvatir xəbərin qismləri
Mütəvatir xəbər əsasən iki qismə bölünür:
Ləfzi mütəvatir o mütəvatir xəbərlərə deyilir ki, xəbəri nəql edənlərin sözləri, başqa ifadə ilə desək, nəql olunan xəbərlərin sözləri bütün xəbərlərdə eynidir. Bəzi xəbərlərdə eynilik xəbərin bütün sözlərində, bəzi xəbərlərdə isə xəbərin bəzi sözlərində olur. Məsələn, ləfzi mütəvatirə Peyğəmbərin (s) bu hədisini misal vururlar: “Kim mənim adımdan qəsdən yalan danışsa, cəhənnəmdə öz yerini hazır bilsin”.[1] Bu hədis bütün sözləri eyni olan ləfzi mütəvatirlərə aiddir. Amma bəzi hədislər var ki, onların bütün sözləri yox, bəzi sözləri mütəvatirdir. Məsələn, “Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır” hədisi, həmçinin “Mən sizin aranızda iki ağır əmanət qoyub gedirəm: Allahın Kitabı və mənim itrətim” hədisi bu qəbil ləfzi təvatürlərdəndir. Bu hədislərdə nəql olunan sözlərin eyniliyi qeyd etdiyimiz hissələrdə olduğu üçün, məhz bu hissələrində mütəvatir hesab olunurlar.
Bunu da qeyd edək ki, ləfzi mütəvatirlərdə sözlərin hərbəhərf eyni olması lazım deyil. Eyniliyin sinonim sözlər vasitəsilə olması da kifayətdir. Məsələn, bəzi hədislərdə “pişik pakdır”, bəzilərində isə “pişik təmizdir” ifadələri keçir. Bu cür hədislər mütəvatir həddində olsa, mütəvatir xəbərlərin ləfzi mütəvatir qismindən sayılacaq.
Mənəvi mütəvatir o mütəvatir xəbərlərə deyilir ki, onların sözləri müxtəlif olsa da, dəlalət etdikləri məna eynidir. Mənanın eyniliyinə isə bəzən iltizami, bəzən isə mənadaxili (təzəmmüni) olaraq dəlalət edir. İltizami dəlalətə İmam Əlinin (ə) şücaəti barədə olan xəbərləri misal vurmaq olar. Belə ki, İmam Əlinin (ə) Bədrdə, Uhudda, Xəndəkdə, Xeybərdə, həmçinin digər döyüş və hadisələrdə göstərdiyi şücaət və qəhrəmanlığını nəql edən çoxsaylı xəbərlər mövcuddur. Bu xəbərlər başqa-başqa günlərdə baş vermiş müxtəlif hadisələrdən danışır. Lakin insan bu xəbərləri oxuduqda onların İmam Əlinin (ə) şücaətli olmasına dəlalət etdiyini görür. Çünki onların bəzisində həzrətin necə Peyğəmbəri (s) meydanda tək qoymadığı, bəzilərində düşmənə təkrar-təkarar hücum etdiyi, bəzilərində Xeybər qalasının qapısını təkbaşına yerdən götürüb özünə qalxan qərar verdiyi və s. hadisələr nəql olunur. Bütün bunlar həzrətin şücaətli olmasının göstəriciləridir. Həmin xəbərlər ayrı-ayrılıqda mütəvatir deyillər. Lakin birlikdə məna etibarilə İmam Əlinin (ə) şücaətli olmasına dəlalət etdiyi üçün deyirik ki, İmam Əlinin (ə) şücaətli olması mütəvatir xəbərlərlə sabit olmuşdur.
Bəzi mütəvatir xəbərlər isə mənanın eyniliyinə mənadaxili (təzəmmüni) olaraq dəlalət edir. Məsələn, fərz edək ki, bir xəbərdə deyilir: “Zeyd Əmri əli ilə vurdu”. İkinci xəbərdə “Zeyd Əmri vurdu”, üçüncü xəbərdə “Zeyd Əmri çomaqla vurdu”, dördüncü xəbərdə isə “Zeyd Əmri təpiklə vurdu” deyilir. Bu xəbərlər arasında müştərək məna bundan ibarətdir: “Zeyd Əmri vurdu”. Bu cür xəbərlərin sayı çox olarsa, “Zeydin Əmri vurması” xəbəri mütəvatir hesab olunacaq. Çünki xəbərlərdə Zeydin Əmri nə ilə vurması fərqli şəkildə nəql olunsa da, onların hamısı mənadaxili olaraq Zeydin Əmri vurmasını bildirir. Yəni bu xəbərlər hər nə qədər müxtəlif olsa da, bir məsələ — “Zeydin Əmri vurması” dəqiq və inkar olunmazdır. Deməli, bu cür xəbərlər mənadaxili dəlalətlə mütəvatir hesab olunur.
Əli Abdullah
Hadis.az
[1] Şeyx Səduq, Xisal, səh. 255.
Qeyd olunan məsumlar
Qeyd olunan kitablar
Tövsiyə olunan
Copyright 2025 Hadis.Az