İmam Museyi Kazim (ə)
İmam Museyi Kazim (ə)
İmam Sadiqdən (ə) sonrakı imam onun oğlu Əbülhəsən Musa ibn Cəfərdir (ə), çünki bütün üstün sifətlər və fəzilətlər onda cəm olmuş, həqiqi mənada kamala çatmışdır. Atasından onun imam olmasına dair açıq-aşkar şəkildə buyuruqlar vardır. İmam Kazim (ə) hicrətin 128-ci ilində (Məkkə ilə Mədinə arasında yerləşən) Əbva kəndində dünyaya gəlmiş, hicrətin 183-cü ilinin Rəcəb ayının bitməsinə altı gün qalmış Bağdadın “Sindi ibn Şahək” zindanında vəfat etmişdir. Vəfat etdiyi gün İmam Kazim (ə) əlli beş yaşında idi. İmamın (ə) anası “Ümmü-Vələd” deyə tanınan Həmidə Bərbəriyyə idi. Atasından sonra Həzrət Kazimin (ə) imamlıq müddəti otuz beş il sürdü. Onun künyəsi Əbu İbrahim və Əbülhəsəndir. “Əbu Əli” və “Əbdi-Saleh” kimi də tanınmışdır. Həmçinin (ona) “Kazim” də deyilərdi.[1]
İmam Kazimin övladları, onların adları və sayları haqqında məlumat
İmam Kazimin (ə) oğlan və qız olaraq otuz yeddi övladı var idi:
1. Əli (İmam Rza);
2. İbrahim;
3. Abbas;
4. Qasim;
5. İsmayıl;
6. Cəfər;
7. Harun;
8. Həsən;
9. Əhməd;
10. Məhəmməd;
11. Həmzə;
12. Abdullah;
13. İshaq;
14. Übeydullah;
15. Zeyd;
16. Həsən;
17. Fəzl;
18. Hüseyn;
19. Süleyman;
20. Fatimeyi-kübra;
21. Fatimeyi-suğra;
22. Rüqəyyə;
23. Həlimə;
24. Ümmü-əbiha;
25. Rüqəyyə suğra;
26. Ümmü-Cəfər;
27. Lübabə;
28. Zeynəb;
29. Xədicə;
30. Aliyə;
31. Aminə;
32. Hasənə;
33. Büreyhə;
34. Aişə;
35. Ümmü-Sələmə;
36. Məymunə;
37. Ümmü-Külsüm.
Bu övladlar bir neçə qadından dünyaya gəlmişlər.
İmam Kazimin (ə) övladları arasında ən fəzilətlisi, elmlisi və təqvalısı Əbülhəsən Əli ibn Musa Rza (ə) idi.
Əhməd ibn Musa da çox hörmətli və abid bir şəxs idi. İmam Kazim (ə) onu çox sevirdi. “Bəsirə” deyə tanınan fermasını ona hədiyyə etmişdi. Nəql edirlər ki, Əhməd ibn Musa ömrü boyunca min kölə azad etmişdi.
İmam Kazimin (ə) oğullarından olan Məhəmməd də dəyərli bir şəxs olub, abidliyi və yaxşılıqsevər olması ilə tanınırdı. Həsən ibn Məhəmməd babası Yəhyadan belə nəql edir: “İmam Kazimin (ə) qızı Rüqəyyənin xidmətçisi olmuş Haşimi deyir: “Məhəmməd ibn Musa dəstəmaz və namaz əhli idi. O, daim dəstəmazlı olar, gecələr bir az yataraq qalxıb dəstəmaz alar, namaz qılar, sonra bir az yatar, sonra yenə də qalxıb dəstəmaz alaraq namaz qılardı. O, sübhə qədər bunu bir neçə dəfə təkrar edərdi. Mən hər dəfə onu görəndə Allah-taalanın bu ayəsini zikr edərdi: “Onlar gecənin az bir hissəsini yatırdılar” (“Zariyat” surəsi, 17-ci ayə)”.
İmam Kazimin (ə) oğullarından olan İbrahim də olduqca cəsur və igid bir şəxs olaraq tanınırdı. Məhəmməd ibn Zeyd ibn Əli ibn Hüseyn xəlifə Məmuna qarşı üsyan edib Kufədə hökümət qurduğu zaman İbrahim ibn Musa Yəmənə vali olaraq təyin edilmişdi. Sonra Abbasilər Məhəmməd ibn Zeydin hökümətini aradan aparanda İbrahimə aman verdilər.
Əlbəttə ki, İmam Kazimin (ə) övladlarının hər birinin ayrı-ayrılıqda fəzilətləri vardır. Onların arasında Əli ibn Musa Rza (ə) fəzilətdə daha öndə idi. Təəssüflər ki, bu xülasəmizdə İmam Kazimin (ə) bütün övladlarını qeyd edə bilmirik.[2]
İmam Kazimin (ə) fəzilətlərindən bəziləri
Həzrət Musa ibn Cəfər (ə) öz dövründə ən abid, ən bilikli fəqih (alim) və ən səxavətli şəxs olmuşdur. Rəvayət olunur ki, o Həzrət sübhə qədər gecə namazı qılır və gün çıxanadək namazın müstəhəb əməllərini yerinə yetirirdi. Gün çıxdıqda səcdəyə gedib dua, həmd-səna edər, günortaya qədər başını səcdə halından qaldırmaz və dua edərək belə deyərdi:
اللهم إني أسألك الراحة عند الموت، والعفو عند الحساب
“İlahi! Səndən ölüm vaxtı rahatlıq, hesab vaxtı isə əfv rica edirəm!”
Həzrət bu duanı dəfələrlə təkrar edirdi. O Həzrətin başqa bir duası isə belə idi:
عظم الذنب من عبدك فليحسن العفو من عندك
“İlahi! Bəndənin günahları böyükdürsə, Sənin də əfv və güzəştin gözəldir!”
İmam (ə) Allah qorxusundan (həyasından) o qədər ağlayırdı ki, saqqalı göz yaşları ilə islanırdı. İmam (ə) öz ailəsi və qohumları arasında mehriban rəftarı ilə hamıdan seçilirdi. O, gecələr Mədinə yoxsullarına nəvaziş və məhəbbət göstərirdi. Pul, qızıl, gümüş, un və xurma ilə dolu olan zənbilləri onlar üçün aparar və (onlara) çatdırırdı. Yoxsullar həmin zənbillərin haradan və kim tərəfindən gəldiyini bilmirdilər.
1 - Həsən ibn Məhəmməd ibn Yəhya (öz sənədi ilə) Məhəmməd ibn Abdullah Bəkridən belə nəql edir: “Mədinəyə daxil olub borca pul axtarmaq qərarına gəldim, amma əlim heç yerə çatmadığından çarəsiz qaldım. Öz-özümə belə dedim: “Yaxşı olar ki, Musa ibn Cəfərin (ə) hüzuruna gedim və öz çətinliyimi ona deyim”. Bu qərarla İmam Kazimin (ə) əkin sahəsinin yerləşdiyi Mədinəyə yaxın olan “Nəqmə” adlı kəndə tərəf yollandım. İmam (ə) məni gördü və mənə tərəf yaxınlaşdı. Orada İmamla (ə) birlikdə əlində xəlbir tutan qulam da var idi. Xəlbirin arasında qulamın bişirdiyi tikə-kababdan savayı heç nə yox idi. İmamla (ə) birlikdə mən də o kababdan yedim. İmam Kazim (ə) məndən hal-əhval soruşdu, mən də sərgüzəştlərimi ona danışdım. O Həzrət evə daxil olub bir müddət sonra geri qayıtdı və qulamına belə buyurdu: “Buradan get!” Sonra əlini uzadıb üç
yüz dinarlıq pul kisəsini mənə verdi. Sonra qalxıb getdi, mən də qalxıb öz atıma minib qayıtdım”.
2 - Həsən ibn Məhəmməd (öz sənədi ilə) belə nəql edir: “Mədinədə Ömər ibn Xəttabın övladlarından olan bir kişi Həzrət Musa ibn Cəfəri (ə) incidir, onu və cəddi Həzrət Əlini (ə) təhqir edirdi. Bir gün İmamın (ə) dostları o Həzrətə belə ərz etdilər: “İcazə verin, bu cinayətkar və kobud kişini öldürək”. İmam (ə) bu sözə müxalif olub onları bu işdən çəkindirdi və onun haqqında sorğu-sual etməyə başladı. İmamı (ə) xəbərdar etmək üçün
ərz dedilər: “Mədinənin ətrafında əkinçiliklə məşğul olur”. İmam (ə) miniyinə süvar olub o kişinin əkin sahəsinə tərəf yollandı. Elə süvari halda da əkin sahəsinə daxil olduqda o kişi fəryad edib dedi: “Bizim əkin yerimizi əzmə!” İmam (ə) miniyi irəli sürərək kişinin kənarında yerə endi və onun yanında əyləşdi. Təbəssüm edərək sözə başladı və kişidən əkin sahəsinin nə qədər xərci olduğunu soruşdu. Kişi dedi: “Yüz dinar”. İmam (ə) soruşdu: “Nə qədər qazanc əldə edəcəyinə ümid edirsən?” Kişi dedi: “Mənim qeybdən xəbərim yoxdur” (nə qədər qazanc əldə edəcəyimi bilmirəm). İmam (ə) buyurdu: “Səndən ümid etdiyin məbləği soruşdum (nə qədər məbləğ əldə edəcəyini deyil)”. Kişi dedi: “Ümid edirəm ki, bu əkindən mənə iki yüz dinar çatacaq”. İmam (ə) üç yüz dinarlıq pul kisəsini çıxarıb buyurdu: “Bunu al! Əkin-biçinin də istədiyin kimi olsun! Allah ümid etdiyini sənə çatdırsın!”
Ravi deyir: “O kişi qalxıb İmamın (ə) alnından öpdü və ədəbsizlik etdiyinə görə üzr istədi. Musa ibn Cəfər (ə) təbəssüm edib qayıtdı. (Bu hadisədən bir müddət sonra) İmam (ə) məscidə getdi. Həmin kişi də orada idi. O, İmamı (ə) görən kimi belə dedi: “Allah öz risalətini (dinini) hansı sülaləyə tapşırmağı yaxşı bilir!” Onun dostları ətrafına toplaşıb soruşdular: “Nələr baş verib? Sən ki həmişə bu kişini söyüb təhqir edirdin?!” O dedi: “Deyəcəyim sözlər elə bunlar idi və bundan başqa daha heç nə deməyəcəyəm!” Həmin kişi bu sözləri deyib İmam Kazim (ə) üçün dualar etməyə başladı. Onlar onu danışmağa, mübahisəyə çəkmək istəsələr də, kişi yenə də eyni cavabı verirdi. Bu zaman İmam Musa ibn Cəfər (ə) evdən qayıdıb Ömərin övladlarından olan kişini öldürmək istəyənlərə belə buyurdu: “Hansı yol daha yaxşı idi?! Sizin etmək istədiyiniz, yoxsa mənim etdiyim?! Onun işini bildiyiniz məbləğlə nizama saldım və bununla da özümü onun şərindən amanda saxladım”.
Alimlərdən bəziləri deyirlər ki, İmamın (ə) bəxşişi iki yüz dinardan üç yüz dinara qədər idi. İmam Kazimin (ə) əta etdiyi pul kisələri başqalarına nümunə olması üçün idi.
3 - Əbu Zeyd nəql edərək deyir: “Məhəmməd ibn Həsən Məkkədə, Harunun hüzurunda İmam Musa ibn Cəfərdən (ə) soruşdu: “Mührim (əynində həcc və ya ümrə ziyarətinə aid ehram paltarı geyən) şəxsin öz məhmilinin (dincəlmək və istirahət üçün olan bir yerin) tavanının kölgəsi altına getməsi caizdirmi?” İmam (ə) buyurdu: “Seçim və ixtiyarı olan halda caiz deyildir”. Məhəmməd ibn Həsən dedi: “İxtiyarı olan halda kölgə altında yol getmək ona caizdirmi?” İmam (ə) buyurdu: “Bəli”. (İmamın (ə) bu cavabına görə) Məhəmməd ibn Həsəni gülmək tutdu (O belə cavab verməsinə görə İmamı (ə) məsxərə etdi). İmam Musa ibn Cəfər (ə) buyurdu: “Allah rəsulunun (ə) əmrinə təəccüb edib, onu məsxərə edirsən? Allah rəsulu (s) mührim halında məhmilin tavanını (kölgəsində olmamaq üçün) götürdü, lakin kölgənin altında yol getdi. Ey Məhəmməd! Allahın hökmlərində qiyas etmək (müqayisə aparmaq) olmaz. Kim bir hökmü digər bir hökmlə
müqayisə edərsə, doğru və düzgün yoldan azmışdır”. Sonra Məhəmməd ibn Həsən sakit oldu və İmama (ə) heç bir cavab verə bilmədi”.
İmam Kazimin (ə) fəzilətləri bir kitaba sığmayacaq qədər çoxdur. İmamdan (ə) fənn elmlərinə dair bir çox rəvayətlər nəql edilmişdir. O, zəmanəsinin ən fəqih insanı idi. Quran oxuyarkən hər kəs susub onu dinləyər və bir çoxları özünü saxlaya bilməyib ağlayardı. Mədinə xalqı İamam Kazimi (ə) gecə ibadət edənlərin zinəti olaraq tərifləyərdilər. İmamın (ə) ləqəbi “Kazim” idi, çünki o, zalımların etdiyi bir çox zülm və haqsızlığa qarşı öz qəzəbinə qalib gələn bir şəxs idi.[3]
Qeyd olunmuş məlumatlar Şeyx Mufidin Azərbaycan dilinə tərcümə olunmuş “əl-İrşad” kitabından götürülmüşdür.
Hadis.az
Copyright 2025 Hadis.Az